Ukrayna Rusiyaya məxsus iki tankı vurdu Dünya

Ukrayna Rusiyaya məxsus iki tankı vurdu

Terrorçular içərisində 25 uşağın olduğu avtobusu Rusiyaya qaçırıblar

Cavid

Ukraynanın şərqində vəziyyət daha da gərginləşib. Rusiyanın aqressiv siyasətindən əl çəkməməsi və terrorçuları silah-sursatla mütəmadi təmin etməsi iki ölkə arasında toqquşma ehtimallarını da artırır.
Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Rusiyaya aid zirehli texnika sərhədləri keçərək, Ukraynaya daxil olub. Bu məlumatı isə "İnterfax" agentliyi yayıb.
Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, Rusiya tanklarını Ukraynaya sərhəd keçid məntəqələrindən birini ələ keçirən Rusiyapərəst separatçılar buraxıb.
Digər bir xəbərə görə isə Ukrayna sərhədlərini keçib Makeyevkaya çatan Rusiya tankları Donbas şəhərinə istiqamət alıb. Bu barədə şəhər sakinləri məlumat yayıb. Şahidlərin dediyinə görə, bir neçə tankdan ibarət avtomobil karvanının önündə Rusiya bayrağı sancılmış BTR yer alıb.
Ukrayna ordusu Rusiyaya məxsus tanklardan 2-sini vurub. Bundan başqa, 3 ədəd "BTR", üzərində iri çaplı pulemyot quraşdırılmış 2 avtonəqliyyat vasitəsi, eləcə də terrorçuları və silah-sursat daşıyan 2 ədəd yük avtomobili məhv edilib. Əlavə olaraq, Rusiya sərhədi yaxınlığında Rusiyadan Ukrayna ərazisinə soxulan 3 avtomobil karvanı ələ keçirilib.
Bir qədər öncə isə "5-ci kanal"ın efirində çıxış edən UDAR partiyasından deputat Sergey Kaplin narahatlığını gizlətməyib. O bildirib ki, rus tanklarının sərhədi keçməsinin adı müharibənin başlanması deməkdir. Kaplin Ukrayna hökumətindən təcili addımlar atmağı tələb edib.
Ötən gün Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozu növbəti dəfə Rusiyanı zorakılıqları təhrik etməməyə çağırıb. Gürcüstanda səfərdə olan Avropa rəsmisi qeyd edib ki, Rusiya Ukraynaya müdaxilə etmək üçün şərqi Ukraynadakı yerli rəhbərliyin səlahiyyətindən sui-istifadə etməməlidir.
"Cənab Poroşenko ölkənin şərqində davam edən silahlı qarşıdurmalarla əlaqədar mənə dərin narahatlığını bildirib. Eyni zamanda, Rusiya tanklarının Ukrayna sərhədlərini pozması müşahidə olunub. Rusiya bu kimi hərbi əməliyyatlardan çəkinməlidir".
Qeyd edək ki, ötən gün ATƏT-in müşahidəçi qrupu Rusiyanın Rostov şəhərində olub. Bir qədər əvvəl ölkənin xarici işlər naziri Sergey Lavrov ATƏT rəsmilərini köçkün düşərgəsi ilə maraqlanmağa dəvət etmişdi.
Məlumata görə, Ukraynada davam edən daxili qarşıdurmalardan qaçaraq Rostova sığınan 30 mindən çox insan var.
Dmitriadovka köçkün düşərgəsində olan ATƏT rəsmiləri buradakı insanların vəziyyəti ilə maraqlanıblar. Daha sonra keçirilən iclasda ukraynalı köçkünlər zorakılıqlardan şikayət ediblər.
Məlumata görə, Rusiya hökuməti Ukraynada münaqişələrə son qoymaq məqsədilə ATƏT-in təklif etdiyi "yol xəritəsi"nin icra olunmasını təkid edib.
Onu da vurğulayaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində humanitar dəhlizin yaradılmasına çağırış etsə də, bu istiqamətdə hələlik heç bir addım atılmayıb. Ukrayna hərbi qüvvələri ilə separatçılar arasında təmas xəttini təşkil edən Slovyansk şəhərində insanlar təhlükə altındadır. Bəzi vətəndaşlar məcburən evlərini tərk etməyə başılayıblar.
Yeri gəomişkən, iyunun 12-i Rusiya prezidenti V.Putin və Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub. İki lider Şərqi Ukraynadakı münaqişənin sülh yolu ilə həll olunması üçün müzakirələr aparıb. Həmçinin, onlar Poroşenkonun Ukrayna böhranını həll etmək üçün hazırladığı plan haqqında da söhbət ediblər. Pyotr Poroşenkonun həmkarını şərq bölgəsində qırğının dayandırılmasına yönələn sülh planı barədə məlumatlandırdığı bildirilir. Dövlət başçıları atəşin dayandırılması, münaqişənin dinc yolla çözümü üçün təcili addımlar atılmasının gərəkli olduğunu vurğulayıblar.
Dünənki son xəbərlərə görə, Donetsk və Luqanskda antiterror əməliyyatları həyata keçirən Ukrayna ordusunun əsgərləri tələyə düşüb. Nikolayevski briqadasının əsgərləri Rusiya ilə sərhəd ərazidə atəşə tutulublar. Atəş nəticəsində əsgərlər arasında ölənlərin olduğu bildirilir. Atışma nəticəsində əsgərlərdən iki nəfərin öldüyü, daha 21 nəfərin isə yaralandığı bildirlir.
Kirovqrad şəhərinin xüsusi təyinatlılarının 3-cü kəşfiyyat alayı da separatçıların hücumuna məruz qalıb. Kəşfiyyatçılar Rusiya ilə sərhəd məntəqəsini möhkəmləndirərkən qəfil hücuma məruz qalıblar. Slavyansk yaxınlığında Rusiya ilə Ukrayna sərhədində hələ də döyüşlərin getdiyi bildirilir.
İyunun 12-i gecəsi Donetskdə naməlum adamlar içində 25 uşaq olan avtobusu ələ keçiriblər. Avtobus uşaqları Dneprepetrovsk şəhərinə aparırmış. Bu haqda Donetsk vilayət dövlət administrasiyasının mətbuat xidməti xəbər yayıb.
Mətbuat xidmətinin məlumatına görə, əsasən yetim və evsiz uşaqlardan ibarət şagirdləri döyüşlərdən uzaq, digər sakit yerə yola salmaq istəyiblər. Avtobus blok-postlardan birində dayandırılaraq ələ keçirilib.
"İndi Donetsk vilayət dovlət administrasiyası hadisənin başvermə təfərrüatlarını müəyyənləşdirir. Uşaqların taleyi sual altındadır", - deyə xəbərdə bildirilir.
Ukraynanın Xarici İşlər Nazirliyi isə Donetsk ərazisində terrorçuların uşaqların olduğu avtobusu ələ keçirməsiylə əlaqədar Rusiyaya nota verib. Bu son günlər ərzində Ukraynanın Rusiyaya verdiyi ücüncü notadır. Ukrayna tərəfi bildirir ki, Snejni şəhərinə istirahətə gedən uşaqların avtobusu rusiyameyllilər tərəfindən qaçırılıb. Silahlı insanlar avtobus sürücüsünə zor gücünə hərəkət istiqamətini dəyişdirməyə məcbur edərək nəqliyyat vasitəsini Luqansk ərazisinə yönəldiblər.
Ukrayna diplomatları güman edirlər ki, uşaqlar Rusiyaya aparılıb. Bununla əlaqədar Rostovda yerləşən Ukraynanın baş konsuluna bu informasiyanı yoxlamaq barədə tapşırıq verilib.
Rusiya tərəfinə göndərilmiş notada uşaqların ölkə xaricinə gediş üçün icazə sənədlərinin olmaması göstərilir, buna görə onların ölkədən çıxarılması beynəlxalq cinayətkarlıq kimi qiymətləndirilir.
Ukraynanın Donetsk vilayətində separatçıların növbəti vəhşiliyi qeydə alınıb. Belə ki, separatçılar 14 yaşlı yeniyetmənin gözləri qarşısında onun atasını və bacısını güllələyərək qətlə yetirib. Bu haqda Ukraynanın tanınış jurnalisti Yuri Butsov öz şəxsi profilindən məlumat yayıb.
"Bir az öncə Dneprpetrovska içində yaralılar olan helikopter gəlib. Yaralılar içində 14 yaşlı yeniyetmə də var. Yeniyetmə qumbara qəlpələrindən yaralanıb. Terrorçular Donestk qəsəbəsinin sadə bir ailəsinin evinə daxil olaraq ailəni atəşə tutub. Gəncin gözü qarşısında onun atası və bacısı qətlə yetirilib" - deyə jurnalist bildirib.
Ukraynanın daxili işlər naziri Arsen Avakov öz "Facebook" səhifəsində məlumat verib ki, Ukrayna milli qvardiyasının və ordusunun hissələri Mariupol şəhərində Rusiyayönümlü qüvvələrin bütün əsas istinad nöqtələrini nəzarət altına alıblar.
Avakovun sözlərinə görə, Rusiyayönümlü qüvvələrin zirehli kəşfiyyat-nəzarət maşını vurulub, snayper nöqtələri isə məhv edilib. Ukraynanın daxili işlər naziri iki hərbçinin yaralandığını, Rusiyayönümlü qüvvələrin isə çoxlu itki verdiyini də bildirib.
Daha əvvəl qondarma Donetsk Xalq Respublikasının nümayəndələri də Mariupol şəhərində döyüşlərin getdiyini təsdiq ediblər.
Yeri gəlmişkən, onu da bildirək ki, bu günlərdə Ukraynada seperatçı rejimin nəzarətində olan Slavyansk şəhərinin meri öz qoşunlarının etnik tərkibi ilə bağlı maraqlı bəyanat səsləndirib. Slavyansk döyüşçüləri sırasında azərbaycanlıların da olduğunu iddia edən mer, Ukraynaya qarşı çeçen və s. xalqların nümayəndələrinin də savaşdığını bildirib.
Azərbaycanlıların Ukraynada vuruşması ilə bağlı səslənən iddialar məsələnin hüquqi tərəfini də aktuallaşdırır. Əgər Slavyansk merinin iddiaları doğrudursa və Ukraynada vuruşan soydaşlarımız Azərbaycan vətəndaşlarıdırsa, onlar ölkəmizin qanunları qarşısında məsuliyyət daşıyır. O halda həmin şəxslərin kimliyinin təsbit edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində Azərbaycanın əlaqədar hüquq-mühafizə orqanları iş aparmalıdır.