65 il sonra sülh olacaq? Dünya

65 il sonra sülh olacaq?

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşəcək. İyunun 12-də Sinqapurda baş tutacaq görüş bütün dünyanın diqqətini özünə cəlb edib. Dünyanın aparıcı ekspertlərinin Tramp-Kim Çen In görüşündən böyük gözləntiləri var. "Bu görüşü müəyyən mənada Niksonla Mao Tzedunun görüşü ilə müqayisə ertmək olar"- deyə Con Hopkins Universitetinin eksperti Maykl Madden deyib.
Madden görüşün neytral ərazidə, Sinqapurda keçirilməsini məntiqli hesab edir. Sonuncu dəfə Şimali Koreya və ABŞ 2012-ci ildə nüvə proqramı ilə bağlı görüşmüşdülər. Görüşü əsas məramı Şimali Koreyanın nüvə proqramının ləğv edilməsi olacaq. Kim Çen In bütün Koreya yarımadasının nüvə silahından azad olmasını arzulasa da, Pxenyanın bu silahdan tam imtina edəcəyinə söz verməyib.
"ABŞ Pxenyanın nüvə silahından tam imtina etməsini tələb edəcək. Cənubi Koreya da bu məsələni özü üçün prioritet sayır. Amma unutmayaq ki, Kim Çen In dəfələrlə bu silahdan imtina etməyəcəklərini deyib"- deyə RAND Araşdırmalar Mərkəzinin eksperti Bryus Bennet proqnoz verir.
Şimali Koreya nüvə silahına malik olmasını rəsmiləşdirmək və bunu öz təhlükəsizliyini tam təmin etmək niyyəti ilə həyata keçirsə də, Ağ Evin buna razı olmayacağı aydındır. Məhz bu ziddiyyətlər prezident Bill Klintona Kim Çen Inın atası Kim Çen İrlə görüşməyə mane olmuşdu. Yalnız prezidentliyinin son aylarında Dövlət katibi Madlen Olbraytı danışıqlar üçün Pxenyana göndərmişdi.
Respublikaçı Corc Buş isə əksinə, Pxenyanı İran və İraqla birlikdıə "şər üçbucağı"na daxil etmişdi və heç bir danışıqlar aparmırdı. Onun xələfi Barak Obamanın dövründə isə iki ölkə arasında münasibətlər gərgin olaraq qalmışdı. ABŞ-la danışıqlara ehtiyac dutan Pxenyanın hakimiyyətinin ilk növbədə sanksiyalardan azad olmağa çalışdığı və bunun üçün Vaşinqtonun şərtlərini qəbul edəcəyi gözlənilir. Bu isə dünyanın daha bir gərginlik ocağında sülhün yaranacağına işarədir.
Qeyd edək ki, Donald Tramp Kim Çen Inla birlikdə Koreya yarımadasında müharibəyə son qoyacaq sülh müqaviləsini imzalayacaq. Tərəflər 1950-1953-cü il müharibəsindən sonra artıq 65 ildir ki, sülh sazişi imzalamayıblar.