Putin Trampla Krımı müzakirə etmək istəmir Dünya

Putin Trampla Krımı müzakirə etmək istəmir

Krım Rusiyanın ayrılmaz hissəsidir və prezident Vladimir Putin bunu öz həmsöhbətlərinə dəfələrlə izah edib.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
ABŞ prezidentinin mili təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun "Vaşinqton Krımın Rusiyanın bir hisəsi kimi tanınmasının mümkünlüyünüə açıqdır" ifadəsini şərh edən Peskov qarşıdakı Tramp-Putin görüşündə Krım məsələsinin müzakirəsini istisna edib:
"Rusiya prezidenti öz həmsöhbətlərinə dəfələrlə bəyan və izah edib ki, Krım məsələsi danışıqların gündəliyində ola bilməz və heç zaman da olmayacaq. Çünki Krım Rusiyanın ayrılmaz tərkib hissəsidir".
Kremlin rəsmisi əlavə edib ki, ikitərəfli münasibətlərdəki bütün digər mövzular isə konsensus və müzakirələr tələb edən, mümkün təmas nöqtələrinin axtarılmasına yönələn məsələlərdir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin ilk təkbətək görüşü 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Danışıqlar zamanı ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhran müzakirə olunacaq.