Rus kəşfiyyatı ABŞ-ın işığını söndürəcəkmiş... Dünya

Rus kəşfiyyatı ABŞ-ın işığını söndürəcəkmiş...

Ötən il rusiyalı hakerlər Amerika Birləşmiş Ştatların elektrik şirkətləri şəbəkələrinə çıxış əldə edibmiş. Bu hücum nəticəsində ölkə qaranlığa qərq ola bilərdi.
Bunu bazar ertəsi "The Wall Street Journal" hökumət rəsmilərinə istinadla yazıb. Üstəlik, onlar kampaniyanın hələ də davam etdiyini bildiriblər.
Rusiyada dövlətin himayə etdiyi "Dragonfly", yaxud "Energetic Bear" qrupları üçün çalışan hakerlər 2017-ci ildə "yüzlərlə qurban"ı hədəfə aldıqlarını iddia ediblər. Qəzet bunu Daxili Təhlükəsizlik Departamentinin rəsmilərinə istinadla yazıb.
Hakerlərin saxta mesajlar vasitəsilə qurbanların parollarını əldə etdiyi, təchizatçıların korporativ şəbəkələrinə girdiyi qeyd edilir.
Daxili Təhlükəsizlik Departamenti məsələni, hələlik, şərh etməyib. Ancaq qəzetin yazmasına görə, departament dörd brifinq keçirməyi planlaşdırır və hücumların arxasında rusiyalıların durmasına dəlil axtarır. WSJ-yə danışan təhqiqatçıların fikrincə, hakerlərin bunu daha böyük hücuma hazırlıq məqsədiylə edib-etməməsi aydın deyil.
Bu arada Moskvayla Vaşinqton arasında kibergərginlik artmaqdadır. ABŞ-da böyük federal jüri iyulun əvvəlində 12 rusiyalı kəşfiyyat zabitinə ittiham irəli sürüb. Onlar 2016-cı ilin prezident seçkisi zamanı demokratların namizədi Hillari Klinton və Demokrat Partiyasının kompüter şəbəkələrinə haker hücumlarında suçlanırlar.
Hazırda ABŞ-da xüsusi prokuror Robert Müller Rusiyanın 2016-cı il seçkisində rolunu, respublikaçıların namizədi Donald Trampın seçki kampaniyası ilə Moskvanın mümkün əlbirliyini araşdırır. Rusiya seçkiyə müdaxilə etmədiyini deyir, Tramp da istənilən əlbirliyi danır.