Kəşfiyyatçıların hazırladığı, Trampın icra etdiyi layihə dalana dirənib Dünya

Kəşfiyyatçıların hazırladığı, Trampın icra etdiyi layihə dalana dirənib

Səudiyyə Ərəbistanında hansı liderlə davam etməli?
Prezident Trampla bağlı təhqiqat aparan xüsusi prokuror Müllerin araşdırmalarından qısa fasilələrlə çox maraqlı yeni məlumatlar sızır. Səudiyyə Ərəbistanında Məhəmməd bin Salmanın gələcəyinin müzakirə olunduğu və İrana qarşı yeni embarqo mərhələsinin tarixinin yaxınlaşdığı bir vaxtda sızan son məlumatlar bu konyukturada xeyli maraqlı görünür. "Strateq" "Habertürk"ə istinadən yazır ki, təhqiqat obyekti olan o günlərdə Tramp seçilmişdi, lakin hələ rəsmi olaraq prezidentlik kürsüsünə oturmamışdı. Milli təhlükəsizlik müşavirliyinə namizədi də Maykl Flin idi.
Ağ Evin gələcək milli təhlükəsizlik strategiyalarının işlənib hazırlanması üçün Nyu-Yorkda ard-arda toplantılar keçirilirdi. Bu toplantıların baş tutması üçün Birləşmiş Ərəb Əmirliyinin rəhbərliyinə çox yaxın olan Livan əsilli amerikalı Corc Naderin vasitəçilik etdiyi ortaya çıxdı. Nader indi Müllerin apardığı təhqiqatda dövlət şahidi (etirafçı – tərc.) olub.
Bu keçid dövründə ən aktiv olan ölkələr arasında İsraillə birlikdə, Səudiyyə Ərəbistanı da vardı. Həmin günlərdə Səudiyyə Ərəbistanının kəşfiyyat rəhbəri olan general Əhməd əl-Asiri tez-tez Nyu-Yorka gələrək, yeni seçilmiş Prezident Trampın xarici siyasət və milli təhlükəsizlik komandaları ilə toplantılar keçirirdi. Müllerin apardığı təhqiqatdan sızan məlimatlar İranda da rejimin dəyişdirilməsi məsələsini gündəliyə məhz general Asirinin gətirdiyini göstərir.
Qeydlərə görə, baş verən bütün hadisələrin pərdə arxasında o dövrdə Trampa çox yaxın olan Stiv Bennon da görünür. Yeni ortaya çıxan məlumatlara görə, bu görüşlərin önəmli bölümünə İsrail kəşfiyyatına yaxın olan şəxslər də qatılıb. Bu şəxslərdən birinin İsrail sosial media strateqi Coel Zamel olduğu da sızan məlumatlar arasında yer alır. Ayrıca, o da aydın olur ki, Corc Nader İrana yönəlik iqtisadi təxribatların aparılması fikrini, demək olar ki, hər toplantıda səsləndirib və bu, detallı bir şəkildə müzakirə olunub.
Anlayacağınız odur ki, Trampın yürütməli olduğu Orta Şərq strategiyası o hələ prezident olaraq vəzifəsinin icrasına başlamamışdan öncə, Nyu-Yorkda kəşfiyyatçılar tərəfindən çoxdan hazırlanmışdı. Tramp rəsmi olaraq öz vəzifəsinin icrasına başlar-başlamaz, kürəkəni Cared Kuşnerə, xüsusilə Məhəmməd bin Salmanla dostluq münasibəti olduğundan, İsraillə Səudiyyə Ərəbistanı arasında koordinasiyanı təmin etmək vəzifəsini verdi və nəticədə işlər bu vəziyyətə gəldi. Hazırda Vaşinqtonda bu strategiyanın arası kəsilmədən davam etdirilib-etdirilməyəcəyi və əgər davam etdiriləcəksə, Səudiyyə Ərəbistanında hansı liderlə davam etdiriləcəyi aktiv şəkildə müzakirə edilir.