ABŞ-ın əks-hücumu bu ölkəni xəritədən silər – Rus ekspert Dünya

ABŞ-ın əks-hücumu bu ölkəni xəritədən silər – Rus ekspert

Şimali Koreyanın nüvə probleminin həlli ya hərbi, ya da çox sərt diplomatik vasitələrlə mümkün ola bilər.
Bu sözləri rusiyalı politoloq, Uzaq Şərq üzrə ekspert Yuri Moskalenko ABŞ və Koreya liderlərinin görüşünü şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, bu kimi zirvə görüşləri prosesin ziyanınadır:
“Belə görüşlər adətən lazımsız illuziyalar yaradır və problemin real həllindən uzaqlaşdırır. Artıq bir il, il yarım sonra Şimali Koreya ABŞ ərazisinə nüvə hücumu etmək imkanına malik olacaq. Şimali Amerika, Asiya, Avropa, Afrika, hətta Avstraliya belə Koreya raketləri təhlükəsi altındadır. Nisbi təhlükəsizliyə sahib olan yeganə ərazi Cənubi Amerikadır”.
Politoloqun fikrincə, Moskva və Pekin Koreya yarımadasında mövcud status-kvonun qorunması tərəfdarıdır:
“Lakin buna güvənib Koreya yarımadasının nüvəsizləşməsinə yalnız sülh və diplomatik yolla nail olunacağına inanmaq tamamilə yanlışdır.
KXDR rəhbərliyi ilə yanaşı, mövcud dünya sabitliyinin pozulmasından və təhlükəsizlik sahəsində bütün beynəlxalq hüquqi çərçivələrin zərər görməsindən faydalanan əsas tərəf Kremldir.
Pekin isə daha çətin vəziyyətdədir. O, beynəlxalq ticarətdən və Amerika-Çin ticarətindən çox asılıdır. Bu, son aylarda ABŞ və Çin arasında gedən ticari mübahisələrlə özünü açıq şəkildə nümayiş etdirdi. Bundan əlavə, Çin sərhədlərində yarana biləcək hərbi münaqişə də böyük risklər yaradır.
Buna görə rəsmi Pekin artıq Vaşinqtonla aydınlaşdırdı ki, Şimali Koreyaya qarşı müharibə başlasa, Çin ordusunun qüvvələri Pxenyanı ələ keçirə, bufer zonanı idarə etmək üçün məsuliyyəti öz üzərinə götürə, Şimali Koreyanı nəzarət altında saxlaya bilər.
Çünki ÇXR ilə KXDR arasında 1961-ci ildən qarşılıqlı kömək və əməkdaşlıq müqaviləsi mövcuddur. İkinci maddədə deyilir: “Tərəflərdən biri hər hansı bir dövlət və ya bir qrup dövlət tərəfindən silahlı təcavüzə məruz qalarsa, digər tərəf dərhal onu lazımlı hərbi və digər yardımlarla təchiz edir”.
Buna görə də Pekin aydın şəkildə Şimali Koreyanın məhv edilməsinə izn də verməyəcəyini açıq şəkildə nümayiş etdirir”.
Ekspertin sözlərinə görə, ABŞ tərəfindən Pxenyanın nüvə obyektlərinin hərbi yolla məhv ediləcəyi təqdirdə yarımadada genişmiqyaslı müharibə başlaya bilər:
“Belə olduğu halda ABŞ, Cənubi Koreya və Yaponiya bir tərəfdə, Rusiya, Şimali Koreya və Çin isə digər tərəfdə vuruşacaq.
Bununla yanaşı Kim Çen İn başa düşməlidir ki, nüvə silahından istifadəsi ABŞ-ın anında əks-hücumu ilə nəticələnəcək və bu hücum Şimali Koreyanı tamamilə məhv edəcək.
Hesab edirəm ki, yaranmış vəziyyətdə problemin həlli yolu Asiya və Avropada, həmçinin qlobal miqyasda ballistik raket əleyhinə müdafiə sistemlərinin qurulmasındadır.
İkinci tərəfdən, KXDR-ə qarşı tətbiq olunan sanksiyalar sərtləşdirilməli, ticari-iqtisadi əlaqələr tamamilə kəsilməlidir.
Bununla yanaşı, mədəni, idman və bu kimi digər sahələrdə də əlaqələr aradan qaldırılmalıdır. Bu əlaqələri – xüsusilə də maliyyə və iqtisadi sahələrdə – davam etdirən ölkələr üçün isə sərt cavab tədbirləri görülməlidir”.