Rusiya ilə savaş rüzgarları Dünya

Rusiya ilə savaş rüzgarları

NATO Putinin Ukrayna sərhədinə qoşun yığmasından narahatdır

Cavid

NATO Rusiyanın Ukrayna ilə sərhəddə son günlər əsgəri qüvvəsinin sayının 20 min nəfərə çatdırmasından və əlavə hərbi texnikanın - tankların, ağır artilleriya sistemlərinin və döyüş təyyarələrinin bölgəyə cəmləşdirilməsindən narahatlığını bəyan edib.
ABŞ Müdafiə nazirliyinin rəsmisi də "Amerikanın Səsi"nə Rusiyanın sərhədə tanklar və raket atan qurğular daxil olmaqla, daha artıq texnika yerləşdirdiyini deyib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko da Rusiyanın sərhədə 45 min nəfərdən ibarət hərbi qüvvə, eləcə də tanklar, artilleriya, bir neçə raket atan qurğu və təyyarə yerləşdirdiyini bildirib.
Lısenkonun sözlərinə görə, 24 saat ərzində Ukraynanın şərqində rus separatçıları ilə döyüşdə 3 Ukrayna əsgəri öldürülüb, 46 əsgər yaralanıb. O həmçinin Rusiya qüvvələrinin bazar ertəsi sərhəd bölgəsində bir neçə saat ərzində Ukrayna qüvvələrinin mövqlərini artilleriya və "Qrad" tipli raketlərdən atəşə tutduğunu deyib.
Lısenko Ukraynanın şərqində separatçıların iki güclü istinadgahından biri olan Donetsk şəhərinin geri alınması üçün əməliyyatlara hazırlıqların getdiyini bildirib. Müdafiə Hazirliyinin sözçüsü detallara varmayıb.
Şimali Atlantika İttifaqının (NATO) baş katibi Anders Foq Rasmessen Rusiyanın hərbi güc nümayiş etdirdiyi bir ərəfədə - avqustun 7-də Ukraynaya qısamüddətli səfər etməyə hazırlaşır.
Unian.net saytının verdiyi məlumata görə, bu barədə NATO-nun Ukraynadakı missiyanın başçısı İqor Dolqov bildirib.
O, səfərin NATO sammiti ərəfəsində ərəfəsində edildiyinə diqqət çəkib. Hərbi alyansın qarşıdakı sammiti 4-5 sentyabr tarixlərində Uelsdə keçiriləcək. Sammit çərçivəsində Ukrayna-NATO birgə komissiyasının iclası planlaşdırılıb.
"NATO baş katibi Kiyev səfərində Ukrayna rəhbərliyi ilə görüşəcək və fikir mübadiləsi aparılacaq ki, biz sammitə nə ilə gedirik. Səfərdə Ukraynanın aktual problemləri və Ukrayna-NATO əməkdaşlığının perspektivləri haqqında NATO baş katibinin fikirlərini eşitmək imkanına malik olacağıq", - Dolqov qeyd edib.
O, Rasmussenin səfərinin bir neçə saat davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, NATO-nun baş katibi Krımın Rusiyaya birləşdirilməsindən sonra verdiyi açıqlamaların birində ümid etdiyini bildirib ki, Uels sammitində NATO-nun "açıq qapı" siyasətinin həyata keçirilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul ediləcək.
Rusiya isə NATO-nun onun sərhədlərinə yaxınlaşma perspektivini qəbuledilməz hesab edir. Rusiya xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Şimali Atlantika Alyansının genişlənməsini "soyuq müharibə dövrünün başlanması" kimi dəyərləndirib.
Maraqlıdır ki, Moldova da artıq Rusiya qarşısında tələblə çıxış etməyə başlayıb. Bu ölkənin Xarici İşlər Nazirliyi Rusiyadan Dnesteryanı bölgədə yerləşdirilən əsgərlərini geri çəkməsini tələb edib. Rusiya Moldovanın rus əsgərərini bölgədən çıxarmaqla çaxnaşma yaratmaqda günahlandırıb.
Qeyd edək ki, bölgədə 1500 rus əsgəri qərarlaşıb.
Ukrayna Təhlükəsizlik xidməti və DİN ölkənin şərqində separartçılar arasında casusların artırılması üzrə işlər aparır. Bu barədə DİN müşaviri Anton Qeraşenko bildirib.
Onun fikrinə görə separatçılarla ən effektli mübarizələrdən biri onlarına arasında öz agentlərinin olmasıdır.
"Biz DİN və Ukrayna təhlükəsizlik xidməti birgə terroristlər arasında casus şəbəkəsinin genişləndirilməsi üçün işlər görürürk" - deyə Qeraşenko öz Facebook səhifəsində qeyd edib.