İŞİD lideri Bağdadinin yerini başqa terrorçu tutacaq Dünya

İŞİD lideri Bağdadinin yerini başqa terrorçu tutacaq

Oktyabrın 26-da Suriyanın şimal-qərbində hücum zamanı elit ABŞ qoşunları onu küncə sıxışdırdıqdan sonra İŞİD lideri Əbubəkr əl-Bağdadi intihar edib. Ağ Evin bu elanından əvvəl ABŞ-ın yüksək səviyyəli bir rəsmisi silahlı qrup rəhbərinin İdlibdə gizlənməsinə dair məlumat verib. “Xilafət”i çökdürmək üçün Amerika qüvvələrinin İraqda yerləşdirməsindən 5 il sonra, İraq Kürdüstanındakı Ərbildən başlayan xüsusi əməliyyatın sonunda Bağdadi özünü partladıb.
Xəbəri təsdiqləyən bir səlahiyyətli əməliyyatda Pentaqonun “Delta” Qüvvələrindən istifadəsini deyib. ABŞ-ın Vitse-prezidenti Mayk Pens və Baş Qərargah Rəhbərlərinin şefi, general Mark Milli Ağ Evdə Trampla birlikdə izlədikləri canlı bağlantı zamanı Bağdadinin tuneldə üç uşağı ilə “ağlaya-ağlaya” öldüyünü söyləyiblər. Partlayış nəticəsində Bağdadinin cəsədi məhv edilib, Tramp DNT və biometrik test nəticələrinin müsbət nəticə verdiyini deyib. “Bu o idi. O, it kimi öldü”. Prezident Bazar günü səhər Ağ Evdə açıqlayıb: “O qorxaq kimi öldü”.
ABŞ qüvvələrinin itkisi olmayıb. Müdafiə naziri Mark Esper ABC-yə verdiyi açıqlamada 100 nəfərlik xüsusi əməliyyat qüvvəsinin “CH-47 Chinook” helikopterləri ilə əməliyyata başladığını deyib. Əvvəlcə “Newsweek” tərəfindən haqqında məlumat verilən həmlənin sirri bazar günü səhər saatlarında faş olub. “Suriya Demokratik Qüvvələri”nin (SDQ) komandiri Məzlum Kobane ABŞ-ın kürd dəstələri ilə birgə beş aylıq kəşfiyyat əməkdaşlığının nəticə verdiyini və Bağdadinin öldürüldüyünü “Tvitter”də açıqlayıb.
Oktyabrın 9-da Suriyanın şimalında təcavüzə başlayan Türkiyə əməliyyata dəstək verməyib, ancaq əməliyyat Türkiyə sərhədinə yaxın ərazidə keçirildiyindən ABŞ-ın həmləsi barədə məlumatlı olub. Rusiya və Bəşər Əsəd rejimi Suriyadakı son müxalifət dayaqlarından biri olan vilayətin geri alınması üçün hücumu dayandırıb və İdlibdə atəşkəs əldə edilib.
ABŞ rəsmisinin sözlərinə görə, Suriyanın şimal-qərbində həmlə üçün Rusiya hava məkanını açıb, ancaq Pentaqon əməliyyatın səbəbini Moskvaya izah etməyib. İran rəsmiləri də “Reuters”-ə bildiriblər ki, basqın barədə məlumatlı olublar. Birləşmiş Ştatlar bu il Bağdadinin gizləndiyi yerin yaxınlığında, İdlibdəki “əl-Qaidə” bazası Hurrasəddini bir neçə dəfə hədəf alıb. Eyni kəşfiyyat səyləri İŞİD liderini ölümü ilə bitən basqının baş verməsinə kömək edib.
ABŞ-ın bu həftə sonu Suriyanın şərqinə yenidən qoşun yeritməyə başlaması ilə əlaqədar olaraq Trampın Amerikan əsgərlərinin çoxunun ölkədən çıxarılması qərarını ləğv etdiyi ortaya çıxıb. Tramp şənbə gecəsi basqın xəbərini “Çox böyük bir şey oldu!” – cümləsi ilə açıqlayıb, ancaq başqa heç bir məlumat verməyib. İŞİD liderinin ölümündən bir neçə saat əvvəl ABŞ qoşunları Suriyadakı neftlə zəngin Deyr əz-Zur bölgəsində SDQ-nin mövqelərini möhkəmləndirməyə başlayıblar. Pentaqon bildirib ki, hərbi qüvvələrin yerləşdirilməsinin “təfərrüatları və müddətlərini müzakirə etməyəcək”.
Ağ Evdə danışan Tramp Amerika əsgərlərinin qalıq birliyinin müharibə şəraitində olan ölkənin neft yataqlarını qorumaq üçün qalacağını etiraf edib. “Çıxdıq. Ancaq biz nefti təmin etmək üçün əsgər saxlayırıq”.
Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan da İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldürülməsinə reaksiya bildirib. Ərdoğan şəxsi “Twitter” hesabı vasitəsilə açıqlama verərək, bunu bir dönüş nöqtəsi olaraq dəyərləndirib. O, bunları yazıb: “Terrorçu liderin öldürülməsi terrorizmlə ortaq mübarizəmizdə dönüş nöqtəsidir. İŞİD, PKK/YPG tərəfindən ən çox zərər görən Türkiyə bu hadisəni məmnuniyyətlə qarşılayır. İttifaq ruhu içərisində terrorizmə qarşı dönməz mübarizənin bütün insanlara sülh gətirəcəyinə əminəm”.
İŞİD lideri Əbubəkr Bağdadinin ABŞ xüsusi təyinatlıları tərəfindən məhv edilməsinin təfərrüatı məlum olub. Terror təşkilatı rəhbəri Türkiyə-Suriya sərhdi yaxınlığındakı Barişa kəndində həyata keçirilən xüsusi əməliyyatla öldürülüb. Bildirilir ki, əməliyyat 4 saat davam edib. Əməliyyatda ABŞ ordusunun 8 vertolyotu və 2 pilotsuz təyyarəsi istifadə edilib.
Məlumata görə, əməliyyatın həyata keçirildiyi ərazi Türkiyə sərhədinin çox yaxınlığında, suriyalı qaçqınların yerləşdirildiyi Tourlaha düşərgəsinin bir neçə kilometrliyində yerləşir. Əməliyyat gecə yarısı, saat 00.00 radələrində başlayıb. Əvvəlcə bölgəyə 8 ABŞ vertolyotu və 2 pilotsuz təyyarəsi gəlib, onlar havadan Barişa kəndi ətrafındakı hədəfi bir saat yarım ərzində intensiv atəşə məruz qoyublar.
Vertolyotlara yerdə Bağdadini qoruyan İŞİD yaraqlıları iriçaplı pulemyotlarla cavab atəşi açıblar. Lakin ABŞ vertolyotları 1.5 saata yaxın davam edən intensiv atəşdən sonra bölgədən ayrılıb. Yarım saat sonra vertolyotlar yenidən geri qayıdıb və hədəfi vurmaqda davam edib. Paralel olaraq vertolyotlardan ABŞ xüsusi təyinatlıları yerə endirilib.
Döyüşün ikinci mərhələsi 2.5 saata yaxın davam edib. Cəmi 4 saatdan çox çəkən əməliyyatın ardınca vertolyotlar bölgədən uzaqlaşıb. Bölgəyə gedən tibb işçiləri əməliyyatın keçirildiyi yerdə tamamilə yerlə bir edilmiş ev və bir neçə yanmış çadır gördüklərini “Anadolu” agentliyinin müxbirinə bildiriblər. Tibb işçiləri hadisə yerində 3 kişinin, 3 qadının və 1 uşağın cəsədinə rast gəliblər, 5 yaralıya ilkin tibbi yardım göstərilib. Türkiyənin Müdafiə Nazirliyindəki mənbə əməliyyatdan əvvəl ABŞ tərəfinin onları məlumatlandırdığını bildirib.
İnternetdə Bağdadinin öldürüldüyü yerdən çəkilmiş kadrlar da yayılıb. Türkiyəli jurnalist Recec Soylunun yaydığı kadrlarda tamamilə darmadağın edilmiş tikili, raket zərbəsi nəticəsində yaranmış dərin çala və metal hissələr görünür. Hadisə ilə bağlı daha bir versiya isə İŞİD lideri Əbubəkr Bağdadinin yerini ABŞ hökumətinə onun arvadlarından birinin verdiyidir. Bu məlumatı “Nyu York Tayms” qəzeti öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Bağdadinin həyat yoldaşının həbsi və sorğusu keçən yay baş tutub. Qadının etirafından sonra ABŞ xüsusi xidmət orqanları Suriyanın şimal-şərqinə öz casuslarını göndərib.
Daha bir məlumatda isə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin uzun illər ərzində tutulmaqdan yayına bilməsinin detallarını İraq kəşfiyyat xidmətlərinə terrorçunun əsas köməkçisi verdiyi iddia olunur. Bu barədə “Reuters” İraq kəşfiyyatındakı mənbələrə istinadən məlumat verir. Türkiyə hökuməti tərəfindən həbs edilərək İraq tərəfinə təhvil verilmiş İsmayıl əl-Etavidən gedir. Əl-Etavi bildirib ki, əl-Bağdadi bəzən aşkarlanmamaq üçün öz komandirləri ilə mühüm danışıqları tərəvəzlə yüklənmiş mikroavtobuslarda aparıb.
“Əl-Etavi İraq təhlükəsizlik agentlikləri qrupuna əl-Bağdadinin hərəkəti və adətən gizləndiyi yerlər haqqında çatışmayan fraqmentləri təqdim edib”, - deyə “Reuters”in müsahiblərindən biri bildirib. Rusiyalı senator Konstantin Kosaçev İŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsi olayına şübhə ilə yanaşdığını açıqlayıb. Senator əvvəlcə bildirib ki, proseslərin arxa planı (Bağdadinin ölümü ilə bağlı əvvəlki məlumatlar) utanvericidir. “Anlamaq gərəkdir ki, terrorizmə qarşı mübarizə liderlərin fiziki məhvindən daha çətin məsələdir. Hətta uzlaşmır”, - deyə Kosaçev əlavə edib.
Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Frans Klintseviç deyib ki, ABŞ tərəfinin İŞİD lideri Əbubəkr Bağdadini zərərsizləşdirməsinə dair bəyanatlar seçkiqabağı təşviqat xarakteri daşıyır. Onun sözlərinə görə, amerikalılarda heç bir şey təsadüfən baş vermir. “Əgər bu, yaxşı “bəzədilsə”, Trampa müəyyən uğur da gətirəcək. Çünki bütün bunlar eyni zamanda seçkiqabağı-siyasi xarakter daşıyır”, - Klintseviç bildirib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi isə ölkə başçısı Donald Trampın İŞİD lideri Əbubəkr Bağdadinin ölüm xəbərini Konqresdən əvvəl Rusiya ilə bölüşməsinə qəzəblənib. Bu barədə spikerin rəsmi saytında informasiya dərc edilib. Pelosi sözügedən informasiyanın müəyyən müddətə Konqresdən gizlədilməsinə narazılığını ifadə edib. Spiker həmçinin Bağdadinin ölümünün İŞİD-in sonu anlamına gəlmədiyini qeyd edib.
Xarici mediaya yazır ki, öldürülən İŞİD lideri Əbubəkir əl-Bağdadinin yerini Hacı Abdullah əl-Afari ləqəbli terrorçu Abdullah Qardaş tutacaq. Abdullah Qardaş buna qədər terror təşkilatının lideri Əbubəkir əl-Bağdadinin tapşırığı ilə terror təşkilatının dini işlərinə nəzarət edib. Bundan başqa, Abdullah Qardaş bir müddət İraqın devrilmiş lideri Səddam Hüseyn üçün çalışıb.