Aralıq dənizində toqquşma riski Dünya

Aralıq dənizində toqquşma riski

İsraillə Türkiyə arasında Aralıq dənizinin şərqində, Kipr sahillərində neft-qaz kəşfiyyatına görə ciddi hərbi gərginlik yaranıb. Türkiyə hərbi donanmasının regionda manevrlər edən gəmiləri İsrailin neft-qaz kəşfiyyatı gəmisini sıxışdıraraq bölgədən uzaqlaşdırıb. Bunun ardınca İsrail Hərbi Hava Qüvvələrinin F-16I qırıcıları Türkiyənin “Yavuz” neft-qaz kəşfiyyatı gəmisi üzərində alçaqdan uçuşlar həyata keçirib. Qırıcının radiolokasiya sistemlərinə qarşı nəzərdə tutulmuş “Delilah” raketləri ilə silahlandığı xəbər verilir.
“İsrailin F-16I qırıcıları Türkiyənin “Yavuz” neft-qaz kəşfiyyatı gəmisi üzərində Aralıq dənizinin şərqində uçuşlar keçirib. Onlar belə görünür ki, real döyüş əməliyyatları zamanı “Delilah” qanadlı raketlərinin tətbiqi ilə zərbələrin endirilməsini məşq edir”,-bloqer Babak Taqvay bildirir.
Açıq mənbələrdən əldə edilən məlumatlara görə, bir neçə saat əvvəl həqiqətən “Yavuz” gəmisinin yerləşdiyi regionda İsrail aviasiyasının uçuşları qeydə alınıb. Və həmin vaxt İsrailin radioelektron kəşfiyyat təyyarəsi də region üzərində görünüb. Ehtimal edilir ki, həmin təyyarə Türkiyənin o cümlədən gəmilərdə yerləşdirilmiş hava və raket hücumundan müdafiə sistemlərinin işini izləyirdi.
Aralıq dənizinin şərqində neft-qaz kəşfiyyatı ilə bağlı Türkiyə ilə yunan Kipri, o cümlədən Yunanıstan arasında neçə vaxtdır gərginlik qalmaqdadır. Bu məsələdə İsrail Kipri dəstəkləyir və həmin ölkəyə hərbi dəstək verir. Bir müddət əvvəl İsrail Kiprə pilotsuz kəşfiyyat təyyarələri verib. Türkiyə KİV-ləri xəbər verir ki, Ankara buna cavab olaraq özünün pilotsuz kəşfiyyat və zərbə pilotsuz döyüş aparatlarını Şimali Kiprə göndərib.
Türkiyə pilotsuz təyyarələrini daşıyan TIR-lar Şimali Kiprə daxil olub və Geçitkalə hərbi aerodromuna yerləşdirilib. Pilotsuz təyyarələr Aralıq dənizinin şərqində neft-qaz yataqlarının kəşfiyyatını aparan Türkiyə gəmilərinə havadan dəstək verəcək.