Trampın “Yaxın Şərq Sülh Planı” gərginlik yaradıb Dünya

Trampın “Yaxın Şərq Sülh Planı” gərginlik yaradıb

ABŞ Prezidenti Donald Tramp “Yaxın Şərq Sülh Planı”nı açıqlayıb. ABŞ liderinin sözügedən planına əsasən, Qüds şəhəri İsrailin paytaxtı elan olunur. Yəni bu şəhər müsəlmanlardan alınır. Müsəlman dövlətləri arasındakı mövcud problemlər, rəqabət, bir-birini qəbul etməmək Fələstin məsələsində vahid mövqe ifadə edilməsinə imkan vermir. Məhz bu səbəbdən də düz 50 il əvvəl Səudiyyə Ərəbistanı Kralı Faysal Bin Əbdüləzizin Qüds haqqında danışarkən ağlaması görüntüləri yada düşür.
Sözügedən çıxışı zamanı Kral Əbdüləziz Qüds haqqında bunları deyib: “Qardaşlarım nəyi gözləyirsiniz? Beynəlxalq vicdan deyilən şeyimi gözləyirsiniz? Hanı, hardaymış o? Əl-Əqsa məscidi sizləri çağırır. Bu yardım üçündür, qardaşlarım. İçində olduğumuz çətinliklərdən xilas olmaq üçün sizi çağırır. Nədən qorxursunuz? Ölümdən qorxursunuz? Allah yolunda cihad edərək ölmək daha gözəldir. Müsəlman qardaşlarım, bizlər bir diriliş arzulayırıq. Onun adı islamdır. Nə ayrımçılıq, nə də məzhəbçilik bir dirilişdir. Sadəcə islami bir dəvət. Adı cihad olan bü mübarizə Allah yolunda bir diriilişdir. Dinimizin və imanımızın izzəti üçün. Müqəddəs ocağımızı qorumaq üçün. Məni onun yolunda şəhid olanlardan etməsi üçün Allahıma yalvarıram. Qardaşlarım, duyğularım səbəbindən məni bağışlayın. Amma Əl-Əqsa məscidinin, o müqəddəs ocağımızın Allahın dininə küfr edənlər, ona ləkə düşürmək istəyənlər tərəfindən alçaldılan və incimiş olduğunu gördükdə Allahıma əl açıram: Əgər mənə müqəddəs amalımız uğrunda cihad nəsib etməyəcək və onun azadlığını göstərməyəcəksə, bir an belə yaşamağıma imkan vermə”.
İsrailin Baş naziri Benyamin Netanyahu isə İsrailin fələstinlilərlə ABŞ-ın Yaxın Şərq Sülh planı – “Əsrin sövdələşməsi” üzrə danışıqlar aparmağa hazır olduğunu söyləyib. Netanyahu bunu ABŞ Prezidenti Donald Trampla keçirdiyi birgə mətbuat konfransında açıqlamasında deyib. “İsrail sülh danışıqlarına başlamağa hazırdır. Fələstinlilərin nə qərar verməsindən asılı olmayaraq, İsrail növbəti dörd il ərzində sülh yolunu davam etdirəcək”, – deyə Baş nazir əlavə edib.
Qeyd edək ki, ABŞ-ın hazırkı administrasiyası tərəfindən hazırlanmış Yaxın Şərq Sülh planı Fələstin-İsrail münasibətlərinin nizamlanmasını nəzərdə tutur. Təxminən üç il əvvəl sülh təşəbbüsü ilə ortaya atılmış plan Trampın müşaviri Jared Kuşner və ABŞ liderinin köməkçisi Jeyson Qrinblatt tərəfindən hazırlanıb.
Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir ABŞ Prezidenti Donald Trampın “Yaxın Şərq Sülh Planı”nı dəstəkləyib. Dörd dövlətin xarici işlər nazirliklərinin yaydığı bəyanatda Amerika liderininin İsrail-Fələstin münaqişəsinə dair planının təqdir edildiyi bildirilib. Bəyanatlarda Fələstin və İsrail arasında 70 ildir davam edən münaqişənin həll olunmasında maraqlı tərəflərin səyləri nəticəsində məsələnin tezliklə dinc yolla həllinə olan gözlənti dilə gətirilib.
Donald Tramp və İsrail Baş naziri Binyamin Netanyahu Ağ Evdə baş tutan görüşdə “Əsrin Müqaviləsi” adlandırlan planı dünya ictimaiyyətinə açıqlayıb. ABŞ Prezidenti Qüdsün İsrailin mübahisəsiz paytaxtı olduğu qeyd edilən planın fələstinlilər üçün tarixi şans olduğunu deyib. Plan Fələstin və bir sıra dünya dövlətləri tərəfindən etirazla qarşılanıb.
Məsələ ilə bağlı BMT bəyanat yayıb. Bəyanatda bildirilir ki, BMT-nin İsrail-Fələstin probleminin həllinə dair mövqeyi Təhlükəsizlik Şurası və Baş Assambleyanın qətnamələri ilə müəyyən olunub. Avropa İttifaqı da münaqişə tərəflərlərini ikitərəfli həll variantı üzərində dayanmağa çağırıb.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Komitəsinin ali nümayəndəsi Jozef Barrel verdiyi açıqlamada bildirib ki, Avropa İttifaqı münaqişəni İsrail və Fələstin xalqlarının qanuni tələbləri çərçivəsində yenidən araşdıracaq. BMT-nin Baş katibi Antonio Quterreş də ABŞ Prezidenti Donald Trampın “Yaxın Şəra Sülh Planı”na sərt reaksiya verib. O, ABŞ liderinə məsələnin 1967-ci ildə müəyyən edilmiş sərhədlər daxilində həll edilməsinin vacibliyini xatırladıb və qeyd edib ki, mövcud sərhədlər BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qətnamələri ilə müəyyən edilib.
Almaniyanın xarici işlər naziri Hayko Maş Trampın sözügedən planının bölgədə problemlərə yol açacağını, ABŞ-ın bu təkliflərini araşdıracaqlarını açıqlayıb. İngiltərədə müxalifətdə olan Fəhlə Partiyasının lideri Ceremi Korbin Donald Trampın sözde “Yaxın Şərq Sülh Planı”nı “sülh üçün təhdid” adlandırıb və ingilis hökumətindən buna etirazını bildirməyi tələb edib.
“Amnesty İnternational” təşkilatı da bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü təşəbbüs beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə sülhə kömək etmir. “Razılaşmada nəzərdə tutulan ərazilərin dəyişdirilməsi prinsipi Fələstin ərazisinin daha da ilhaq edilməsini özündə ehtiva edir və bu, beynəlxalq humanitar hüququn kobud pozulmasına gətirib çıxaracaq. Yarım əsrlik işğal ərzində İsrail fələstinlilərin əsas hüquqlarını rədd edərək ayrı-seçkilik sistemi qurdu. Bu sövdələşmə belə bir qəddar, qanunsuz siyasətin təsdiqlənməsi deməkdir”, - bəyanatda qeyd olunub. “Amnesty İnternational” beynəlxalq birliyi ABŞ Prezidentinin təşəbbüslərini rədd etməyə çağırıb.
Politoloq Ramiyə Məmmədova deyib ki, Trampın Yaxın Şərqlə bağlı planı bölgəyə sülh, yoxsa müharibə gətirəcək? İndiki situasiyada buna cavab vermək çox çətindir. Lakin bu plan çərçivəsində Fələstin torpaqlarının İsrailə verilməsinin nəzərə alınması, 70 ildir dövlət ola bilməyən fələstinlilərə nəzəri olaraq dövlətin qurulacağı və maddi vədlərin verilməsi bu bölgədə hələlik sabitliyin olmayacağını göstərir.
Ekspertin fikrincə, Trampın son planı ABŞ-ın bölgədə sabitliyin bərqərar olmasına çalışmadığını göstərir: “Əksinə bu, İsrailin öz ərzilərini genişləndirməsinə şərait yaratmağa, ABŞ-ın Yaxın Şərqin enerji resurslarına sahib olmağa və bölgədə söz sahibinə çevrilən Türkiyənin qarşısının alınmasına yönəlib. Ərəb Liqasının bu məsələdə ABŞ-a dəstək verməsi isə bölgədəki müsəlman dövlətləri arasında ziddiyyətli münasibətlərin olmasının göstəricisidir.
Hesab edirəm ki, Fələstin son gəlişmələr daxilində təklənib, bu ölkənin yeganə dəstəkçisi isə yenə də Türkiyədir. ABŞ hələ 2017-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanımaqla və İsraildəki səfirliyini bura köçürməklə bu plan çərçivəsində ilk həmləsini etmişdi. Demək olar ki, 2016-cı il seçkilərindən əvvəl Tramp verdiyi vədə əməl etməyə başlayıb. Bu, Trampın yəhudi lobbisi və onu dəstəkləyən yevangelistlərə verdiyi vədlər idi. Çünki Tramp bu vədləri yerinə yetirməsə ağır zərbə alacağını, hələ də gündəmdə olan impiçmentin baş tuta biləcəyini, habelə ikinci dəfə seçilməsinə əngəllərin olacağını nəzərə alır. Buna görə də, Tramp vədlərini tez bir zamanda həyata keçirmək niyyətindədir. Burada isə yenə bir müsəlman dövləti – Fələstin qurban veriləcək”.