Ərdoğan prezident kimi and içdi Dünya

Ərdoğan prezident kimi and içdi

CHP və MHP-nin vahid namizədi inaqurasiyaya qatılmayıb

Dünən Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində bir çox ölkələr dövlət və hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində təmsil olunublar.
Mərasimdə Azərbaycan hökuməti adından baş nazir Artur Rasi-zadə iştirak edib.
R.T.Ərdoğan Türkiyənin prezidenti seçilməsi münasibətilə Türkiyə Böyük Millət Məclisində and içib. Andiçmə mərasimindən sonra Türkiyənin dövlət himni səslənib və 101 dəfə yaylım atəşi açılıb.
Cümhuriyyət Xalq Partiyasının lideri (CHP) Kamal Kılıçdaroğlu Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etməyib.
Türkiyə mediasının xəbərinə görə, Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının vahid namizədi olan Ekmeleddin İhsanoğlu da inaqurasiya mərasiminə qatılmayıb.
Prezidentliyə digər namizəd Xalqların Demokratik Partiyasının rəhbəri Selahattin Demirtaş isə andiçmə mərasiminə qatılıb. Bundan başqa, mərasimdə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı, bu partiyadan olan millət vəkilləri iştirak ediblər.
Andiçmədən sonra prezident səlahiyyətlərinin icrasına başlayan Ərdoğan ilk addım olaraq Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlunu müvəqqəti baş nazir təyin edib.