Ermənistanda ilk koronavirus halı qeydə alınıb Dünya

Ermənistanda ilk koronavirus halı qeydə alınıb

Ermənistan koronavirusa ilk yoluxma halını təsdiq edib. Həmin şəxsin bu yaxınlarda həyat yoldaşı ilə İrandan qayıdan 29 yaşlı Ermənistan vətəndaşı olduğu bildirilib.
Ermənistanın baş naziri Nikol Paşinyan martın 1-də Facebook səhifəsində yazıb: “Əziz həmvətənlər, iki saat bundan əvvəl təəssüf olsun ki, biz koronavirus halını qeyd etmişik.”
Səhiyyə naziri Arsen Torosian bu xəbəri təsdiq edib.
Paşinyan bildirib ki, koronavirusa yoluxmuş şəxs fevralın 28-də təyyarə ilə Tehrandan gəlib və daha sonra müalicə məqsədilə xəstəxanaya gedib. O, xəstə ilə təyyarədə gələn bütün sərnişinlərin hava limanından İrandan səfərlərə dair ehtiyat tədbirləri çərçivəsində müşayiət edildiyini bildirib.
İran Yaxın Şərqdə koronavirusun ən çox yayıldığı ölkədir. İranın Səhiyyə Nazirliyinin sözçüsü fevralın 29-da son 24 saat ərzində koronavirusdan doqquz nəfərin öldüyünü bildirib. Bununla İranda virusa yoluxma nəticəsində ölənlərin sayı 43-a çatıb. Bu, Çindən sonra koronavirus nəticəsində ən yüksək ölüm sayıdır. Ölkə üzrə 593 nəfərin koronavirusa yoluxduğu qeydə alınıb.
Avstraliya, Tailand və Yaponiya koronavirus səbəbilə yeni ölüm halları haqda məlumat verib.
Avstraliyada Diamond Princess kruiz gəmisində karantində olmuş 78 yaşlı kişi Pert şəhərində ölüb. Bu, Avstraliyada koronavirus səbəbi ilə ilk ölüm halıdır.
Tailandda isə xarici turistlərlə təmasda olduğu deyilən 35 yaşlı satıcının ölümü ölkədə virusa yoluxma nəticəsində ilk ölüm halı kimi qeyd edilib.
Yaponiyada Hokkaydo adasının şimalında yaşayan 70 yaşlı bir kişi koronavirus səbəbi ilə ölüb.
Virusun ilk meydana gəldiyi Çində 523 yeni koronavirus halı qeydə alınıb, bazar günü 35 ölüm halı təsdiq edilib. Çində koronavirusa yoluxanların sayı 79 824 nəfər təşkil edir.
Çindən sonra koronavirusun ən çox yayıldığı Cənubi Koreyada yeni 376 hal qeydə alınıb və bununla ölkədə yoluxanların sayı 3 526 nəfərə çatıb.