Orta Şərqdə sular durulmur Dünya

Orta Şərqdə sular durulmur

Ən böyük qarışıqlıq isə, Suriyadadır

Dünya siyasəti COVİD-19 pandemiyası səbəbindən donmuşkən, Orta Şərqdə sular durulmur. İraq, Yəmən, Livan, İran, hətta İordaniya da qarışıqdır. Ən böyük qarışıqlıq isə, əlbəttə ki, Suriyadadır.
Görünür, bəziləri pandemiyadan sonra “ərazi təmizliyi”nə başlayıb.

Öncə Fələstindən başlayaq

Strateq “Sözcü” qəzetinə (Türkiyə) istinadən yazır ki, Donald Trampın kürəkəninin “Yüz ilin planı” adlandıraraq dünyanı aldatmağa çalışması, Fələstinin Qəzza bölgəsinə sıxışdırılması, Qərb sahilinin isə İsrailə ilhaq edilməsi planı öz axarında gedir. Səudiyyə Ərəbistanı, BƏƏ, hətta Misir “səssiz qalan dilsiz şeytandır” hədisindəki “şeytan” rolundadırlar.
Türkiyə iqtidarı və İran ilk mərhələdə şiddətlə bu plana qarşı çıxsalar da, arxasını gətirmədilər. Plana ən güclü etiraz səsini çıxaran bircə İordaniya oldu. Ancaq onun da məhdud təsir dairəsi səbəbindən səsi elə də eşidilmir.
İsrail isə tam mənada hədəfə kilidlənib. Qərb sahilində yəhudi yerləşmə təşkilatları ilə birgə fiziki olaraq davam edən işğal prosesi iyul ayında rəsmiləşdiriləcək.

ABŞ-ın PYD-YPG-ni məşhurlaşdırma səyi

Ankara pandemiya ilə mübarizə apararkən, amerikalıların Suriya və İraqdakı “kürd fəallığı” diqqəti cəlb edir. Məsələ ABŞ olduqda, əlbəttə, baş rolda PKK terror təşkilatının bir qolu sayılan PYD-YPG olacaq.
ABŞ-ın Suriyadakı xüsusi təmsilçisi Ceyms Cefri PYD-YPG ilə Şimali İraqda Bərzani hökuməti təsirindəki suriyalı kürd qrupları – hansı ki, Suriya Kürd Beynəlxalq Şurası (ENKS) çətiri altında toplanıblar – bir araya gətirmək üçün işlərə başlayıb.
PYD-YPG ilə ENKS arasında bir neçə görüşün təşkili hər hansı nəticə verməyib. Ancaq amerikalılar bu sahədə təzyiqi artırmağa davam edirlər. Məqsəd Suriyanın şimalında PYD-YPG nəzarətindəki bölgələrdə idarəçiliyə Bərzaninin təsirindəki kürd qrupları da daxil etmək və beləliklə, Ankarada AKP hökumətinin bu məsələdəki reaksiyasını yumşalda bilməkdir.

ABŞ-ın digər bir qolu İraqdadır

Şimali İraqda Bərzani üzərindən Qandil bölgəsində məskunlaşan terror təşkilatını nəzarət altına almağa çalışırlar. Bərzaninin peşmərgələri (kürd döyüşçülər) Ankaranın bütün tələblərinə baxmayaraq, illərdir etmədiklərini ediblər – Qandilin düz qarşısına düşən Zine Verte bölgəsində hərbi baza qurublar.
Şimali İraqdakı Bərzani rəhbərliyi bunun “COVİD-19 ilə mübarizə sahəsində atılan addım” olduğunu elan etsə də, bunun PKK terrorçularının hərəkət qabiliyyətini məhdudlaşdırmağa hesablandığı aşkardır.
ABŞ həm İraq, həm də Suriyada kürdlər üzərindəki oyun planını həyata keçirə bilsə, Ankaranın qarşısına “PKK terror təşkilatı artıq zərərsizləşdirilib. Şimali İraqı tanıdınsa, indi nə üçün Şimali Suriyadakı yeni qurumu tanımayasan?” tələbi gələ bilər.

“Mavi Vətən”in simvol isminin başına gələnlər

Hələ biz bunları anlamağa çalışarkən, keçən həftə Ankarada sürpriz hadisələr baş verib – Türkiyənin Egey və Ağ dənizdəki haqlarının bayraqdarlığını edən, “Mavi Vətən” xəritəsini hazırlayan vitse-admiral Cihat Yaycı gözlənilməyən bir qərarla passiv vəzifəyə təyin edilib. Bir növ, fəaliyyəti məhdudlaşdırılıb.
Vaşinqton rəhbərliyi Rum-Yunan cütlüyünün Türkiyəni Ağ dənizdəki enerji oyunundan kənarlaşdırma cəhdində kimin tərəfində yer tutur?
ABŞ dövlət katibi Mayk Pompeo hələ bir neçə ay öncə rumlar və yunanlara sahib çıxan açıqlamalar vermişdi. Amerikalı yüksək səlahiyyətli rəsmilər İsrail-Rum-Yunan üçlüyünün enerji zirvələrinə qatılmışdı.
ABŞ Türkiyənin də daxil olduğu bölgədə “ərazi təmizliyi” edərkən, vitse-admiral Cihat Yaycının da vəzifədən uzaqlaşdırılması, yəqin ki, “təsadüf” sayılacq.