Donbas problemi həll edilir? Dünya

Donbas problemi həll edilir?

Kiyev Donbas bölgəsində BMT-nin sülhməramlı missiyalarında iştirak etmiş hərbi heyət göndərir.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birgə Əməliyyat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hərbi qüvvələr Donetsk və Luqansk bölgələrində ilk müdafiə xəttində xidmət aparacaq. Ukrayna əsgərləri isə gecə saatlarında qüvvəyə minən tam və genişmiqyaslı atəşkəsə hazırlıq görüb.
Bununla yanaşı, Ukrayna əhalisinə və dünya cəmiyyətinə Donetsk və Luqansk bölgələrindəki mövcud vəziyyət haqqında sürətli şəkildə bilgi verilməsi məqsədilə təmas xəttinin müxtəlif bölgələrində yerli və xarici media qurumlarına mənsub müxbir və çəkiliş qruplarının işləyəcəyi planlaşdırılıb.
Razılaşmanın pozulacağı təqdirində, Ukrayna Silahlı Qüvvələri qarşı tərəfə cavab verməyə hazır olacaq və Birgə Əməliyyat Mərkəzində bunun üçün lazımi əlavə mənbələr təmin ediləcək.
Xatırladaq ki, Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar 2014-cü ilin aprel ayında başlayıb. Nəticədə Donetsk və Luqansk regionları separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri, qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Ukrayna tərəfi dəfələrlə bəyan edib ki, separatçıların sırasında Rusiya hərbçiləri də var. Rusiya bu ittihamı təkzib edir.
Rusiyalı politoloq Andrey Suzdalçev deyib ki, Rusiya və Ukrayna prezidentləri arasında telefon söhbəti Donbas məsələsi ilə bağlı siyasətdə kardinal dəyişikliyə gətirib çıxarmayacaq.
O bildirib ki, son günlər Kiyev Minsk razılaşması ilə bağlı səylərini gücləndirib:
“Prezident Zelenski və onun ətrafı “Normand dördlüyü” sammitinin uğurlu keçəcəyini hesab edirlər. Bəllidir ki, Donbas siyasətini (Kiyevin siyasəti nəzərdə tutulur) böyük anlamda ABŞ Dövlət Departamenti müəyyən edir. Lakin burada Ukrayna da hansısa məqamda şəxsi təşəbbüsünü irəli sürür. Müəyyən mənada Avropa Birliyi ilə münasibətdə özünü siyasi subyekt kimi saxlayır. Bu kontekstdə prezidentlərin danışığı yeni nələrəsə gətirməyəcək, adətən köhnə tezislər təkrarlanır”.
Qeyd edək ki, Ukrayna və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub.
Liderlər Donbasla bağlı siyasi vəziyyəti müzakirə ediblər.