Lukaşenkonun rəqibi Tixanovskaya ölkəni necə tərk edib? Dünya

Lukaşenkonun rəqibi Tixanovskaya ölkəni necə tərk edib?

Belarusda avqustun 9-da keçirilmiş preziden seçkilərinin nəticələrinə etiraz olaraq başlayan aksiyalar dünən axşam da davam edib, amma Minskdən gələn xəbərlərə əsasən etirazlar xeyli səngiyib. Bunun səbəbi bir tərəfdən üç gündür təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsinə məruz qalan etirazçıların yorulması, digər tərəfdən isə təhlükəsizlik qüvvələrinin insanların bir yerə toplaşmasına imkan verməmək üçün sərt güc tətbiqindən istifadə etməsidir.
Avqustun 12-nə keçən gecə ordu, daxili qoşun və OMON hissələri Minski tərk edib. Şəhərin əsas küçələrində hərəkət bərpa olunub, lakin ətraf rayonlarda ara-sıra etirazların baş qaldırdığı bildirilir. Xəbərlərə görə, OMON narazıları təqib etmək üçün hətta insanların mənzillərinə girir, bəzən heç bir səbəb olmadan küçədən keçənləri döyür.
Bu arada müxalifətin prezidentliyə namizədi Svetlana Tixanovskayanın ölkəni necə tərk etməsi barədə təfərrüatlar da üzə çıxıb. Müxalifətin birləşmiş seçki qərargahının nümayəndəsi Mariya Kolesnikova bildirib ki, Litvaya yola düşməzdən əvvəl Tixanovskaya Mərkəzi Seçki Komissiyasının binasında güc strukturlarının iki yüksək vəzifəli əməkdaşı ilə üç saat birlikdə olub.
“Biz binanın qarşısında gözləyirdik. Danışıqların başlamasından sonra gördük ki, videoavadanlıqlar üçün çantalara oxşayan qara iri çantalarla adamlar içəri keçdilər. Bunun nəticəsi isə sizin də gördüyünüz kimi Tixanovskayanın ötən gün yayılmış videomüraciətidir”,-müxalifət təmsilçisi bildirib.
Həmin videomüraciətdə Tixanovskaya kağızdan mətni oxuyur, insanları etirazları dayandırmağa və təhlükəsizlik qüvvələri ilə toqquşmalara girməməyə çağırır. Bildirir ki, ağır seçim qarşısında qalıb və Litvada olan uşaqlarına qovuşmaq qərarına gəlib. “Bir çoxları məni anlayacaq, bir çoxları qınayacaq, ola bilsin nifrət edəcək. Lakin Allah heç kimi mənim üzləşdiyim seçim qarşısında qoymasın”,-müxalifətin namizədi deyib.
O, ölkəni tərk etməyə niyə məcbur olduğunu açıqlamayıb, çünki daha əvvəl Belarusu tərk etməyəcəyini açıqlamışdı. Kovalkova istisna etmir ki, həmin videomüraciəti Tixanovskaya təhdid altında yazıb. Müxalifət nümayəndəsi deyib ki, Tixanovskayanın ölkəni tərk etməsiini dəstəkləyir, çünki qalsaydı onun həyatı təhdid altında olacaqdı.
Sosial şəbəkələrdə bir çoxları Svetlana Tixanovskayaya dəstək mesajları paylaşıb. Onların bəziləri "məyus olduqlarını", bəziləri onu "mühakimə etmədiklərini", bəziləri isə "qürur duyduqlarını" dilə gətirib.
Bundan sonra Svetlana Tixanovskayanın insanları "etirazlara çıxmamağa" çağırdığı ikinci video yayılıb. Videonun harada çəkildiyi bilinmir və o, keçmiş namizədin rəsmi hesablarından paylaşılmayıb.
İkinci videoda Svetlana Tixanovskayanın mətni kağızdan oxuduğu görünür və o, müraciət boyu kameraya baxmır.
Həmin görüntülərdə Tixanovskaya Belarus xalqına müraciət edib və deyib ki, "Belarus xalqı öz seçimini edib".
O, dəstəkçilərindən "meydanlara çıxmamağı" xahiş edib.
"Belaruslular! Mən sizi müdrik olmağa və qanunlara hörmət etməyə çağırıram. Mən qan tökülməyini və zorakılıq istəmirəm. Mən sizdən həyatınızı təhlükə altına qoymamaq üçün polislə qarşıdurmaya getməməyi, meydanlara çıxmamağı xahiş edirəm. Özünüzü və yaxınlarınızı qoruyun", - prezidentliyə keçmiş namizədin ikinci müraciətində deyilir.
Svetlana Tixanovskayanın ikinci yayılan müraciətinin "təzyiq altında hazırlandığı" düşünülür.
Litvanın xarici işlər naziri Linas Linkevicius Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskayanın Litvada "təhlükəsizlikdə" olduğunu bildirib.
Linas Linkevicius LRT radiostansiyasının efirində deyib ki, Svetlana Tixanovskayanı Belarusda yeddi saat saxlayıblar.
O bunun səbəblərinin hələ ki, məlum olmadığını, təfərrüfatları gözlədiklərini deyib.
Bundan əvvəl Svetlana Tixanovskayanın Mərkəzi Seçki Komissiyasının binasına daxil olduğu və ondan saatlarla xəbər alınmadığı deyilirdi. Onun vəkili inandırırdı ki, o, özü MSK-nı tərk edərək nəqliyyat vasitəsinə əyləşərək gedib.
Svetlana Tixanovskaya baş verə biləcək təxribatlara görə etiraz nümayişlərində iştirak etməyəcəyini bildirmişdi.
Müxalifət namizədi MSK-ya səslərin yenidən sayılması barədə şikayət ərizəsi verib.
Daha sonra Svetlana Tixanovskayanın vəziyyətinin yaxşı olduğu bildirilib.
Bazar ertəsi günü Belarus prezidentliyinə namizəd özünü qalib hesab etdiyini və ölkəni tərk etmək niyətində olmadığını açıqlamışdı.