Rusiyalı politoloq: Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi ermənilərin demoqrafik təcavüz aktıdır Dünya

Rusiyalı politoloq: Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi ermənilərin demoqrafik təcavüz aktıdır

Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi ermənilərin birbaşa demoqrafik təcavüz aktıdır.

Bu barədə AZƏRTAC-ın müxbirinə Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Darya Qrevtsova bildirib.

O xatırladıb ki, insanların başqa ölkələrdən köçürülməsi halları tarixdə məlumdur. Onlar həmin ölkələrdə qalır və sonra bu torpaqları özününkü hesab edirdilər. D.Qrevtsova deyib: “Paşinyan üçün bu, təbii ki, sərfəlidir, çünki bu köçürülənlər onun üçün həm ucuz işçi qüvvəsi, həm də bu ərazilərin əlavə müdafiəçiləridir. Lakin bu sözlər Dağlıq Qarabağ ərazilərində məskunlaşdırılması planlaşdırılan ermənilərə aid deyil. Çünki onları təzə yerdə nələrin gözləyəcəyi məlum deyil və Dağlıq Qarabağda həyat səviyyəsi Livanla müqayisədə xeyli aşağıdır. Buna görə də Livan ermənilərinin Dağlıq Qarabağa köçürülmək istəyib-istəməyəcəkləri hələ mübahisəli məsələdir”.

O vurğulayıb ki, ATƏT-də bu problem barədə bilirlər və bu nüfuzlu təşkilat erməni tərəfinin belə hərəkətlərinə qarşı etiraz edir.

Politoloq sonda deyib: “Lakin burada təkcə ATƏT-in rəyi kifayət etmir. Gərək bunu bütün dünya ictimaiyyəti bilsin. Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin digər nümayəndələri bütün beynəlxalq forumlarda Ermənistanın işğalçı siyasəti barədə danışırlar. Azərbaycanın vəzifəsi bu problem haqqında bütün informasiyanı dünya ictimaiyyətinə çatdırmaqdır. Axı dünyada çoxları heç bilmir ki, Dağlıq Qarabağın ətrafındakı 7 rayon da işğal edilib. Lakin bəzən bu münaqişə barədə həqiqi məlumatları dərc etmək çətin olur. Çünki əfsuslar olsun ki, Avropada bəzi KİV-lər ya erməni diasporuna məxsusdur, ya da bu nəşrlərin redaktorları erməni əsillidir. Buna görə də Azərbaycanın qarşısında özünün kütləvi informasiya vasitələri şəbəkəsini yaratmaq və onlar vasitəsilə öz mövqeyini bəyan etmək vəzifəsi durur. Həmçinin öz mövqeyini hazırda ölkənizin fəal əməkdaşlıq etdiyi beynəlxalq forumlar vasitəsilə də bəyan etmək əla olar”.