Dünya müharibəsi başalaya bilər Dünya

Dünya müharibəsi başalaya bilər

ABŞ və Rusiya təhlükəli silah növlərinin istehsalını artırmağı qərara alıblar

Cavid

Dünyanın iki nəhəng ölkəsi Rusiya və ABŞ aralarında davam edən soyuq müharibəyə deyəsən birdəfəlik son qoymağı qərara alıblar. Hər iki ölkə təhlükəli silah növlərinin istehsalını artırmağı qərara alıblar. "Almaz-Antey" Hava hücumundan Müdafiə Sistemi konserninin rəsmisi Pavel Sozinovun fikrincə, Amerika Rusiyaya qarşı qanadlı raketlərdən istifadə edə bilər. Ümumiyyətlə, konsernin ekpertləri son illər ABŞ ordusunun İraq, Liviyada həyata keçirdiyi əməliyyatlardan sonra belə qənaətə gəliblər.
Sozinovun sözlərinə görə, hazırda Amerika Rusiyaya ilk zərbəni endirmək üçün qanadlı raketlərin sayını artırmaqla məşğuldur. ABŞ bunun üçün 7 min qanadlı raket hazırlayır.
Rusiya isə ABŞ-ın raketdən müdafiə sistemlərinin analoqunu inkişaf etdirməyə başlayıb. Rusiya Amerikanın THAAD raketdən müdafiə sistemlərinə qarşı həmin silahın analoqu GBMD sistemini yaradır.
Qısa müddətdə Rusiya ordusunun bu raket sistemləri ilə təchiz ediləcəyi bildirilir.
"Rusiyada PRO THAAD kompleksinin analoqu yaradılır. Bu bizə orta və məhdud miqyasda qitələrarası ballistik raketləri ələ keçirməyə imkan verəcək. Tezliklə onların sınaqlarına başlanacaq ", - Pavel Sozinov əlavə edib.
Onu da məlumdur ki, Ukrayna hadisələri fonunda ABŞ və Rusiya arasında münasibətlər gərginləşməkdə davam edir. Bir çox ekspertlər iki ölkə arasında soyuq müharibənin faktiki olaraq başladığı fikrindədirlər.
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Aleksey Puşkov da ABŞ-la münasibətlərin prespektivindən danışıb.
Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında hərbi münaqişənin olmsı ehtimalı çox azdır. Bununla belə tərəflər arasında münasibətlər çox gərgindir və müvəqqəti olaraq yeni soyuq müharibə dövrünə qədəm qoyub: "Dünyada iki böyük nüvə arsenalına malik ölkə arasında müharibənin olacağına şübhə edirəm".
Dünən bu məsələlərlə bağlı belə bir məlumat yayılıb ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri ABŞ-a məxsusu pilotsuz təyyarəni ələ keçirib. Rusiya hərbi dairələrinin verdiyi məlumatda deyilir ki, Krım səmasında kəşfiyyat uçuşları edən ABŞ ordusuna məxsus MQ-5B Hunter pilotsuz təyyarəsi məcburən yerə endirilib.
Təyyarənin 66-cı ABŞ Hərbi Kəşfiyyat Briqadasına məxsus olduğu bildirilir. Əvvəllər Bavariyada yerləşən briqadanın hazırda Ukraynada yerləşdiyi iddia olunur. Rusiya silahlı qüvvələrindən verilən məlumatda həmçinin bildirilir ki, Krım səmasında icazəsiz uçuşlar edən ABŞ təyyarələrindən biri də vurulub.
Artıq Krım səmasının etibarlı şəkildə qorunduğunu bildirən məlumatda deyilir ki, bunun üçün ən müasir hərbi texnologiyalardan istifadə olunur.