Fransa İŞİD-i yer üzündən siləcəyini bəyanlayıb Dünya

Fransa İŞİD-i yer üzündən siləcəyini bəyanlayıb

Terror təşkilatı öz tərəfdarlarının yeni terror aktları törətməyə çağırıblar

Cavid

Fransa qanunvericiləri İraqda İslam Dövlətinə qarşı hava hücumlarında iştirak müddətinin artırılmasına qərar verib. Bu addım Parisdə 17 adamın ölümünə yol açan hücumlardan sonra atılır. Məlumat üçün bildirək ki, Fransanın paytaxtı Paris şəhərində bir neçə nəfər "Charlie Hebdo" jurnalının redaksiyasına hücum edərək 17 nəfəri öldürüb, 11 nəfəri də yaralayıblar.
Bu hadisədən sonra Parisdə digər bir hadisə baş verib. İki polis işçisinə güllə açılıb. Onlardan biri ölüb, digər isə ağır yaralanıb.
Fransanın paytaxtı Parisdə "Şarli Ebdo" jurnalına edilən hücumda iştirak edən silahlılardan biri İŞİD üzvü olduğunu demişdi.
Milli Assambleyada çıxış edən baş nazir Manuel Valls deyib ki, Fransa dinə qarşı deyil, ekstremizmə qarşı müharibə aparır. O, Fransanın terrorizm, cihad və radikal islam əleyhinə müharibə apardığını bildirib. Baş nazir Frandanın vətəndaşlarını müdafiə edəcəyini deyib.
Parlamentin aşağı palatası tərəfindən İslam Dövlətinə qarşı hava hücumlarında iştirak müddətinin artırılmasına dair qərar artıq təsdiq edilib.
Avropanın polis təşkilatı Avropolun bildirdiyinə görə, 5 mindən artıq avropalı Suriyadakı döyüşlərdə iştirak edir. Bu isə onların vətənlərinə qayıtdığl təqdirdə terror hücumlarına əl atacağı ehtimalını yüksəldir.
Xatırladaq ki, Fransada son iki gündə törədilən terror aktları barədə İŞİD daha öncə xəbərdarlıq verib. Hələ noyabr ayında İŞİD video yayaraq Fransanı təhdid edib.
Fransa vətəndaşı olan üç terrorçu fransızlara qarşı qəti addımlar atmağın lazım olduğunu deyiblər.
Özlərinə Əbu Üsamə əl Faranci, Əbu Məyrəm əl Faranci və Əbu Salman əl Faranci ləqəblərini seçən həmin şəxslər Fransada İŞİD tərəfdarlarının fransız xalqı arasında müxtəlif terror aktları törətməyə çağırıblar.
Onlar öz tərəfdarlarını xalqın üzərinə maşın sürmək, yeyəcək və içəcəklərini zəhərləmək, hücumlar təşkil etmək, baş kəsmək üçün cəsarətli olmağa səsləyiblər.
Terrorçular fransız xalqının başına "oyun" açacaqlarını, çölə qorxa-qorxa çıxacaqlarını, gecə rahat yata bilməyəcəklərini deyərək Fransanı təhdid ediblər.
Fransa müdafiə naziri də İŞİD terror qruplaşmasına münasibətlərindən danışıb.
Müdafiə naziri Jan-İv Drian yerli radiolardan birinə müsahibə verib. Drian bildirib ki, İŞİD terror qruplaşması məhv ediləcək və yer üzündən silinəcək.
"Fransa, Parisdəki terror aktlarından sonra geri addım atmayacaq və İŞİD terror qruplaşmasına qarşı mübarizə aparan koalissiyadan da çıxmaq niyətində deyil", - deyə Jan-İv Drian sözlərinə əlavə edib.
O, həmçinin müsahibəsində 3500 fransız əsgərinin Malidəki terrorçularla mübarizə apardığını, 10 mininin isə Fransanın özündə səfərbər edildiyini, həbçilərin müxtəlif cəbhələrdə olsalar da eyni mübarizəni apardıqlarını deyib.
İŞİD-in təkcə Avropa üçün yox, həm də MDB məkanına böyük təhlükə olduğu bildirilib. Belə ki, İslam Dövlətinin "Rajaoui PS" və "Shadows Team Hackers" haker qrupları Qazaxıstanın paytaxtı Astana şəhərində fəaliyyət göstərən Dövlət Filarmoniyasının saytını dağıdıblar.
Bu haqda məlumatı "Novosti-Qazaxıstan" agentliyi yayıb. Məlumatda deyilir ki, dağıdılan saytın ana səhifəsində "Xilafət gələcək" sözləri yazılıb. Dövlət Filarmoniyasının rəsmisi isə saytın bərpa edilməsi üçün işlər görüldüyünü açıqlayıb.
ABŞ isə Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sındırılan Twitter-i ilə bağlı yenə məlumat əldə edilib. Bu haqda informasiyanı Reuters agentliyi yayıb.
Məlumatda deyilir ki, bu "sındırılmanın" arxasında İslam Dövlətinin yaratdığı "CyberCaliphate" haker qrupu dayanır. Twitter-dəki mikrobloq sındırıldıqdan sonra onun ana səhifəsində ABŞ-a və ABŞ hərbçilərinə qarşı təhdid xarakterli şüarlar yazılıb.
Hazırda mikrobloqun öz əvvəlki vəziyyətinə qaytarıldığı deyilir.
Əldə edilən xəbərə görə İD-in haker qrupu Böyük Britaniya vətəndaşı olan 20 yaşlı Cunaid Hüseyn tərəfindən yaradılıb. CENTCOM-un mikrobloqunun sındırılması prosesində Cunaid şəxsən iştirak etməyib.
Qeyd edilir ki, bu haker qrupu CENTCOM-un youtube-dakı kanalını da dağıdıb. "Reuters" agentliyinin müxbirləri Hüseyndən müsahibə almaq istəsələr də buna nail ola bilməyiblər.
Hüseyn son iki il ərzində dəfələrlə Suriyada olub və İD yaraqlıları ilə görüşüb. Onun ləqəbinin isə "Cihadi Con" olduğu üzə çıxıb.
Cunaid Hüseyn, həmçinin ABŞ jurnalisti Ceyms Foulinin öldürülməsində də günahkar hesab edilir.