Ermənistanfa silah qalmaqalı Dünya

Ermənistanfa silah qalmaqalı

Ermənistan Müdafiə Nazirliyinin bir sıra əməkdaşları silah satıcısı David Qalstyana (”Patron Davo”) qarşı açılan cinayət işi üzrə Milli Təhlükəsizlik Xidməti tərəfindən dindirilib.
Bu barədə erməni nəşri “Joxovurd” məlumat yayıb.
Qalstyanın vəkili Armen Arutyunyan bu barədə yayılan məlumatları qəzetə açıqlamasında təsdiqləyib, lakin istintaqın gizliliyinə görə adlarını çəkməyib.
Nəşrin məlumatına görə, Silah Qüvvələrinin Silahlanma İdarəsinin rəisi, silah tədarükü komissiyasının üzvü general-mayor Poqos Poqosyan xidmət tərəfindən sorğu-suala dəvət olunub.
Vəkil həmçinin müvəkkilinin bir neçə dəfə MTX-da ifadə verdiyini və ittihamı boynuna almadığını söyləyib.
Qeyd edək ki, Qalstyan fevralın 1-də saxlanılıb. O, Müdafiə Nazirliyinə köhnə və istifadəyə yararsız top mərmiləri verməkdə günahlandırılır. Cinayət işinin materiallarına görə, o, Ermənistan Müdafiə Nazirliyinə böyük pullar müqabilində 1983-1986-cı illərdə toplar üçün istehsal olunmuş top mərmiləri tədarük edib. Yararsız sursat arasında 1977-ci il istehsalı Çexiya silahları üçün nəzərdə tutulmuş köhnə mərmilər də olub.
Milli Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyində korrupsiya mexanizmləri ilə bağlı digər cinayət işlərini də araşdırır.
Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan hakimiyyətin adının qanunsuz silah ticarətinə qarışdığını bildirib. Onun iddiasına görə, İrəvan Moskvadan əlverişli şərtlərlə silah və hərbi texnika alıb, sonra üçüncü ölkələrə satıb. Minasyan qeyd edib ki, bu əməliyyatlar Ermənistan adından silah sövdələşmələrini həyata keçirmək hüququ verilən David Qalstyan vasitəsi ilə həyata keçirilib.