Ermənistanda repressiyalar başlanıb Dünya

Ermənistanda repressiyalar başlanıb

Sarkisyan öz xalqını boğmağa çalışır

Cavid

Ermənistanda daxili siyasi vəziyyət hər ötən gün daha dramatik xarakter alır. Gümrü hadisəsindən sonra Sarkisyan hakimiyyətinə qarşı başlanan etiraz aksiyasının əhatə dairəsi və elektoratı da getdikcə artmaqdadır. Artıq siyasi müxalifət deyil, müxtəlif sahələrdə çalışan insanlar, o cümlədən ölkənin biznes və nəqliyyat sektorunun nümayəndələri də Serj Sarkisyanın istefasını tələb edirlər.
Bu günlərdə Qarabağ ermənilərinin də Sarkisyan hakimiyyətinə qarşı çıxması və Yerevana yürüş cəhdi, buna qarşı isə hakimiyyətin gücdən istifadə etməsi xalqın hakimiyyətə qarşı olan hiddətini daha da artırıb. Təsadüfi deyil ki, bir çox ekspertlər artıq Ermənistanın hakimiyyət dəyişikliyi ərəfəsində olduğunu bildirirlər. Qeyd olunur ki, hətta Rusiya da Ermənistanda Sarkisyan hakimiyyətinin devrilməsində maraqlıdır. Bəs görəsən reallıq nədən ibarətdir və Ermənistan həqiqətənmi hakimiyyət dəyişikliyi astanasındadır.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovun fikrincə, Ermənistanda hazırkı vəziyyət ondan xəbər verir ki, artıq erməni xalqı cinayətkar rejimdən cana doyub, bezib. Çünki xalq səfalət, aclıq içərisindədir. Belə bir vəziyyətdə Ermənistanın hazırkı dövlət başçısı Serj Sarkisyanı hakimiyyətə gətirən keçmiş prezident Robert Köçəryanın da mövcud iqtidara qarşı çıxması və açıq-aşkar müəyyən fikirlər səsləndirməsi onu göstərir ki, ölkədə vəziyyət olduqca gərgin və ağırdır. Əslində işğalçı ölkədə vəziyyət çoxdan ağır idi: "Əgər Rusiyanın hər hansı bir müdaxiləsi və dəstəyi olmasaydı, Sarksiyan hakimiyyəti indiyə qədər hakimiyyətə davam gətirə bilməzdi. Ümumiyyətlə, bu rejim hərb, silah gücünə hakimiyyətdə qalmaqda davam edir. Yəni hakimiyyət əsasən silahlı qüvvələrin gücünə arxalanaraq özünü saxlayır. Ancaq erməni xalqı çoxdan bu hakimiyyətə qarşı öz sözünü deyib. Hesab edirəm bu proseslər Ermənistanın hazırkı iqtidarının sonunu yaxınlaşdırır. Çünki həm Qarabağda gedən proseslər, həm də Ermənistanın daxilində cərəyan edən hadisələr bir daha onu deməyə əsas verir ki, Sarkisyan hakimiyyəti özünün çətin dövrünü yaşayır. Bu gün Ermənistanda təkcə siyasi müxalifət deyil, eləcə də biznes sahəsinin adamları da Sarkisyan hakimiyyətindən narazıdır. Bir neçə gün əvvəl kiçik və orta sahibkarların yürüş təşkil etməsi, hətta Prezident Aparatı və Nazirlər Kabinetinin binasına qədər irəliləməsi onu göstərir ki, ölkədə sosial partlayış həddi yaxınlaşır və Ermənistan hakimiyyəti bunun qarşısını ala bilməyəcək. Ya Ermənistan hakimiyyəti müxalifətlə hansısa dialoqa getməli, ya da hakimiyyət silah gücünə müxalifəti zərərsizləşdirməli və xalqın iradəsini qırmalıdır. İstənilən halda Ermənistan Qafqaz regionunda bütün proseslərdən kənarda qalıb və bu ölkədə bir dənə də olsun erməni Ermənistanın hansısa xoşbəxt gələcəyinə inanmır. Hətta onların imkanı olsa bu gün Ermənistanı tərk edərlər. Çünki bu ölkədə vəziyyət kifayət qədər acınacaqlıdır. Həmçinin bu gün erməni xalqı Dağlıq Qarabağda döyüşmək istəmir və bundan beziblər Onlar artıq bilirlər ki, bütün bunlar siyasi oyunlardır və bu oyun hansısa rejimin hakimiyyətdə qalmasına xidmət edir".
Artıq Sarkisyan hakimiyyəti etiraz dalğasının qarşısını almaq məqsədilə repressiyalara başlayıb. Belə ki, dünən Ermənistanın Şirak vilayətinin Sarnaxbyür kəndinin 22 yaşlı sakini Mnatsakan Aleksanyan həmin vilayətin Maralik şəhərinin istintaq idarəsinə aparılıb. Bu barədə "Azadlıq" radiosunun İrəvan bürosuna erməni gəncin ailəsi məlumat verib.
Aleksanyanın ailəsindən bildirilib ki, onun istintaq idarəsinə aparılmasına səbəb yanvarın 15-də Gümrüdə baş verən hadisələrlə bağlıdır. Belə ki, Mnatsakan Aleksanyana polis tərəfindən çağırış vərəqəsi göndərilməyib və onu qeyri-qanuni şəkildə həbs ediblər.
Erməni gəncin atası Martiros Aleksanyan isə oğlunun heç bir qanuni prosedura riayət olunmadan saxlanıldığını bildirib: "Mənim oğlumu Gümrüdə baş verən etiraz aksiyalarındakı iştirakına görə saxlayıblar. Kəndimizdəki evimizə Maralik rayon polis şöbəsinin nümayəndələri gəldi və onlar xahiş etdilər ki, oğlumla birgə polis rəisinin müavininin qəbuluna gedək. Mən oğlum bə polis işçiləri ilə birgə Maralik rayonunun daxili işlər idarəsinə getdik. Bir müddət bayırda gözlədim və az sonra rəis müavini Ovannes Ovannisyan övladımlar birgə aşağıya düşdülər. O, mənə dedi ki, oğlumu işlə bağlı Gümrüyə aparmalıdırlar. Mən razı oldum. Daha sonra mülki geyimli şəxs öz maşınları ilə bizi Gümrü polis idarəsinin Muş şöbəsinə apardılar. Mən orada da çöldə gözləməli oldum.Təxminən yarım saatdan sonra onlar aşağıya düşdülər və övladımı gəlidiyimi maşınla naməlum istiqamətə apardılar. Oğlum maşına minərkən, sadəcə haraya aparılmasını bilmədiyini deməyə imkan tapdı. Mən istintaq idarəsinə getdim və övladımın işi ilə məşğul olan müstəntiq Arakelyanla görüşdüm. O da mənə bildirdi ki, yəqin oğlumu prokurorluğa aparırlar və o da hazırda həmin idarəyə gedir. Daha sonra Şirak rayon prokurorunun köməkçisi Poqosyan mənə zəng edərək bildirdi ki, oğlum çübhəli şəxs qismində saxlanılıb və təcridxanaya yerləşdirilib".
Bu arada "Asparez" Gümrü jurnalistlər klubunun sədri Levon Barseqyan sözügedən olayla bağlı bildirib ki, Mnatsanan Aleksanyan son günlər bir neçə dəfə polisə çağırılıb.
"Onun pasportunu əlindən almışdılar, şənbə günü isə onu geri qaytardılar. Bu gün isə gözlənilmədən evindən aparıblar. Bu amil belə şübhələnməyə əsas verir ki, yaxın günlərdə digər şəxslər də həmin vəziyyətdə saxlanılacaq. Rejim məhz bu vasitə ilə insanları girov götürür".
Xatırladaq ki, Rusiyanın Gümrüdə yerləşən hərbi bazasının əsgəri Premyakov Avetisyanlar ailəsinin yeddi nəfər üzvünü qətlə yetirdikdən sonra şəhərdə Rusiya əleyhinə və Ermənistan hakimiyyətinin həmin hadisəyə biganə yanaşmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Etirazla bağlı saxlanılanlara qarşı xuliqanlıq və hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etmə maddələri ilə cinayət işi açılıb.
Bundan başqa İrəvanın Kentron və Nork-Marak inzibati rayonlarının ümumi işlər üzrə ədliyyə məhkəməsi ötən axşam Ermənistan Milli Məclisinin sabiq deputatı Akop Akopyanın iki aylıq həbsi barədə qərar verib. "Armtoday"a istinadən xəbər verir ki, bu qərar vergi xidməti müstəntiqinin iddiası əsasında, beş saatlıq məhkəmə araşdırmasından sonra verilib.
Məhkəmə iclası zamanı Akopyanın səhhəti pisləşib və məhkəməyə təcili tibbi yardım briqadası çağırılıb.
Bir sıra maliyyə cinayətlərində şübhəli bilinən sabiq deputat onun tərəfindən maliyyələşdirilən yeni filmin prezentasiyasına hazırlaşırdı. Belə ki, qondarma erməni soyqırımının "100 illiyi"nə həsr olunmuş "Yaddaş" adlı film hələlik ekranlara çıxmasa da, bir sıra Ermənistan ictimaiyyəti tərəfindən sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb.
Onu da qeyd edək ki, Ermənistandakı məlum hadisələrə görə ABŞ messenatı Ermənistandan imtina edib.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) tanınmış messenatı Con Hantsman Ermənistanda təhsil və səhiyyə istiqamətində başlatdığı xeyriyyəçilik proqramlarını geri çevirib. Bu barədə "Vestnik kavkaza" portalı xəbər yayıb. Portalın xəbərində qeyd olunur ki, onun proqramında bir neçə milyon dollarlıq investisiyalar nəzərdə tutulmuşdu. Həmçinin bildirilir ki, amerikalı messenat xeyriyyəçilik proqramının geri çevrilməsi üçün hələ 2014-cü ildə qərar vermişdi.
Eyni zamanda qeyd olunur ki, Hansmanın "Huntsman Corporation" kompaniyası heç bir maliyyə çətinliyi ilə üzləşməyib və onun Ermənistandakı proqramlarının geri çevrilməsi bununla əlaqəli deyil.
Xatırladaq ki, Ermənistanda bir sıra sahələr, məhz xarici yardımlar və xeyriyyəçiliklər sayəsində idarə olunur. Yerdə qalan sahələr isə Sarkisyan rejimi tərəfindən inhisara alınıb.