Avropanın enerji təhlükəsizliyinin qorunması Dünya

Avropanın enerji təhlükəsizliyinin qorunması

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Azərbaycanın rolunu vurğulayıb

Böyük Britaniyanın İcmalar Palatasında Ukrayna böhranı və artmaqda olan Rusiya təhlükəsi ilə bağlı müzakirələr olub.
Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, müzakirələr zamanı sualları cavablandıran Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Avropanın enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın gələcək rolunu şərh edib.
"Biz Avropanın enerji təminatının şaxələndirilməsi istiqamətində əhəmiyyətli işlər görürük. Mən Azərbaycan ərazisindən keçəcək, dekabrda təqdimatı olmuş yeni boru kəmərini qeyd etmək istərdim", - deyə nazir bildirib.
Ukraynadakı son hadisələrə və enerji təhlükəsizliyinin əhəmiyyətinə toxunan U. Heyq bildirib ki, bu hadisələr Avropada hər kəsin yaddaşında qalacaq: "Britaniya üçün vacib olan bu məsələnin həlli növbəti bir neçə il ərzində xarici siyasət və təhlükəsizliklə bağlı əhəmiyyətli müzakirələrdən biri olacaq".
Müxalifətin kölgə kabinetin xarici işlər naziri, parlament üzvü Duqlas Aleksandr isə ərazi bütövlüyünün vacibliyini vurğulayıb.
"Ukraynanın sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü beynəlxalq sistemində dərin kök salmış prinsipləri əks etdirir. Əlbəttə ki, yerlərdə vəziyyət gərgin, qeyri-müəyyən, anlaşılmazlıq və yanlış rəyə qarşı həssas olaraq qalır," - deyə Duqlas Aleksandr bildirib.
Debatı izləyən AAC-ın direktoru Lionel Zetter bildirib ki, Ukraynada baş verənlər ciddi narahatlıq doğurur: "Ümidvarıq ki, hazırkı böhran həll olunandan sonra, Qərb yenidən diqqətini Dağlıq Qarabağ və 7 ətraf rayonun məsələsinin həllinə yönəldəcək ki, 1 milyon azərbaycanlı öz evinə və torpaqlarına qayıda bilsin".