Vaşinqton İranla ehtiyatlı davranır Dünya

Vaşinqton İranla ehtiyatlı davranır

Syuzan Rays: "Əlavə sanksiyalar bu ölkənin nüvə proqramı üzrə danışıqları pozacaq"

Binyamin Netanyahu: "İranın dünya gücləri ilə nüvə anlaşması İsrailin varlığı üçün təhlükədir"

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Syuzan Rays ictimai əlaqələr üzrə Amerika-İsrail toplantısında çıxışı zamanı Konqresi İrana qarşı yeni sanksiyalar tətbiq etməməyə çağırıb, belə ki, onun fikrincə, yeni sanksiyalar nüvə proqramı üzrə danışıqları poza bilər.
Bu barədə RİA "Novosti" xəbər verir.
"Konqres İrana qarşı sanksiyaların hazırlanmağında son dərəcə vacib rol oynayıb, lakin indi o, hər şeyi pozmamalıdır. Əlavə sanksiyalar və ya danışıqlar gedişində qəbul edilən məhdudlaşdırıcı qanunvericilik aktları danışıqları pozacaq, beynəlxalq ictimaiyyəti parçalayacaq və ABŞ-ın ünvanına baş tutmayan iş birliyi ilə bağlı ittiham yaradacaq.", - S.Rays belə deyib.
Vaşinqtonun mövqeyi İsraildə ciddi narazılığa səbəb olub. İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-da "İsrail-Amerika Əlaqələri Komitəsi" qarşısında çıxışı zamanı deyib ki,
ABŞ rəsmiləri öz ölkələrinin təhlükəsizliyini düşünürlər, İsrail rəsmiləri isə öz ölkələrinin taleyi ilə bağlı narahatdırlar: "Dünyanın ən təhlükəsiz bölgəsində yerləşən ABŞ dünyanın ən güclü ölkəsidir. İsrail isə ən kiçik ölkələrdən biri kimi dünyanın ən təhlükəli bölgəsində yerləşir. Buna görə də malik olduğu gücə baxmayaraq, İsrail ABŞ-dan zəifdir. Bu iki dövlətin İranın nüvə proqramı ilə bağlı fərqli fikirləri də buradan qaynaqlanır".
O deyib ki, ABŞ və digər dünya güclərinin İranla mümkün anlaşmağı İsrailin gələcəyini və ümumiyyətlə varlığını təhlükə qarşısında qoyacaq.
B.Netanyahu Konqres qarşısında baş tutacaq çıxışına işarə edərək, bunun Barak Obama və onun hökumətinə hörmətsizlik olmadığını bildirib.
İsrailli hökumət başçısı bu çıxışda İranla aparılan nüvə danışıqları ilə bağlı bəzi məxfi məqamları açacağını vəd edib.
Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri bununla bağlı B.Netanyahuya xəbərdarlıq edib.