Rusiyanın Ukraynanı işğal planı Dünya

Rusiyanın Ukraynanı işğal planı

General Vadim Qreçaninov: "Tezliklə sərhəddə qoşunlar yığılacaq"

Cavid

Yaxın aylar ərzində Rusiya Ukraynanın geniş miqyaslı işğalına başlaya bilər. Bu açıqlama ilə ehtiyatda olan ukraynalı general Vadim Qreçaninov çıxış edib. O, Putinin öz planlarını aprel-may ayları ərzində reallaşdıra biləcəyini deyib: "İndi Ukraynada provokasiyalar olacaq. Tezliklə sərhəddə qoşunlar yığılacaq, Xarkov, Odessada provokasiyalar baş tutacaq".
ABŞ dövlət katibi Con Kerri isə Cenevrədə bəyan edib ki, Rusiya növbəti iqtisadi sanksiyalarla üzləşəcək: "Əgər Ukraynanın şərqində atəşkəs və sülhlə bağlı razılaşma yerinə yetirilməsə, Rusiya növbəti iqtisadi sanksiyalarla üzləşəcək".
Kerri BMT İnsan Haqları Şurasının toplantısı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergei Lavrovla danışıqlardan sonra bu razılaşmanın yaxın saatlarda tam həyəta keçiriləcəyinə ümidlə yanaşdığını bildirib.
Amma Kerri qeyd edib ki, əgər bu baş verməsə Rusiyaya qarşı növbəti addımlar atılacaq. O həmçinin Vaşinqtonla Moskvanın daha yaxından əməkdaşlığa dönəcəklərinə ümidlə yanaşdığını qeyd edib.
BMT-nin martın 2-də yaydığı son məlumata görə ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.
Bu arada Ukrayna Rusiyadan öz səfirini geri çağırıb. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Yevgeni Perebiynis bildirib ki, ukraynalı diplomat Vladimir Yelçenko Kiyevə məsləhətləşmə üçün çağırılıb. Perebiynisin sözlərinə görə, hələlik Moskvada Ukraynanın konsulluğu fəaliyyət göstərir. Qeyd edək ki, Yelçenko 2010-cu ilin iyulundan Rusiyada səfirdir.
"Vedomosti" qəzeti Rusiya Maliyyə Nazirliyinin sənədlərinə istinadən yayıb ki, 2017-ci ildə Rusiyanın valyuta fondu bitəcək. Bu da Rusiyanın Ukraynaya müharibəsi ilə əlaqələndirilib.
Məlumatda 2016-cı ildə valyuta fondundan 1,2 trilyon rubl xərclənəcəyi bildirilib:
"Neftin qiymətinin düşməsi, xarici bazara çıxışların məhdudlaşdırılması fondun pulunun yox olmasına səbəb ola bilər. Buna görə də ölkənin valyuta fondundan 2017-ci ildə cəmi 500 milyard rubl qala bilər".