Ermənistan çıxılmaz durumda Dünya

Ermənistan çıxılmaz durumda

Ermənistan eyni vaxtda ikili oynamaq istəyir. Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, hazırda İrəvan Avropa Birliyi (AB) ilə əməkdaşlığın inkişafı haqqında danışıqlar aparır.
Erməni nazir deyib ki, Kremli əsəbiləşdirməmək üçün bu, Ermənistanın Avrasiya İttifaqına girdiyi zaman götürdüyü öhdəliklərə zidd olmayan çərçivədə mümkündür.
Ekspertlərin fikrincə, rəsmi İrəvan hakimiyyət başından oturanların günahı üzündən respublikanın düşdüyü iqtisadi bataqlıqdan çıxmaq üçün kimlə gəldi əməkdaşlıq etməyə hazırdır. Erməni KİV-ləri dəhşətli faktlar açıqlayırlar. Məsələn, əsas qida məhsulu olan çörək təkcə fevral ayında 6,5% bahalaşıb. Ehtimal edilir ki, qiymət artımı martda da davam edəcək. İrəvanda bu barədə lətifə də düşünüblər. Deyirlər ki, bizdə çörək bahalaşmayıb, sadəcə, çəkisi iki dəfə azalıb.
Yarma, ət və pendirin də qiyməti ciddə şəkildə artıb. Hətta adi məişət cihazları da ciddi şəkildə bahalaşıb. Üstəgəl, 50 min erməni ailəsi Rusiyadan gələn rubllardan məhrum olub. Erməni miqrantları Rusiyadan öz evlərinə qovulduğuna görə işsiz qalıblar.
Buna görə də, bir çox iqtisadçılar hesab edirlər ki, Ermənistan eyni vaxtda bu iki qucaqda otura bilməyəcək. Çünki bu iki qurum - Avropa Birliyi və Avrasiya İttifaqı yetərincə fərqli yollarla gedir.
Ermənistan yaxın gələcəkdə daha bir hücumla üz-üzə qala bilər. Bəllidir ki, Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqının vahid valyutasının yaradılması üçün tapşırıq verib. Bu, Ermənistan üçün ciddi problemə çevrilə bilər. Çünki ölkə milli valyutası dramdan məhrum olaraq Rusiya rubluna keçə bilər.
Ekspertlərin fikrincə, bu, Ermənistanda ciddi siyasi təlatümə gətirə bilər ki, nəticədə yalnız hakimiyyətdəkilər deyil, həm də xarici siyasət istiqaməti dəyişə bilər.