Sonu görünməyən xaos Dünya

Sonu görünməyən xaos

Pakistan və Əfqanıstanda gedən müharibələr nəticəsində 150 minə yaxın insan həlak olub

Cavid

ABŞ-da "Brown" Universiteti "Watson" Beynəlxalq Araşdırmalar İnstitutunun nəzdində çıxan "Costs of War" ("Müharibənin nəticələri") layihəsi çərçivəsində aparılan yeni araşdırmaya görə, 2001-ci ildən bəri Əfqanıstan və Pakistanda gedən müharibələr nəticəsində təxminən 150 min əsgər və vətəndaş həlak olub. Əfqanıstanda Taliban hökumətinin devrilməsi üçün edilən hücumlardan bu yana yaralananların sayı isə 162 min olub.
"The Guardian"ın araşdırmasında göstərilir ki, son illərdə ölənlərin və yaralananların sayı əhəmiyyətli dərəcədə artdığından, belə görünür ki, Əfqanıstandakı müharibə sona çatmaq əvəzinə daha da güclənir. Bu və ABŞ-ın qüvvələrini geri çəkməkdə tələsmədiyi elanını verməsi "Əfqanıstanda müharibənin hələ sona yaxınlaşmadığı faktını vurğulayır. Əksinə, burda vəziyyət daha da pisləşir".
Pakistanın şimal-qərbində "olduqca qızğın münaqişə" olmasına baxmayaraq, ölkədə vəziyyətin gərginliyi son illər daha aşağı səviyyədədir.
Araşdırmada birbaşa müharibənin, necə deyərlər, "güllə, bomba, yanğın və s-nin" səbəb olduğu ölüm və xəsarət alma halları əsas götürülür. Müharibə nəticəsində birbaşa olmasa da, insanlar qidasızlıq, səhiyyə xidmətinin lazımı səviyyədə olmaması və yurd-yuvalarından çıxarılarkən üzləşdikləri çətinliklərə görə də həlak olurlar. Ancaq bu səbəblərə görə məhv olan insanların sayını hesablamaq olduqca çətindir.
Araşdırmada bilavasitə müharibə nəticəsində həlak olan və xəsarət alanlar, yəni əsgərlər, sonra isə jurnalistlər, humanitar yardım işçiləri və s. daxil olmaqla, mülki şəxslər üçün ABŞ və digər müttəfiq ölkələrin hesablamalarından tutmuş BMT-nin Əfqanıstandakı yardım missiyası və QHT-lərin məlumat bazalarına qədər müxtəlif mənbələrdən istifadə edilib. Araşdırmanın müəllifi Neta Krouford bildirib ki, 1990-cı illərdən bu yana aparılan araşdırmalarda göstərilən təxmini hesablamaya görə, müharibə zamanı həlak olan 15 nəfərdən üçü birbaşa yox, yuxarıda sadalanan səbəblərdən həlak olur.
Lakin hərbi münaqişə son araşdırmada götürülən hər iki ölkəni viran qoyub. Boston universitetində politologiyadan dərs deyən və layihənin ortaq rəhbəri olan Krouford dolayı səbəblərdən həlak olanların sayının hesablanmasının, demək olar, mümkün olmadığını bildirərək deyib: "Onu bilirik ki, sağlamlığa təsir göstərən dolayı amillər döyüş bitdikdən sonra da davam edir. Bu müharibələr bitdikdən sonra da həm Pakistan, həm də Əfqanıstanda ictimai səhiyyə üçün yardıma ehtiyac olacaq. Müharibələrin yaxın gələcəkdə bitəcəyi isə gözlənilmir."