Avropa parçalanırmı? Dünya

Avropa parçalanırmı?

Yunanıstanın Avrozonadan çıxmasını istəyir, ya yox?

Cavid

Almaniya kansleri kimi Angela Merkelin davamçısı olmağa namizəd hesab edilən və Xristian Demokrat İttifaqının sadiq dəstəkçisi Norbert Röttgen bildirib ki, indi bütün dünyaya Avropanın parçalandığı siqnalını vermək dəhşətli bir zəiflik göstəricisi olar. Ekspertlərə görə, Röttgen bununla Yunanıstanı nəzərdə tutur. Belə ki, Yunanıstan yenidən borc öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir, avrozonadan çıxma ehtimalı ilə üz-üzədir, iqtisadi tənəzzül yaşayır və geosiyasi gələcəyi sual altındadır. Əslində isə o, Britaniyanın Aİ-ni tərk etmə ehtimalından danışırdı. İstənilən halda, Avropa çıxılmaz vəziyyətdədir.
Yunanıstan kiçik bir ölkədir və avrozonada ÜDM-nin yalnız iki faizi Yunanıstanın payına düşür. Yunanıstanın avrozonadan çıxması o qədər də böyük fərq yaradacağa bənzəmir. Digər tərəfdən güclü iqtisadiyyata malik olan bir ölkənin Aİ-dən çıxması Avropaya daha böyük zərər verər.
"Telegraph"ın yazdığına görə, maliyyə baxımından ehtiyat tədbirləri Yunanıstana göstərilən son maliyyə yardımından bəri gücləndirilib. Ona görə də, borc öhdəliklərini yerinə yetirə bilmədiyi halda yaranacaq vəziyyət bir neçə il əvvəl ola biləcəyindən daha az zərər verəcək. Bundan başqa, Yunanıstanın dövlət borcu artıq rəsmi əllərdədir – avrozonaya daxil olan ölkələrdən alınan ikitərəfli kreditlər, BVF və Avropa Mərkəzi Bankı.
Üç il əvvəl Yunanıstanın borclarını ödəyə bilməməsi və ya avrozonadan çıxmasının, həqiqətən də, böyük təsirləri ola bilərdi. Bu gün isə belə deyil. Syriza partiyasının rəhbərlik etdiyi hökumət avronun saxlanılması əsasında seçilib, lakin burda sərt iqtisadi tədbirlər, struktur tənzimlənməsi və troyka (üçlük) proqramı ilə gələn müşahidə yox idi. Bu platforma sadə görünsə də, artıq həyata keçirilməsi mümkünsüzdür. Yunanıstanın baş naziri Aleksis Çiprasın bu məqsədlərinə çatması ehtimalı yoxdur.
Ancaq bəlkə də Yunanıstanın istifadə edə biləcəyi bir şey də var. O şey ki, Amerikanın Yunanıstanın avrozonada qalması ilə bağlı həll yolu əldə edilməsi və Britaniyanın baş naziri Devid Kemeronun Birləşmiş Krallığı Aİ-də saxlayacaq razılaşma əldə etməsini bu qədər təkid etməsinə səbəb olur. Həmin məsələyə Cənab Röttgen də Londondakı çıxışında eyham vurub.
Bir tərəfdən Rusiyanın fürsət gözlədiyi, digər tərəfdən isə Yaxın Şərqdə yeni böhranın başladığı bir vaxtda Avropanın ehtiyacı olan ən son şey qonşuluğunda geosiyasi cəhətdən qeyri-sabitlik dövrünün başlamasıdır.
Almaniya mətbuatının verdiyi məlumatlara əsasən Yunanıstan artıq Rusiya ilə gələcəkdə hərbi əməkdaşlıq qurulması haqqında gizli danışıqlar aparır. Bu əməkdaşlığa Yunanıstanda kalaşnikov hazırlanması üzrə müəssisə yaradılması da daxildir. Bu xəbərlərə gözübağlı inanmaq da olmaz. Bunlar Yunanıstana qarşı təbliğat kampaniyası da ola bilər. Belə olsa da, geosiyasi mövqelərin dəyişməsi təhlükəsi əsassız deyil.
Xatırlayaq ki, Yunanıstan NATO-nun ÜDM-nin 2 faizindən çoxunun hərbi xərclərə ayrılması ilə bağlı qoyduğu normaya əməl edən az sayda ölkədən biridir. Hər şey bir kənara, Yunanıstan hərbi cəhətdən özünü geri çəkmir.
Yunanıstanla bağlı vəziyyətin necə olmalı olduğu və necə olacağı həmişə 2 fərqli sual olub. Makro-iqtisadi cəhətdən vəziyyət belədir ki, Yunanıstan üçün ən yaxşı seçim avrozonadan çıxmaqdır. Bunun ardından qısa müddət ərzində ciddi problemlər başlayacaq, hasilat yenidən kəskin şəkildə azalacaq. Hiperinflyasiya başlaması ehtimalı da yüksəkdir. Ancaq avrozonada qalması da sadəcə bu problemlərin vaxtını uzadacaq.
Almaniyanın maliyyə naziri Volfqanq Şoyblenin uzun müddət bildirdiyi kimi, tamamilə makro-iqtisadi cəhətdən baxsaq, Yunanıstanın avrozonadan çıxması digər ölkələr üçün də sərfəlidir.
Təsadüfi deyil ki, təsəvvür edə biləcəyiniz kimi Yunanıstana qarşı əsl sərt siyasət yeridənlər Almaniyada yox, İspaniya, Portuqaliya, Latviya və İrlandiya daxil olmaqla, avrozona periferiyasındadır. Bu ölkələrin hamısı belə bir çətin dövrdən keçiblər və bu dövrdən sağ çıxıblar.
Avrozonada olan digər ölkələrin çoxu isə düşünür ki, əgər onlar ikitərəfli kreditləri ilə sağollaşmalı olacaqlarsa, Yunanıstan da bunun nəticələrinə dözməlidir. Paradoksal hal ondan ibarətdir ki, Yunanıstanın borc öhdəliklərini yerinə yetirməməsi digər üzv dövlətlər arasında xərclərin azaldılması strategiyasına dəstəyi gücləndirə bilər.
Düşünə bilərsiz ki, bir ölkənin borc öhdəliklərini yerinə yetirməməsi digərlərində də eyni vəziyyəti yaradır. Ancaq belə deyil. Xarici kreditorlara borcların ödənilməməsi qonşu dövlətlərdə əks təsir yaradır. Seçicilər borc öhdəliklərinin yerinə yetirilmədiyi halda yaranan vəziyyəti gördükdən sonra xarici kreditorlara borcların ödənilməsini ön plana çəkirlər.
Yunanıstanla bağlı vəziyyətin necə olacağına gəldikdə isə deyə bilərəm ki, Çipras danışıqların rəsmilər və teknotratların əlindən alınıb nüfuzlu şəxslərin yenidən iş başına qaytarılması məqsədinə artıq nail olub. Yunanıstan üçün nəticələri bəlli olana qədər borcların ödənilməsi ilə bağlı qərar hələ qəbul olunmayacaq. Bu və ya digər şəkildə Yunanıstan avrozonada qalmaq üçün səs verəcək və böhran zəifləyəcək.
Ancaq bu proqnoza uyğun gəlməyəcək çox şey baş verə bilər. Çipras artıq bezibsə və Yunanıstanı avrozonadan çıxarmaq istəyirsə, bütün bu son dəqiqə danışıqları avrozonada çıxmaq üçün şüurlu seçim edilməsi ilə bağlı yox, təcrid olunduğu düşünüldüyünə görə keçirilirsə, onda necə olacaq? Bu ehtimal maliyyə bazarlarında tamamilə gözardı edilir. Baş verənlərin geosiyasi tərəfi iqtisadi tərəfindən bir baxıma daha çox önəm daşımağa başlayıb. Cənab Röttgenin bildirdiyi kimi, Avropanın birliyi nadir hallarda bu qədər önəmli olub. Ancaq yarım əsrdən çoxdur ki, bu birlik bu qədər böyük təhlükə ilə də üzləşməyib.