Boş qalan yerlərə ixtisas seçimi bugündən başlayır Hadisə

Boş qalan yerlərə ixtisas seçimi bugündən başlayır

Bugündən etibarən 2015/2016-ci tədris ilində ail təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, proses avqustun 19-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub).
Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 14-də "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaqdır.
Qeyd edək ki, TQDK avqustun 12-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Tələbə adı qazanmış şəxslər 2015-ci il avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinin müsabiqəsində 38763 abituriyent iştirak edib. Onlardan 32196 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.