“Leyla və Arif Yunuslar haqqında çıxarılan məhkəmə hökmü də tam qanuni...” Hadisə

“Leyla və Arif Yunuslar haqqında çıxarılan məhkəmə hökmü də  tam qanuni...”

Eldar İbrahimov: "Onların törətdikləri əməlləri tam adekvatdır"


Azərbaycan bir sıra nüfuzlu Avropa qurumlarının bərabərhüquqlu üzvü kimi həm də Avropa hüquq məkanının üzvüdür.
Yəni, Azərbaycan məhkəmələrinin çıxardığı hökmlərdən narazı qalanlar varsa və olarsa, onlar Azərbaycanın da yaxından əməkdaşlıq etdiyi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət, hüquqlarını müdafiə edə bilər.
Bu fikirləri, YAP İdarə Heyətinin üzvü, parlamentin komitə sədri Eldar İbrahimov bildirib.
Onun sözlərinə görə, əslində isə Azərbaycan məhkəmələrinin çıxardığı hökmləri də şübhə altına almaq düzgün olmaz və bunun üçün əldə ciddi əsaslar yoxdur.
Bu baxımdan, bir necə gün öncə bir sıra cinayət əməllərində suçlanan Leyla və Arif Yunuslar haqqında çıxarılan məhkəmə hökmü də tam qanuni, onların törətdikləri əməlləri tam adekvatdır.
Komitə sədrinin fikrincə, məlum Yunusların, xüsusilə də, L.Yunusun siyasi və insani kimliyi, əməlləri, fəaliyyəti hər kəsə yaxşı məlumdur və bəllidir.
E.İbrahimovun bildirdiyinə görə, Yunuslar, ələlxüsus, L.Yunus hər zaman anti-Azərbaycan fəaliyyəti ilə tanınıb, seçilib, fərqlənib.
"Hər zaman Azərbaycana qarşı qatı və yağı düşmən olan qüvvələrin, ermənipərəst anti-Azərbaycançı dairələrin yanında yer alıb, qərar tutub.
Heç zaman doğulub boya-başa çatdığı, suyunu içib, havasını udduğu, çörəyini yediyi bu dövləti, bu vətəni, bu xalqı sevməyib. Əksinə, bu dövlətə, bu millətə, bu vətənə xor baxanlardan, nankorluq edənlərdən olub.
Azərbaycanı sevməyən qüvvələrin, onu belə demək mümkünsə, bir qaşıq suda boğmaq istəyənlərin planlarının, tapşırıqlarının icraçısı olub.
Bunu da heç zaman gizlətməyib. Ümumiyyətlə, fəaliyyət göstərdityi bu illər ərzində - istər 1988-ci ildə başlayan xalq hərəkatı illərində, istər Müdafiə Nazirliyində ona uyğun olmayan yüksək vəzifədə çalışdığı illərdə, istərsə də sonrakı illərdə hər zaman anti-Azərbaycançı mövqeyini ortaya qoyub, sərgiləyib.
Azərbaycan, cəmi türk millətinin, Türk dünyasının qənimi, düşməni olan olan Ermənistanla, ermənilərlə açıq və gizli işbirliyindən belə çəkinməyib, Azərbaycana qarşı xəyanətkar mövqe tutub.
Elə onun Azərbaycanda keçirilən "Eurovision" mahnı müsabiqəsi zamanı tutduğu anti-Azərbaycan mövqeyi, bu möhtəşəm mahnı yarışmasının boykot olunması üçün göstərdiyi cəhdlər heç kimin yadından çıxmayıb.
Eyni zamanda, artıq tarixə qızıl hərflərlə həkk olunmuş ilk Avropa Oyunları ilə bağlı onun hansı cildən-cildə girdiyi hamımıza yaxşı məlumdur.
Hətta, çox qəribədir və maraqlıdır ki, Azərbaycana qənim kəsilmiş qüvvələrdən öncə məhz o bu oyunlara qarşı çirkin böhtan və boykot kampaniyası başlatmışdı və bununla da, əsl simasını bir daha otraya qoymuşdu.
Təbii ki, bu və digər qanunsuz, cinayətkar əməlləri cavabsız qala bilməzdi və qalmadı da. O və həyat yoldaşı layiq olduqları və haqq etdikləri cəzanı, cavabı, məhkəmənin qanuni hökmü ilə öz hüquqi qiymətlərini aldılar.
İndi kimlərinsə bunu görməməzliyə, bilməməzliyə vurması, öz cirkin məqsədləri naminə Azərbaycan məhkəməsinin qanuni hökmünü şübhə altına almağa, bundan Azərbaycana qarşı şantaj, təzyiq vasitəsi kimi istifadə etməyə çalışması əsla qəbulolunan deyil".