“İŞİD-in islama dəxli yoxdur” Hadisə

“İŞİD-in islama dəxli yoxdur”

İŞİD deyilən qrupun islama heç bir aidiyyəti yoxdur. Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Lider" televiziyasının sualını cavablandırarkən deyib. Komitə sədri bildirib ki, İŞİD yalnız siyasi sifarişləri, geopolitik maraqları yerinə yetirir: "İslamın bütövlükdə bütün mərkəzlərində, tanınmış islam mücahidləri, müctəhidləri və alimləri tərəfindən bu cür qruplaşmalar pislənilir. Çünki bu qruplaşmalar əslində islamı terrora bağlamaq istəyənlərin əlində bir alət rolunu oynayır. Dövlət Komitəsi tərəfindən azərbaycanlı gənclərin dini radikalizmin və ekstremist təşkilatların təsiri altına düşməməsi üçün 3 istiqamətdə - hüquqi, ideoloji və iqtisadi müstəvidə mübarizə tədbirləri həyata keçirilir. İdeoloji müstəvidə gedən mübarizədə Komitə digər ideoloji sahə ilə bağlı olan nazirlik və qurumlarla birgə fəaliyyət göstərir. Burada əsas məqsəd maarifləndirmədir. Biz islami dəyərləri olduğu kimi cəmiyyətə təbliğ və təşviq etməliyik. Bu cür təbliğ və təşviqlə islami dəyərlərdən uzaqlaşaraq bu və digər dini radikal qrupların təsirinə düşən gəncləri həmin yoldan çəkindirmiş oluruq". Dövlət Komitəsinin sədri bu istiqamətdə cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac olduğunu da vurğulayıb.