Azərbaycan futbolunun ayrılmaz tərkib hissəsi... Hadisə

Azərbaycan futbolunun ayrılmaz tərkib hissəsi...

Azarkeşləri futbola qaytaran "Qarabağ"...

Məşhur bir səhnəcikdə vaxtı ilə deyilirdi: "Futbol bir dünyadır, amma o dünyada Azərbaycana yer yoxdur"... həmin vaxt dillər əzbəri olan bu frazlar indi yalnız kinayəli gülüşlə qarşılana bilər. Çünki, nəhayət Azərbaycanda futbol sözün əsl mənasında inkişaf yoluna qədəm qoyub. Onu da əminliklə demək olar ki, ölkəmizdə futbol ruhunun yaradılmasında, bəli məhz yaradılmasında Qurban Qurbanov və onun baş məşqçisi olduğu "Qarabağ" klubunun müstəsna xidmətləri var. Son 5 il ərzində məhz bu klub azarkeşləri futbolda qələbəyə, özü də əzmkar qələbəyə öyrəşdirdi. Nüfuzlu, Avropada söz sahibi olan komandalarla bərabər səviyyə nümayiş etdirmək, digər klublarımız kimi 60 deyil, 90 dəqiqə mübarizə aparmaq, nəyin bahasına olursa-olsun qələbə qazanmaq istəyini ilk dəfə məhz "Qarabağ"ın ifasında gördü azarkeşlərimiz. Düzdür "Qarabağ" Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan ilk klubumuz deyil, amma Avropada adından bəhs etdirməyi bacaran ilk Azərbaycan klubudur. Adlı-sanlı rəqibləri ilə başabaş mübarizə aparan, hətta "İnter" (İtaliya) kimi futbol nəhəngi ilə qarşılaşmada azarkeşlərinin yalnız qələbə gözlədiyi və qələbəsi əlindən qəsdən alınan ilk klubumuz da məhz "Qarabağ"dır. (Bu klub da sanki, elə eyniadlı torpağın taleyini yaşayır...)

İngilislərə ilk zərbə...

Bu il Avroliqada ilk matçında Londonda"Tottenhem"lə qarşılaşan "Qarabağ" məğlub olsa da, oyunun əvvəlində, cəmi 6-cı dəqiqədə Almeydanın qolu ilə nəinki "White Hart Lane" stadionuna, bütünlükdə İngiltərəyə bir neçə dəqiqə sükut çökdü... Sürətli futbolu ilə fərqlənən ingilis futbolçularına qarşı 90 dəqiqə layiqli müqavimət göstərən klubumuz orda da böyük rəğbət qazandı. "Tottenhem" klubunun baş məşqçisi: "Qarabağ"ın yaxşı mübarizə apardığını xüsusi vurğuladı: ""Qarabağ" yaxşı komandadır. Bu komanda gözəl oyun fəlsəfəsinə malikdir. Rəqib bu gün çox yaxşı oynadı. Qalib gəldiyimiz üçün şadam"
İngiltərə mətbuatı isə: "Qarabağ" vətən üçün mübarizə aparırmış kimi vuruşur" deyərək təmsilçimizin əzmkarlığını qiymətləndirdi."Qarabağ" həm də ingilis klubları ilə qarşılaşan ilk Azərbaycan klubu kimi tarixə düşdü.

12-ci oyunçu...

"Qarabağ" Azərbaycanda həm də azarkeş mədəniyyətinin formalaşmasına səbəb oldu. "İmarət" adlı fan klub elə komandanın özü qədər fərqli və özünəməxsus bir təşkilatlanma forması ilə seçildi. İndi rahatlıqla yaşından, cinsindən asılı olmayaraq hər kəs arenalara gəlir, futboldan zövq alır. "İmarət" adlı fan klubun yaradılması ilə kifayətlənməyən Qarabağsevərlər xanımlardan ibarət yeni bir fan klubu da (Fan Club - Ladies of "Qarabağ" FC) ərsəyə gətirməklə komandanın ilklər seriyasını uğurla davam etdirmiş oldu.

"Qarabağ" həm də Qarabağdır...

Dəfələrlə hər birimiz şahidi olmuşuq ki, Avropanın yaşıl meydanlarında mübarizə apararkən, əcnəbi idman şərhçiləri, jurnalistlər vurğulayıblar ki: "Qarabağ" futbol klubu Azərbaycanın Ağdam şəhərini təmsil edir və həmin şəhər hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır" Təkcə bu fakt göstərir ki, "Qarabağ" sərhədləri sözün hər iki mənasında keçir – həm coğrafi, həm də elə siyasi ...

Və unutmayaq - "Qarabağ" azarkeşləri futbola qaytardığı kimi, biz də Qarabağı Azərbaycana qaytarmağa borcluyuq...