“Məndən 100 000 manat rüşvət istədilər...“ Hadisə

“Məndən 100 000 manat rüşvət istədilər...“

MTN-də saxlanılmış iş adamı: "Mənzilimi banka girov qoydum, 32 min manat gətirib verdim"


"2013-cü ilin sentyabrında mən, Cahangir Məmmədov, Məcid Anqubazov, Orxan və Sərdar adlı tanışlarımla Balakəndən Tbilisiyə "skoç" (yapışqanlı lent - red.) gətirmək üçün getdik. Orda Məcid Anqubazov dedi ki, burda pirotexniki maddələr var, onları da aparmaq olar. Onu qeyd edim ki, biz malı Gürcüstandan İrana aparacaqdıq. Gürcüstan gömrüyündə bütün sənədləşmə işlərini həll etdik. Bəyannamədə qeyd olundu ki, yük pirotexniki maddə və "skoç"dan ibarətdir. Azərbaycanda da gömrük prosedurlarını keçdik. Yükdə pirotexniki maddə olduğu üçün İran sərhədinə qədər bizi iki gömrük müfəttişi də müşayiət edirdi. İran sərhədinə doğru gedəndə MTN əməkdaşları bizi saxlayıb, qanunsuz yük daşıdığımızı, qaçaqmalçılıqla məşğul olduğumuzu dedilər. Bildirdilər ki, artıq cinayət işi də başlanılıb. Biz gömrük bəyannaməsini göstərdik, gömrük müfəttişləri də yükdə problem olmadığını təsdiqlədilər. Açıb yükə baxdılar, bəyannamədə qeyd olunan mallardan başqa heç nə tapmadılar. Buna baxmayaraq, bizi birbaşa MTN-ə aparıb həbsə atdılar".
Bunu APA-ya müsahibəsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən hüquqlarının pozulduğunu deyən Əfsəl Həsənəliyev bildirib. Agentliyə müraciət edən keçmiş polis əməkdaşı bildirib ki, onu 4 ay 29 gün həbsdə saxlayıblar: "Məndən 100 000 manat rüşvət istədilər. Vəkilim də şahiddir. Bu qədər pulum olmadığını dedim, hər gün pula görə çağırıb soruşurdular. Axırda ailəm məcbur olub yeganə mənzilimi "Unibank"a girov qoydu, 32 min manat gətirib verdi. Hətta krediti dollarla götürmüşdülər, mənə dedilər ki, manata çevirib gətirsinlər. İndi o pulu da qaytara bilmirəm, dilənçi vəziyyətindəyəm".
Əfsəl Həsənəliyev bildirib ki, onlar həbsdə olan vaxt hətta vəkilinin müraciəti ilə Dövlət Gömrük Komitəsi sahibkarların saxlanılmasının qanundankənar olduğunu bildirən etiraz məktubu da göndərib. Əfsər Həsənəliyevin vəkilinin təqdim etdiyi iş materiallarında bu məktub da öz əksini tapıb. Lakin bu da işə yaramayıb: "Bizdən pulu tələb edənlər deyirdilər ki, bunu yuxarı rəhbərliyin tapşırığı ilə edirlər".
O qeyd edib ki, sonradan Məcid Anqubazovun məhz MTN əməkdaşları tərəfindən onlara qoşulduğu anlaşılıb: "Orxan və Sərdardan 100 min, rəhmətlik Cahangirdən isə 80 min manat aldılar. Cahangir 40 gün əvvəl dözməyib intihar etdi. Borcun içində batırdı".