Çay evində ekstrimist yuvası Hadisə

Çay evində ekstrimist yuvası

DİN və MTN-in birgə əməliyyatında 42 radikal saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti oktyabrın 22-də, axşam saat 21 radələrində Bakıda Yavər Fərzəliyevə məxsus "Farklı Lahmacun" çay evində əməliyyat tədbiri keçirilməsi barədə məlumat yayıb.
Əməliyyat tədbiri nəticəsində çay evinin zirzəmisində qanunvericiliklə müəyyən edilməmiş qaydada təşkil olunan dini yığıncaqda iştirak edən, aralarında azyaşlılar da olmaqla, 42 nəfər saxlanılıb.
Məlumata görə, həmin əməliyyatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak ediblər.
Qeyd edək ki, "Farklı Lahmacun" çay evi artıq fəaliyyətini dayandırıb. Həmin ərazidə yaşayan sakinlər bildiriblər ki, oktyabrın 22-də çay evinə çox sayda radikal baxışlı insanların toplaşdığını müşahidə ediblər. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları axşam saatlarında ərazidə əməliyyat tədbiri keçiriblər.
Sakinlər aparılan əməliyyat tədbirindən razı qaldıqlarını vurğulayıblar. Qeyd ediblər ki, çay evinə toplaşanlar onların dini baxışı ilə razılaşmayan insanlara qarşı aqressiv münasibət bəsləyirdilər.
Qeyd edək ki, həmin ünvana baxış zamanı dini nifrət aşılayan və dözümsüzlüyü təbliğ edən müxtəlif məzmunlu kitablar və digər növ ədəbiyyat aşkar edilərək götürülüb.
Qanunsuz yığıncağın təşkilatçıları - Zaqatala rayon sakinləri Kamran Mustafayev, Adil Rəcəbov və Bakı şəhər sakini Zaur Şabanov şübhəli şəxs qismində saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını qəsb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Digər iştirakçılar haqqında isə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.