Azərbaycan Səfəvi dövlətinin siyasi tarixi Hadisə

Azərbaycan Səfəvi dövlətinin siyasi tarixi

Vaqif Abışov
tarix üzrə fəlsəfə doktoru,
BAXCP-nin elm və təhsil məsələləri üzrə katibi

Səfəvi dövləti Azərbaycan Türk dövlətləri olaraq 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, Ermənistan, İran, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə edib. Dövlətin əsasını I İsmayıl 1501-ci ildə Təbrizdə özünü şah elan etməklə qoyub. İsmayılın tərəfdarlarından ibarət olan Qızılbaşlar ordusunun əsasını Türk tayfaları təşkil edib. Səfəvilər dövləti həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynayıb.
Dövlətin adı onu idarə edən sülalə ilə bağı olaraq "Səfəvilər dövləti" və ya "Qızılbaş dövləti" adlandırılıb.
Səfəvilər dövlətinin ilk paytaxtı I Şah İsmayılın (1501-1524-cü illər) və I Şah Təhmasib hakimiyyətinin 31 illik dövründə Təbriz şəhəri olub (1501-1555-ci illər). Sonradan I Şah Təhmasib (1524-1576-cı illər) dövlətin paytaxtını Səfəvi-Osmanlı müharibələri səbəbindən Qəzvinə (1555-ci ildə) , I Şah Abbasın (1587-1629-cu illər) hakimiyyəti illərində isə İsfahan (1598-ci ildə) şəhərinə köçürülüb.
Səfəvi adı I Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Şeyx Heydər dövründə (1460-1488-ci illər) onun müridləri qızılbaş adlanmağa başladı. Buna səbəb onların Qızılbaş, Şiə olduqlarını bildirmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymaları idi. İsgəndər bəy Münşi yazır: "Sultan [Heydər] bu yuxunu gördükdən sonra başına şadimanlıq papağı qoyub o vaxtlarda dəbdə olan "Türkman papağı"nı on iki zolaqlı "Heydər papağı" ("tərəke-Heydəri") ilə əvəz etdi. Onun arxasınca gedən və ona itaət edən adamlar da o həzrətin əqidəsinə tabe oldular və bu xanədanın bütün üzvləri həmin dəyərli papağı başlarına qoymaqla başqa adamlardan seçildilər. Elə buna görə də, o şan-şöhrətli adamlar "Qızılbaş" ifadəsi ilə məşhur oldular".
Qaraqoyunlular ilə müharibə halında olan Ağqoyunlu hökmdarı Uzun Həsənin yanına gedən Cüneyd (1447-1460) onun bacısı Xədicə Bəyim ilə evlənibi. Bu evlilik ilə Uzun Həsən, Cüneydin Türkmənlar üzərindəki nüfuzundan istifadə etməyi düşünürdü. Ətrafına topladığı orduyla Şirvanşahlara hücum edən (1460-cı il) Cüneyd döyüşdə öldürülür. Yerinə keçən oğlu Şeyx Heydər (1460-1488) Ağqoyunlularla əlaqələri daha da möhkəmləndirmək üçün dayısı Uzun Həsənin qızı Aləmşah Bəyimlə evləndi. Şeyx Heydər də atası kimi Dağıstana 2 dəfə (1483 və 1487-ci illərdə) hücum edir və böyük qənimətlə geri dönür. Bu qələbələr Ağqoyunlu Sultan Yaqubu qorxuya salır və Şeyx Heydərin 1488-ci ildəki 3-cü hücumu zamanı Dağıstana Süleyman bəy Bicanoğlunun komandanlığı altında qoşun göndərir. Qoşun Şirvanşah Fərrux Yasarın qoşunu ilə birləşərək Şeyx Heydəri məğlub edir. Şeyxin özü isə öldürülür. Sultan Yaqub Şeyx Heydərin 3 oğlunu: Sultanəlini, İbrahimi və İsmayılı əsir alır. Onlar yalnız Sultan Yaqubun ölümündən sonra əsirlikdən qurtulurlar. Sultanəli Səfəvi Şeyxi seçilir. 1493-cü ildə Ağqoyunlu Rüstəm Mirzə Baysunqura qarşı Qızılbaşlardan istifadə etmək qərarına gəlir. Sultanəli öz qoşunu ilə Rüstəmin tərəfində vuruşur. Döyüşdə Baysunqur öldürülür. Sultanəlinin qüvvətlənməsindən qorxan Rüstəm Mirzə onun üstünə 5 min süvari göndərir. Ərdəbil yaxınlığında Şəməsidə baş verən döyüşdə (1494) Sultanəli öldürülür. Ondan sonra Səfəvi şeyxi İsmayıl seçilir.
1499-cu ilin avqustunda Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl Lahicandan Ərdəbilə yola düşəndə onu yeddi nəfərdən ibarət ən yaxın şəxslər - Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar müşayiət edirdi. Ərzincanda İsmayılın bayraqları altında türkdilli şamlı, ustaclı, rumlu, təkəli, zülqədər, əfşar, qacar və b. tayfalarından, həmçinin "Qaradağ sufilərindən" ibarət 7000 qazi toplanır. Burada keçirilmiş qızılbaş ağsaqqallarının müşavirəsində qərara alınır ki, təxirə salmadan mövcud qüvvələrlə başlıca zərbə Səfəvilərin düşməni olan şirvanşah Fərrux Yasara qarşı yönəldilməlidir. I Şah İsmayıl 1500-cü ildə ordusu ilə Şirvanşah hökmdarı Fərrux Yasarın üzərinə hücuma keçir. Gülüstan qalası yaxınlığındakı Cabanı düzündə baş vermiş (Cabanı döyüşü) döyüşdə (1500-cü il) Şirvanşahlar məğlub edilir və I Fərrux Yasar öldürülür. Səfəvilər Şirvanşahlar dövlətini özlərindən asılı vəziyyətə salır. Ələ keçirilmiş qənimət qızılbaşlar arasında bölüşdürülür. İsmayıl üç gün döyüş meydanında qalır, sonra isə Şamaxıya qayıdır və şəhər əyanları tərəfindən ehtiramla qarşılanır. Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslu isə Şirvanşahların ikinci əsas şəhəri Bakını tutmaq üçün göndərilir. Qalanı ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət edir. Qalanın müdafiəsinə Fərrux Yasarın oğlu olan Qazı bəyin arvadı başçılıq edirdi. Bakı tutulur və qənimət qızılbaşlar arasında bölüşdürülür. 1501-ci ildə Şərur döyüşündə Ağqoyunlu hökmdarı (birinci qanadı) Əlvənd Mirzə də məğlubiyyətə uğradılır. Əlvənd Mirzənin də məğlub edilməsi ilə 2 əsas təhlükəni sovuşduran İsmayıl 1501-ci ildə Təbrizə daxil olub özünü Şah elan edir.
1503-cü ildə I Şah İsmayıl Ağqoyunlu hökmdarı (ikinci qanadı) Murada onun hakimiyyətini tanımağa və tanıdığı təqdirdə İraqi Əcəmin bir hissəsini ona təklif etdi. Murad təklifi qəbul etmədi. Bundan sonra Səfəvi qoşunu 12 minlik orduyla Həmədana doğru irəlilədi. 21 iyun 1503-cü idə Səfəvi və Ağqoyunlu qoşunları arasında Həmədan yaxınlığında Almabulağı deyilən yerdə döyüş baş verdi. Döyüşdə Səfəvilər qalib gəldi. İsgəndər bəy Münşi Türkman yazır: "Doqquz yüz səkkizinci il zilhiccə ayının iyirmi dördü (1503, 21 iyun) şənbə günü Həmədanın Alma bulağı adlı yerində onların arasında böyük hərb oldu. Süleyman şanlı xaqanın (Şah İsmayıl) heydəri qol gücü və isnaəşəri dövlət günəşinin xoşbəxt doğuşuna görə o, müqayisəsiz ləşkərə qalib gələrək, həmin mərəkədə Türkman (Ağqoyunlu) döyüşçülərinin kələyini kəsdi". Ağqoyunlu hökmdarı Sultan Murad isə qaçdı. Bundan sonra qızılbaşlar həmin ildə müqavimətsiz Şiraz, Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Gülxəndan, Firuzguh, Usta qalaları, Yəzd və Kirmanı ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı və 1507-cı ildə Van və Ərzincanı, 1508-ci ildə isə ərəb İraqını tutdu. İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Şeybanilər dövlətinin hökmdarı Məhəmməd 1507-cı illərdə Teymurilər dövlətinə son qoyub Xorasanı işğal etdi və Kirmana dağıdıcı yürşülər etdi. I Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi və 2 dekabr 1510-cu ildə baş vermiş Mərv döyüşündə Məhəmməd xan Şeybanini məğlub edərək Xorasan vilayəti və Ceyhun çayına qədər uzanan torpaqları ələ keçirdi. Döyüş zamanı Məhəmməd xan Şeybani öldürüldü. Daha sonra Anadoluya dönən I Şah İsmayıl Ağqoyunlular dövründə onlara tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi. 1512-ci ildə Qaraman və Malatyanı tabe edən şah daha sonra Təbrizə döndü.
1512-ci ildə taxta çıxan sultan I Səlim (1512-1566) Avropa dövlətləriylə sülh bağladı və bütün qüvvələrini Azərbaycana qarşı səfərbər etdi. Sultan Səlim Ədirnədə fövqaladə divan çağırdı. 1514-cü ildə Osmanlı ordusu I Səlimin rəhbərliyi ilə Səfəvilərin ərazilərinə daxil oldu. Lakin I Şah İsmayıl Osmanlılara qarşı bir başa əməliyyata kecmədi və ordular uzun müddət qarşılaşmadi.1514-cü ildə Çaldıran düzündə Osmanlı ordusunu qarşıladı. Səfəvilər qətiyyətlə Osmanlıların hücumunu dəf edirdilər, lakin Osmanlıların topları və tüfəngləri işə salması döyüşün gedişini dəyişdi. Şahın taktikası pozuldu və Osmanlılar qalib gəldilər. Döyüş nəticəsində Qızılbaşlar məğlub oldular və Osmanlılar Təbrizi tutdular. Ancaq əhalinin müqaviməti və Səfəvi ordusunun toplanması sultanı 6 gün sonra Təbrizi tərk etməyə məcbur etdi. Sultan Şərqi Anadolunu ələ keçirdi və İstanbula döndü. Elə bu vaxt Azərbaycana artilleriya gətirməli olan Portuqaliya İran körfəzinə hücum etdi və Səfəfvilərin Hind okeanına çıxısını bağladı. Şah bəzi qızılbaşları cənuba, portuqaliyalılara qarşı vuruşmağa, Qara xanı isə Diyarbəkiri almağa göndərdi. Amma Qara xan 1516-cı ildə Qoçhisarda məğlub olaraq öldürüldü.
1524-cü ildə I Şah İsmayıl vəfat etdi və oğlu Təhmasib şah oldu. I Şah Təhmasib hakimiyyəti dövründə 1528-ci ildə özbəklər Xorasana hücum etdilər. Həmin il şah ordusuyla şərqə doğru hərəkət etdi və özbəkləri Herat yaxınlığında darmadağın etdi.
1534-cü ildə Osmanlı ordusu Azərbaycan sərhədlərini keçdi. I Şah Təhmasib Qəzvinə çəkildi və sultanla sülh bağlamaq üçün öz elçisini göndərdi, ancaq sultan onun təklifini qəbul etmədi. Osmanlı qoşunları 1535-ci ildə Azərbaycana daxil olub Təbrizi aldı. Lakin sonradan Osmanlı ordusu əhalinin müqaviməti və orduda baş verən aclıq üzündən Azərbaycandan çəkildi. Bundan istifadə edən şah ölkənin birləşdirilməsini davam etdirmək üçün 1538-ci ildə qardaşı Əlqas Mirzənin rəhbərliyiylə 30 minlik ordunu Şirvanı tabe etmək üçün göndərdi. Əlqas Mirzə 1538-ci ildə Şirvanşahlar dövlətinin bütün qalalarını ələ keçirdi, Şirvan bəylərbəyliyə çevrildi və Əlqas Mirzə Şirvanın ilk bəylərbəyisi oldu. Lakin Əlqas 1547-ci ildə qardaşina xəyanət edərək müstəqillik üçün mübarizəyə başladı. Bununla əlaqədar I Şah Təhmasib Şirvana daxil oldu və bütün qalaları özünə tabe etdi. Əlqas isə Krıma, oradan da İstanbula qaçdı və Üləma paşayla birlikdə öz vətəninə qarşı yürüşlərdə iştirak etdi.
1548-ci ildə 3-cü dəfə Azərbaycana hücum edən Sultan I Süleyman Təbrizi aldı, lakin yenə də Azərbaycanda möhkəmlənə bilmədi və ölkəni tərk etdi. 1550-ci ildə I Şah Təhmasib sultana elçi göndərərək sülh təklif etdi, amma sultan yenə də bu təklifi qəbul etmədi. Belə olduqda şah 1552-ci ildə Van, Qars, Vostan və Ədilçəvazı ələ keçirdi. Şahzadə İsmayıl Ərzurum yaxınliğında İsgəndər paşanı məğlub etdi və Ərzurumu tutdu. Sultan I Süleyman 1554-cü ildə sonuncu dəfə Azərbaycana hücum etdi, ancaq bu dəfə də uğur əldə edə bilmədi. Əhalinin müqaviməti, Qızılbaşların ardıcıl qələbələri sultana Azərbaycanı ələ keçirməyə imkan vermədi və 1555-ci ildə Amasyada Osmanlı-Səfəvi sülh müqaviləsi bağlandı. Müqaviləyə görə şərqi Anadolu, İmeretiya, Quriya, Ərəb İraqı Osmanlıya, Kartli, Kaxetya və Mesxiya Azərbaycan Səfəvi dövlətinə verildi.
1578-ci ildə Qızılbaşlar İmamqulu xan Qacarın rəhbərliyində Çıldır düzündə Osmanlıları qarşıladılar. Ancaq Qızılbaşlar məğlub olaraq Qarabağa çəkildilər.
Osmanlı ordusunun rəhbəri Lələ paşa 1578-ci ildə Tiflisi ələ keçiridi və Alazan çayını keçdi. Ancaq o burada Qızıbaşlarla qarşılaşdı. Çayın sahilində baş verən döyüşdə Osmanlılar məğlub oldular, amma Qızılbaşlar Şirvanı tərk etdilər və Qarabağa çəkildilər. Bunu fürsət bilən Lələ paşa Şirvanı ələ keçirdi. 1579-cu ildə Krım tatarları Şirvana soxuldular, lakin Mollahəsənli adlı yerdə məğlub olaraq qaçdılar. 1583-cü ildə Qızılbaşlar Məşəl savaşında məğlub oldular və Şirvan tamamilə Osmanlılara keçdi, həmin il Fərhad paşa tabeliyindəki əsgərlərə Çuxursəədi ələ keçirdi.
1587-ci ildə Şah Məhəmməd Xudabəndi (1578-1587-ci illər) öldü və oğlu Abbas (1587-1629-cu illər) taxta çıxdı. I Şah Abbas 1590-cı ildə Osmanlıyla İstanbul sülh müqaviləsini imzaladı. Müqaviləyə görə Kartli, Kaxetya, Mesxetya, Şirvan, Qarabağ, Çuxursəəd bəylərbəylikləri və Təbriz bəylərbəyliyinin qərbi Osmanlıya verildi.
Şah Abbas sülh müqaviləsindən sonra orduda islahatlara başladı. Ordu islahatı 10 il davam etmişdi. Bu müddətdə hətta özbəklər, moğollar hücum edib ölkənin bəzi bölgələrini ələ keçirsələr də Şah Abbas islahat başa çatanacan dözmüşdür.
Qulam qoşunu tərkibində 15 minlik süvari hissələri vardı. Onlar muşketlərlə silahlanmışdı. Bu, o dövrdə dünyada ən böyük süvari hissələri idi. Bundan başqa ayrıca artilleriya hissələri yaradılmışdı. Döyüşdə 500-ə qədər topdan istifadə edilirdi. Orduda Qızılbaşlarla yanaşı tüfəngçi, topçu və qulamalar adlanan birliklər yaradılır. I Şah Abbas böyük tikinti işləri apardı, bəzi şəhərləri vergidən azad etdi. Şah Abbas hakimiyyətə gələn zaman ölkədə vəziyyət çox gərgin idi. Qərbdə osmanlılarla müharibə zamanı, şərqdən imperiyaya qarşı əfqanlar təhlükə yaratmışdır. I Şah Abbas hakimiyyətə gəldikdən sonra qətiyyətli addımlar ataraq, imperiyanı bu çətin vəziyyətdən çıxara bildi.
İstanbul (1590) sülh müqaviləsindən dərhal sonra 1593-cü ildə Azərbaycanın qızılbaşlara tabe edilən Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Lənkəran vilayətləri, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazidə Azərbaycan bəylərbəyliyi yaratdı. 1595-ci ilə qədər bəylərbəyliyin qoşunu 10 min idi və "Azərbaycan qoşunu adlanırdı". Bununlada I Şah Abbas Azərbaycanın bütövlüyünü, qızılbaşların himayəsindəki ərazidə onun vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrinini sönməyə qoymadı.
1598-ci ildə Şah Abbas paytaxtı Qəzvindən İsfahana köçürtdü. 1603-1639-cu illərdə Səfəvi-Osmanlı arasındakı müharibənin 3-cü mərhələsi olmuşdur. 1603-cü ildə o, Təbrizi də geri aldı və Osmanlıların qüvvəsini darmadağın etdi. Həmin il Şah Abbas Cənubi Azərbaycanı azad edərək Ordubadı, Culfanı, Naxçıvanı da geri qaytardı. 1604-cü ildə İrəvanı, 1605-ci ildə isə Şirvanın çox hissəsini ələ keçirdi. Bundan sonra Şah Abbas Gəncəni (1606), Şamaxını (1607), Bakını və Dərbəndi (1607) geri aldı. 1603-1607-ci illərdə bütün Azərbaycan torpaqları Osmanlılardan alındı. Lakin müharibə hələ davam edirdi. 1612-ci ildə Sərab sülhü bağlandı. Bununla da 1555-ci ildəki Amasiya sülhünün şərtləri bərpa edildi. 1622-1623-cü illərdə Bağdad, Kərbəla, Nəcəf, Kərkük və başqa şəhərlər də Azərbaycana qatıldı.
I Şah Abbasdan sonra I Şah Səfi hakimiyyətə (1629-1642) gəldi. O, Bağdadı itirdikdən sonra 1639-cu ildə Qəsri-Şirin sülhünü bağladı və Amasiya sülhünün şərtləri yenə də bərpa edildi. Qəsri-Şirin sülhü Səfəvi-Osmanlı münasibətlərini bir müddət nizama saldı.
Uzun müddət Səfəvi-Osmanlı müharibələri Səfəvi dövlətini zəiflətmişdir. Rusiya isə Cənubi Qafqazı işğal etmək və Xəzər dənizini özünün daxili gölünə çevirmək planını həyata keçirməyə başlayır. Beləki, 1722-ci ildə Rusiya, 1723-cü ildə Osmanlı Səfəvilərə qarşı müharibəyə başladı. Bununlada yüz minlələ insanın ölümünə səbəb olan on üç illik müharibəsi başladı. Rusiya 1722-1723-cü illərdə apardığı hərbi əməliyyatlar nəticəsində Dərbənd, Bakı, Lənkəran, Rəşti - Xəzər dənizinin Səfəvilərin nəzarətində olan sahillərini ələ keçirdi. 1723-1726-cı illərdə Osmanlıların apardığı hərbi əməliyyatlar nəticəsində Çuxursəəd, Qarabağ, Təbriz, Həmədan bəylərbəylikləri ələ keçirdi. Artıq Səfəvilərin tam çökdüyünü zənn edən həmin dövlətlər Səfəvilər dövlətinin ərazisini öz aralarında bölüşdürdülər. Bu hadisələr baş verən zaman Səfəvilərdə şah II Təhmasib (1722-1732-ci illər) hakimyyətdə idi. O, bu vəziyyətdən çıxmaq üçün Fətəli xan Qacarı qorçubaşı təyin etdi. Fətəli xan Qacarın rəhbərliyi ilə keçirilən hərbi əməliyyatlar nəticəsində müəyyən ərazilər geri alındı.1726-cı ildə digər qızılbaş sərkərdəsi Nadir xan Əfşar ordunun komandanlarından biri oldu. Onlar birgə çox uğurlu əməliyyatlar keçirdilər. 1726-ci ildə Nadir xan şah II Təhmasib tərəfindən qorçubaşı təyin edildi. 1728-1729-cu illərdə Nadir xan əfqanları məğlub edərək İsfahanı, Kirmanı, Xorasanı geri aldı. 1729-cu ildə Damğan döyüşündə əfqanları məğlub etdikdən sonra bütün Xorasanı azad elədi. Nadir xan1730-cu ildə Osmanlılara qarşı hərbi əməliyyatlara başladı. Həmin il Həmədan, Marağa, Təbriz və digər ərazilər geri alındı. Amma əfqanların Herata hücum etdiyini eşidən Nadir xan Osmanlılara qarşı apardığı əməliyyatları təxirə salıb, Əfqanlara qarşı yürüş etdi. Öz nüfuzunu qaldırmaq istəyən Şah II Təhmasib Nadir xanı gözləmədən Osmanlılara qarşı əməliyyata başladı. Amma məğlub edildi və geri alınmIş əraziləri itirdi. 1732-ci ildə şah Osmanlı ilə Kirmanşah sülhünü (1732-ci il 16 yanvar) bağladı. Nadir xan hərbi yürüşdən qayıdandan sonra şah II Təhmasibi hakimyyətdən saldı və Kirmanşah sülhünü tanımadı. Səfəvilərin əvvəliki qüdrətini bərpa etdiyini görən Rusiya 1732-ci ildə Rəşt sülhü (1732-ci il 21 yanvar) ilə Kür çayından cənubda olan əraziləri Səfəvilərə geri qaytardı. Nadir xanın 1733-1735-ci illərdə apardığı əməliyyatlar nəticəsində Bağdad, Üçmüədzindöyüşlərində Osmanlı məğlub edildi və 1723-cü ildən Osmanlı tərəfindən işğal edilmiş ərazilər geri alındı. Nəhayət 1735-ci ildə Gəncə sülhü ilə Rusiya tərəfindən, elə həmin ildə Osmanlı ilə bağlanan sülh müqaviləsi nəticəsində işğal edilmiş bütün torpaqlar Səfəvilərə geri qaytarıldı.
Bütün bu qələbələr Nadir xanın ordu içərisində şöhrətini artırmış oldu. 1736-cı ilin yazında Nadir xan Əfşar Səfəvilər sülaləsinin sonuncu nümayəndəsi III şah Abbası hakimiyyətdən saldı və özünü şah elan etdi. Bununla Azərbaycanda yeni bir sülalənin – 1736-1747-ci illəri əhatə edən Əfşarlar sülaləsinin hakimiyyəti başladı.
Səfəvi dövləti Azərbaycan Türk dövləti olmasını təsdiqləyən tarixi faktlardan bir qisminin üzərində dayanaq: Rusiya alimi V.V.Bartold sülalənin banisi Şeyx Səfiəddin və onun nəslindən bəhs edərkən göstərirdi ki, Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər. İ.P.Petruşevski də eyni fikri söyləmişdir: "İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili olmuşdur".
Səfəvilər dövlətinin Azərbaycan dövləti olduğuna sübut edən mühüm amillərdən biri də verilən fərmanların və diplomatik yazışmaların Azərbaycan dilində olmasıdır. Buna sübut olaraq tapılmış əsl sənədləri göstərmək olar: 1.Şah İsmayılın Musa Durgutoğluna fərmanı. 2. Şah Təhmasibin II Sultan Səlimə məktubu. 3.Osmanlı sultanı Süleyman Qanuninin Şah I Təhmasibə məktubu. 4. Şah I Təhmasibin Zeynalabidin Əli Əbdi bəyin "Təkmilatül-əxbar" əsərinin yazılması haqqında fərmanı. 5. Məhəmməd Xudabəndinin Osmanlı sultanı III Sultan Muradın sərkərdəsi Fərhad Paşaya məktubu. 6. Şah I Səfinin Avstriya imperatoru və Macarıstan kralı II Ferdinanda məktubu. 7. Şah I Səfinin Rusiya çarı Mixail Romanova məktubu. 8. Şah II Abbasın Şirvan bəylərbəyisi Hacı Mənuçöhr xana məktubu. 9. Şah Sultan Hüseynin Sakson şahzadəsi və Polşa kralı Fridrix Avqusta məktubu və s.
Səfəvilər dövlətinin qurucusu şah I İsmayılın ana dili Azərbaycan türkcəsi olmuşdur. O, bu dildə "Xətai" təxəllüsü ilə şerlər yazmışdır. Elə dövlətin də rəsmi dili Azərbaycan türkcəsi olmuş, saray əhli, eləcə də dövlətin hərbi və dini xadimləri bu dildə danışmışlar.İsgəndər bəy Münşi yazır ki, Şah İsmayılın Türkcə yazmaqda böyük təbi vardı. Bir müddət Səfəvi dövlətində yaşamış Alman səfiri Adam Olyari yazır: "Türk dili İsfahanda o qədər əhəmiyyətə malikdir ki, orada çox nadir hallarda farsca bir söz eşidirsən".
Səfəvi hökmdarları:
1. I Şah İsmayıl (1501-1524)
2. I Şah Təhmasib (1524-1576)
3. II Şah İsmayıl (1576-1577)
4. Şah Məhəmməd Mirzə (Xudabəndi) (1578-1587)
5. I Şah Abbas (1587-1629)
6. I Şah Səfi (1629-1642)
7. II Şah Abbas (1642-1666)
8. Şah Süleyman (1667-1694)
9. Şah Hüseyn (1694-1722)
10. II Şah Təhmasib (1722-1732)
11. III Şah Abbas (1732-1736)