“Türkiyənin bu istiqamətdə atdığı addımlar dövlət iradəsinin göstəricisidir” Gündəm

“Türkiyənin bu istiqamətdə atdığı addımlar dövlət iradəsinin göstəricisidir”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş bildirib ki, artıq bu torpaqlarda silahlar əbədi olaraq susacaq. N.Qurtulmuş vurğulayıb ki, gələn həftə TBMM-yə təqdim ediləcək "Milli Həmrəylik və İctimai Bütövləşmə haqqında" qanun layihəsinin qəbulundan sonra ölkədə silahlı qarşıdurma dövrü başa çatacaq.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova xalqcebhesi.az-a açıqlamasında qeyd edib ki, Türkiyənin bu istiqamətdə atdığı addımlar dövlət iradəsinin, milli birliyin və hüquqi mexanizmlərin vəhdətinin göstəricisidir: “Numan Qurtulmuşun səsləndirdiyi fikirlər də onu göstərir ki, Ankara artıq terrorla mübarizəni yeni mərhələyə daşımaq niyyətindədir. Əgər qəbul ediləcək qanun layihəsi terror təşkilatlarının qeyd-şərtsiz ləğvini, bütün silahlı qrupların tam şəkildə silahı yerə qoymasını və bu proses üzərində effektiv dövlət nəzarətini təmin edərsə, PKK-nın silahlı fəaliyyətinin başa çatdırılması üçün mühüm hüquqi və siyasi zəmin formalaşa bilər. Lakin terrorizm yalnız silahla deyil, onu qidalandıran ideoloji, maliyyə və xarici dəstək şəbəkələri ilə də mübarizə tələb edir. Buna görə də qanunun uğuru onun kağız üzərində qalmasından deyil, ardıcıl, prinsipial və qətiyyətli şəkildə icra edilməsindən asılı olacaq. Türkiyə dövləti uzun illərdir terrora qarşı ciddi təcrübə qazanıb və bu gün atılan addımlar həmin mübarizənin məntiqi davamı kimi qiymətləndirilməlidir”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan üçün də Türkiyədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi xüsusi əhəmiyyət daşıyır: “Çünki Türkiyənin gücü Azərbaycanın gücü, Türkiyənin sabitliyi isə bütün türk dünyasının sabitliyidir. "Bir millət, iki dövlət" prinsipi təkcə siyasi şüar deyil, ortaq taleyin və ortaq gələcəyin ifadəsidir. Qardaş Türkiyənin terror bəlasını tamamilə geridə qoyması regionda təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və türk dünyasının birliyinin daha da güclənməsinə xidmət edəcək. Ümid etmək olar ki, bu tarixi təşəbbüs həqiqətən də silahların susduğu, hüququn və milli həmrəyliyin qalib gəldiyi yeni bir dövrün başlanğıcı olacaq”.

Röya İsrafilova