13:10
315
Kartdan karta əməliyyatlarda limitin müəyyənləşdirilməsində, eləcə də əməliyyatların və ümumi məbləğinin məhdudlaşdırılmasında məqsəd bir tərəfdən vergidən yayınmanın qarşısını almaq, digər tərəfdən isə bu istiqamətdə şəffaflığı gücləndirmək və banklardan vəsaitin oğurlanması hallarının minimumlaşdırılmasına nail olmaqdan ibarətdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
“Praktika da göstərir ki, xüsusən bir sıra hallarda sahibkarlar tərəfindən satılan mal və xidmətə görə ödənişlər kartdan karta əməliyyatları üzrə həyata keçirilirdi. Bu da həmin ödənişlərin vergiyə cəlb olunmasında çətinlik yaradırdı. Beynəlxalq praktikaya uyğun olaraq burada bir sıra istisnalar nəzərdə tutulub, xüsusən də yaxın qohumlar arasında kartdan karta ödənişlərdə limitlər tətbiq olunmayacaq. Çünki yaxın qohumlar arasında ödənişlərin həyata keçirilməsi praktik olaraq vergidən yayınma riski yaratmır. Ona görə də, limitlərin bu əməliyyatlara tətbiq olunmaması məqsədəuyğun idi və bu da nəzərə alınıb. Digər tərəfdən risk qrupuna daxil olmamaqla bağlı sənədlərin və qiymətləndirilmənin aparıldığı halda da, bu istisnaların tətbiqi həyata keçiriləcək”, - deyə deputat qeyd edib.
“Xarici ölkələrdə bu istiqamətdə fərqli mexanizmlər tətbiq olunub. Hər bir ölkə özünün spesifik iqtisadi quruluşuna uyğun olaraq bu prosesi tətbiq edir. Bütün hallarda məqsəd birmənalı şəkildə vergidən yayınmanın qarşısını almaqla, şəffaflığın gücləndirilməsi ilə yanaşı, həm də istisnanın tətbiq edilməsi yolu ilə məhdudiyyətlərin risk qrupuna aid olmayan vətəndaşlara şamil olunmaması nəzərdə tutulub”, - deyə o bildirib.