Səlim Müslümov BMT-nin Komitə sədri ilə görüşüb Hadisə

Səlim Müslümov BMT-nin Komitə sədri ilə görüşüb

"Əlillərin hüquqları haqqında" Konvensiya üzrə Azərbaycanda həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb

BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin XI sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Komitənin sədri xanım Maria Soledad Sisternas Reyeslə görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə S.Müslümov Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə xanım M.S.Sisternas Reyesi ətraflı məlumatlandırıb.
Nazir Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan siyasətin mərkəzində ilk növbədə insan amilinin dayandığını vurğulayıb. Azərbaycanın sosial dövlət statusunu daim gücləndirən bir ölkə olduğunu qeyd edən S.Müslümov ölkəmizdə əlilliyi olan vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
S.Müslümov Azərbaycanın 2008-ci ilin oktyabr ayında BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasına və həmin Konvensiyanın Fakültativ Protokoluna qoşulmasını da dövlətin bu sahədə siyasətini mütərəqqi dünya praktikasından irəli gələn yanaşmalara uyğun qurmaq əzminin ifadəsi olduğunu bildirib. Nazir ölkə əlillərinin bərpa-müalicəsi sisteminin inkişaf etdirilməsi ilə yanaşı, onların ictimai həyata fəal inteqrasiyasını təmin edən sosial reabilitasiya modelinin tətbiqinin genişləndirildiyini qeyd edib.
Xanım M.S.Sisternas Reyes Konvensiyada nəzərdə tutulan öhdəliklərin icrası ilə bağlı Azərbaycanda işgüzar mühitin olmasından, bu sahədə ölkəmizdə aparılan işlərdən məmnunluğunu ifadə edib.
Görüşdə Konvensiyaya münasibətdə Azərbaycanda aparılan işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycandan 7 yaşlı sağlamlıq imkanları məhdud uşağın hazırladığı əl işi xatirə olaraq xanım M.S.Sisternas Reyesə təqdim olunub.