Millət vəkili jurnalisti müdafiə etdi Hadisə

Millət vəkili jurnalisti müdafiə etdi

Hikmət Babaoğlu: "Bu hadisə Qənirə Ataşovanın səriştəsizliyi deyil, Con Kirbinin acizliyidir"

"Bu hadisə Qənirə Ataşovanın səriştəsizliyi deyil, Con Kirbinin acizliyidir".
Bu sözləri açıqlamasında millət vəkili, Hikmət Babaoğlu ANS-in ABŞ bürosunun rəhbəri, jurnalist Qənirə Ataşovanın ABŞ Dövlət Departamentinin sözcüsü Con Kirbiyə verdiyi sualın sosial şəbəkələrdə müzakirə predmetinə çevrilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
"Mən hesab etmirəm ki, Qənirə xanımın sualı o dərəcədə anlaşılmaz idi ki, onu Con Kirbi başa düşməsin. Sadəcə, Con Kirbi azərbaycanlı jurnalistin ingiliscə aksentini ona qarşı silah kimi istifadə etməklə əslində sualdan yayınmağa çalışdı. Beləliklə də, bir siyasətçi kimi öz acizliyini göstərdi. Əgər burada utanacaq bir tərəf varsa Con Kirbi, utanılacaq bir məsələ varsa, o da yenə Con Kirbinin siyasi mövqeyi, ya da mövqesizliyidir. Əslində Con Kirbi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə münasibətdə demək olar ki, bütün Qərb siyasətçilərinin gizli mövqeyini açıq şəkildə ortaya qoymaqla həm özünü, həm də onları dünya ictimaiyyəti qarşısında ifşası idi. Ötən illərin təcrübəsi və problemin bu günə qədər həll olunmamış qalması onu göstərir ki, Con Kirbi kimi onun digər həmkarları da bu məsələ ilə bağlı ürəklərində həmişə ironik mövqe tuturlar və gizlində həmişə öz dindaşları olan erməniləri müdafiə edirlər. Qənirə Ataşovanın sualına bu cür cavabı da elə Con Kirbinin özünün və təmsil etdiyi departamentin bir daha ifşası idi".