“Beyin axını” problemi Hadisə

“Beyin axını” problemi

Azərbaycanın yetişdirdiyi alimlər xarici ölkə universitetlərində işləyirlər

Miqrasiya prosesinin idarəolunmaz tərəfi kimi inkişaf etməkdə olan ölkələrdən intellekt axını, "beyin köçü" və yaxud "beyin axını" göstərilir. "Beyin axını" - yüksək ixtisaslı mütəxəssislərin öz ölkələrində normal yaşam tərzi qura bilməyərək xarici ölkələrə miqrasiya etməsidir. Anlayış elmi ədəbiyyata ilk dəfə Britaniya Kral Cəmiyyətinin hazırladığı hesabatdan sonra daxil olmub. Belə ki, 1962-ci ildə mühəndis, texnik və alimlərin Böyük Britaniyadan ABŞ-a miqrasiya etməsindən sonra istifadə olunmağa başlanıb. "Beyin axını" hesabatı bütün dünyada səs-küyə səbəb olmuş və dünya alimləri "Brain Drain" anlayışını eyni mənada işlətməyə başlamışlar. Türkiyənin tanınan alimlərindən Muhammer Kaya hesab edir ki, yüksək təhsil səviyyəsi ilə fərqlənən, öz ixtisası üzrə mütəxəssis hesab olunan insanların vətənini tərk edərək güclü dövlətin ali, elmi, transmilli şirkətlərində səadət axtarması elmi-texniki inkişafa təkan verməklə yanaşı, vətəndaşları olduqları dövlətlərə ciddi zərbə vurur. Onu da əlavə edək ki, "beyin axını", daha doğrusu, yüksək səviyyəli alimlərin onlar üçün əlverişli yerlərdə yığışması (məsələn, İkinci Dünya müharibəsi ərəfəsində və ondan sonra ABŞ-da toplanması) elmin və texnikanın güclü inkişafına gətirib çıxartdı. Elm və texnika isə elə şeydir ki, bu, yalnız konkret ölkənin malı olaraq qalmır, bütün bəşəriyyət bundan istifadə edir. Misal olaraq kompyuterləri, müasir telekommunikasiyanı, İnterneti, müxtəlif maşınları və başqalarını göstərmək olar. Yəni "beyin axını" bəşəriyyətin bütövlükdə inkişafına səbəb olur və son nəticədə kasıb ölkələr də bundan yararlanır. "Beyin axını" prosesinin iki konsepsiyasının olması barədə fikir səsləndirən tədqiqatçılar onları aşağıdakı ardıcıllıqla sıralayırlar:
1. Bilik və təcrübənin paylanması, yaxud dəyişdirilməsi (Brain exchange). Bu konsepsiyaya görə, beyin miqrasiyasına qoşulan insanlar öz əmək və qabiliyyətlərini yeni müəssisə və transmilli şirkətlərlə paylaşırlar. Bu zaman öz mütəxəssislərini başqasına "icarəyə" verən transmilli şirkət "beyin axını" ilə üzləşmir.
2. Brain Waste - beyin itkisi konsepsiyası. Bu zaman prosesə məruz qalan dövlət öz intellektual potensialını tamamilə itirməli olur. Nəticədə isə öz düşünən beyinlərini itirən dövlət sosial-iqtisadi sahədə geriləməyə məruz qalmaqla yanaşı, həyat səviyyəsinin aşağı düşməsi ilə də üz-üzə qalır. Beyin axını ölkənin iqtisadi tərəqqisini əngəlləyən maneələrdən biridir. Məsələn, Malayziyada beyin axını səbəbindən orta gəlirli ölkə səviyyəsindən yüksək gəlirli ölkə səviyyəsinə çıxa bilmir. Dünya Bankının statistikasına əsasən 25 yaşdan yuxarı xaricdə yaşayan 820 min malaziyalının 31 faizi, yaxud da 260 mini ali təhsillidir. Hindistan isə rəqəmsal infrastrukturu kiyafət qədər yüksək səviyyədə inkişaf etdirib, texnologiya parkları təcrübəsini əsas götürərək beyin axınının qarşısını almağa nail olub. Hələ 1997-ci ildə İranla bağlı aparılan tədqiqatda qeyd edilirdi ki, Amerikadakı universitetlərdə 4 min iranlı professor var. Bu elm adamlarından 500-ü isə ən yaxşı ABŞ universitetlərində təhsil və tədqiqatla məşğul olmaqdadırlar. Beyin axını əsasən üç səbəbdən arzu edilən deyil. Birincisi, ölkə və millətin vəsaitləri hesabına təhsil alıb ölkəyə qayıtmayan, yaxud da ölkədən gedən vətəndaşlar vergi gəlirlərində itkiyə səbəb olur. Halbuki çox vaxt ali təhsilli kadrlar vergi ödəyicilərinin sayəsində təhsil almaq imkanı əldə edirlər. İkincisi, müəllimlərin və həkimlərin xarici ölkələrə miqrasiyası cəmiyyətin digər təbəqələrinə mənfi təsir göstərir. Gələcək nəsillərin təhsili bundan mənfi təsirlənir. Üçüncüsü, beyin axını savadlı kadrların başqa işlərə istiqamətlənməsi ilə bu elmin itkisinə gətirib çıxara bilir. Məsələn, 2008-ci ildə ABŞ-dakı 1936 fəlsəfə doktoru ünvanı olan miqrantdan 38-nin taksi sürücüsü olduğu müşahidə edilib. Bu əsasən, savadlı miqrantların, getdikləri ölkədə dil bilməmələrindən irəli gəlir.
"Beyin axını" prosesi təbii ki, Azərbaycandan da yan keçməyib. Azərbaycandan "beyin axını" daha çox Rusiya, Türkiyə və Qərbi Avropa istiqamətində olub. Dünya Bankının, Dünya İnkişaf Hesabatında (World Development Report, 2013) qeyd edilir ki, Azərbaycan iqtisadiyyatına miqrantların göndərdiyi pul köçürmələri, 2000-ci ildə ÜDM-nin 5,2 faizini təşkil edirdisə, 2010-cu ildə bu rəqəm, 2,7 faiz olmuşdur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı beyin axını statistikasını, ali təhsilli miqrantların, ölkədəki cəmi aktiv ali təhsilli əmək qüvvəsinə faiz nisbəti kimi xarakterizə edir. Buna görə, 2000-ci ildə bu göstərici Azərbaycan üçün 1,8 faiz olub. Bununla yanaşı Dünya Bankının iqtisadçıları tərəfindən Azərbaycanı beyin axınının ən aşağı səviyyədə reallaşdığı ölkələr siyahısına daxil edilib. Bu göstərici ən çox Qana, Mozambik və Kenyada qeydə alınıb. Belə ki, beyin axını bu ölkələrdə 47, 45 və 38 faizdir. Müstəqilliyin ilk illərində Azərbaycanı tərk edənlər arasında Memarlıq və İnşaat Universitetinin keçmiş rektoru, mərhum Qeybulla Qeybullayev olub. Alim Türkiyəyəyə mühacirət etmişdi. Burada elmi fəaliyyətini davam etdirən Q.Qeybullayev Türkiyə baş naziri Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri idi. Kamil Vəli Nərimanoğlu - 1999-cü ilədək BDU-un filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasına rəhbəri də Türkiyəyə köç etmiş azərbaycanlı alimlərdən biridir. Həmin dönəmdə və ondan sonrakı illərdə Kamil Vəli Nərimanoğlu Konya Səlçuq Universitetinin fəxri doktoru adını alır və İzmir, eləcə də Şimali Kipr Yaxın Doğu və Ağdəniz universitetlərində dərs deyir. Hazırda professor Türkiyənin Yedditəpə Universitetində dərs deyir.
Siyahımızda yer alan digər elm xadimi professor Vəli Şahmurovdur. V.Şahmurov 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib. 1978-1990-cı illərdə Bakı Dövlət Universitetində, 1991-1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyində çalışıb. 1997-2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsinin müəllimi olub. 2007-ci ildən isə qardaş ölkənin Okan Universitetində çalışmaqdadır. 100-dən çox əsərin və 10 elmi layihənin rəhbəri olan Şahmurov müstəqilliyin ilk illərində elmin iflası və alimlərin maddi böhranda üzməsi səbəbindən ölkəni tərk edən alimlərdəndir.
"Beyin axını"ndan danışarkən Türkiyədəki Səlcuq Universitetinin professoru, kompüter və elektronika üzrə ilk mütəxəssislərdən olan Novruz Allahverdiyevi də unutmamaq gərəkdir. Hazırda o, Türkiyənin ən çox tələbəsi olan (71000) Səlcuq Universitetində çalışır. Bəzi səbəblərdən ölkəni tərk edən digər dəyərli alim riyaziyyatçı Elman Həsənoğludur. 1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini "Lenin təqaüdü" ilə bitirib. Ondan cəmi bir il sonra elmlər namizədi elmi dərəcəsi alıb, sonradan Ukraynanın Xarkov Universitetində çalışan E.Həsənoğlu fizika-riyaziyyat və radiofizika üzrə sanbalı mütəxəssis kimi tanınır. 1991-ci ildə elə bu universitetdə doktorluq dərəcəsini qazanır. Hazırda qardaş ölkənin İşıq Universitetində fənn-ədəbiyyat fakültəsində matematik bölüm başqanı vəzifəsində çalışır.
Fizika-riyaziyyat elmləri doktoru, professor Vərqa Kələntərov həmkarlarından həm də vətəndə çalışdığı üçün fərqlənir. Türkiyənin Koç Universitetində matematik uzmanı kimi tanınan Kələntərov vətəndə Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunda da fəaliyyətinə xitam verməyib.
Siyahıya əlavə edəcəyimiz daha bir nüfuzlu şəxs isə Türkiyənin Orta Doğu Texnik Universitetinin professoru Həmdulla Mehrabovdur. Mehrabov fizika sahəsində Yaponiyaya uzunmüddətli ezam olunan ilk və tək azərbaycanlı alimdir. Bu səfər çox uğurlu keçmiş, o, buradakı Tokio, Osaka, Kioto, Naqoya, Çukubo, Xirosima, Nara və digər şəhər universitetlərində və elmi-tədqiqat mərkəzlərində elmi araşdırmalar aparmağa nail olub. Bundan başqa, alim-master və doktor tələbələri üçün yüksək səviyyədə dərslər apararaq yaponiyalı həmkarlarının dərin hörmətini qazanır. Hazırda fizika sahəsində dünyanın tanınan alimlərindən biri sayılır. 200-dən çox orijinal elmi məqalənin müəllifi olan alim öz fəaliyyəti sahəsində əldə etdiyi böyük nailiyyətlərə görə gizli səsvermə yolu ilə 2000-ci ildə dünya müsəlmanlarının akademiyası sayılan, İslam Dünyası Bilimlər Akademiyasına həqiqi üzv seçilib.
Azərbaycandan köç etmiş növbəti alim texnika elmlər namizədi Bəxtiyar Siracovdur. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin kompüter təminatı şöbəsinin müdiridir. Alim yuxarıdakılardan fərqli olaraq beyin axınını qurbanına çevrilməyib. O, yenə də işlədiyi yerdə Azərbaycanı təmsil edir və Azərbaycan adına Beynəlxalq Atom Agentliyində fəaliyyət göstərir. 1992-ci ildən Avstriyada yaşayır. Xaricdə təhsil alan tələbə sayının illər keçdikcə artmasını Azərbaycan üçün beyin axını məsələsinə aktuallıq qazandıran amil kimi qiymətləndirmək olar. Hərçənd ki, iqtisadi ədəbiyyatda tələbələr beyin axınının subyektləri kimi qəbul edilməsələr də, məzun olub xaricdə yaşamağa davam edən tələbələrin bu təsnifata daxil ola biləcəyini xüsusi olaraq qeyd etmək lazımdır. Yuxarıda da qeyd edildiyi kimi, beyin axını ilə bağlı göstərici, ali təhsilli miqrantların, ölkədəki ali təhsilli əmək qüvvəsindəki faiz nisbətini hesablayaraq əldə edilir. UNESCO-nun nəşr etdiyi statistika onu göstərir ki, 2010-cu ildən etibarən xaricdə təhsil almağa davam edən azərbaycanlı tələbələrin sayı təqribən 11 mindir. Dövlət Statistika Komitəsinin mənbələrində, 2010-cu ildə Azərbaycan əmək bazarında ali təhsilli işçi qüvvəsi 901 min civarındadır. Ali təhsilli miqrantların sayını müəyyən etmək mövcud statistiki göstəricilərlə mümkün deyil. Axırıncı dəfə, 2000-ci il üçün hesablanan bu göstəricinin yenidən hesablanması cəmi azərbaycanlı miqrantlar içərisində ali təhsilli olanların müəyyənləşdirilməsi ilə mümkündür. Dövlət Statistika Komitəsinin institusional strukturunda bu barədə yeni əlavələrin edilməsi məqsədəuyğun olardı. Qonşumuz və qardaş ölkə olaraq sadəcə Türkiyədə özəl sektor 1,3 milyon ixtisaslı kadr axtarır. Bu səbəbə görə Türkiyə hökuməti cari ildə xaricdən gələcək işçi miqrantların sayını artırmaq fikrindədir. Dünyanın digər inkişaf etmiş ölkələrini nəzərə aldıqda isə beyin axını ilə bağlı statistikanın nə qədər əhəmiyyətli olduğu bir daha bariz olaraq görünür. Çünki dünyada uzun müddətdir "istedadları qazanma üzrə yarış" müzakirə edilir.

Ülviyyə Tahirqızı