Astanada “Böyük Çöl“ I Sosial Elmlər Forumu keçirilib Hadisə

Astanada “Böyük  Çöl“ I Sosial Elmlər Forumu keçirilib

Azərbaycandan millət vəkilləri tədbirə qatılıblar

Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Astanada "Böyük Çöl" I Sosial Elmlər Forumu keçirilib. Türkdilli ölkələrin müstəqillliyinin bərpa olunmasın 25 illiyinə və Türk yazısı gününə həsr olunmuş Forumda Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalikova,Türkiyə Elmlər Akademiyasının prezidenti Ahmed Cavad Acar, Türkiyənin UNESKO üzrə Milli Komissiyasının sədri Ocal Oğuz və eləcə də dünyanın 20 ölkəsindən dəvət olunmuş türkoloqlar, iqtisadçılar, alimlər və ictimai-siyasi xadimlər iştirak ediblər.
Tədbirdə Azərbaycandan Milli Məclisinin deputatları, AMEA vitse-prezidenti İsa Həbibbəyli, fəlsəfə doktoru Cavanşir Feyziyev, Azərbaycan İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, AEMA-nın müxbir üzvü Möhsün Nağısoy, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov və digərləri təmsil olunub.
Qonaqlara əvvəlcə Beynəlxalq Türk akademiyasının təşkil etdiyi kitab sərgisi təqdim olunub. Akademiyanın çap etdiyi 50-dən çox kitabın sırasında Azərbaycandan Milli Məclisin deputatı Cavanşir Feyziyevin qazax dilinə tərcümə olunmuş " Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı da forum iştirakçılarının marağına səbəb olub.
Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalikova ölkəsinin Türk dünyasına inteqrasiyasından, həyata keçirilən mühüm layihələrdən danışaraq, dövlət başçısı Nursultan Nazarbayevin Forum iştirakçılarına ünvanlanmış müraciətini səsləndirib. Beynəlxalq Türk Akademiyasının "Böyük Çöl" I Sosial elmlər Forumunda Türk dünyasına töfhələr vermiş, türkologiya elmi sahəsində uğurları ilə seçilən, xalqlar arasında humanitar əlaqələrin möhkəmləndirilməsində önəmli rol oynayan insanlardan bir neçəsinə, görkəmli qazax yazıçısı Oljas Süleymenova, Özbəkistan Elmlər Akademiyasının akademiki Əhmədalı Əsgərova, Türk Şurasının Ağsaqqallar şurasının sədri Adil Axmetova, Moskva Dövlət Universitetinin Afrika və Asiya ölkələri İnstitutunun professoru Dmitri Mixayloviç Vasiliyevə TWESCO-nun Qızıl medalı təqdim olunub.
Tədbirdə iştirak edən Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov Azərbaycanın dostu Oljas Süleymenovun 80 illik yubileyi münasibəti ilə Azərbaycan Prezidentinin imzaladığı təbrik məktubunu və Fəxri Diplomu yazıçıya təqdim edib.
Türk dövlətlərinin Müstəqilliyinin 25 illiyi, İlk Bakı Türkoloji Qurultayıının keçirilməsinin 90 illiyi, eləcə də türk dünyasının əfsanəvi sufi alimi Xoca Əhməd Yassəvinin dünyadan köçməsinin 850 illiyi, Əhməd Balasaqunun 1000 illiyinə həsr olunmuş panel müzakirələrində Amerika, Almaniya, Yaponiya, Çin, Cənubi Koreya, Türkiyə, MDB ölkələri və Böyük Britaniyadan gəlmiş 200-dən çox alim və türk dünyasının tədqiqatçıları iştirak edib.
İlk panel iclasında çıxış edən deputat Cavanşir Feyziyev müasir dünyamızda gedən qloballaşma proseslərində türkdilli ölkələr qarşısında dayanan əsas problem və vəzifələrdən danışıb. Millət vəkili müasir dövrün çağırışlarına adekvat cavab verə bilmək üçün türkdilli ölkələr arasında inteqrasiya proseslərinin gücləndirilməsi zərurətini önə çəkib. O, yeni şəraitdə türkdilli ölkələr qarşısında dayanan problemlərin həlli üçün çıxış yolu ola biləcək tezislərini də Forum iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan İqtisad Universitetinin rektoru, Türk Dünyası İqtisadçılar Birliyinin sədri Ədalət Muradov "Avrasiya məkanında əməkdaşlığın yeni platforması: Türk dünyası İqtisadçılar Birliyi" adlı məruzəsində Türk Dövlətləri Birliyi modelində türkdilli ölkələrin iqtisadi potensialının öyrənilməsi və bu ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulaylıb.
Millət vəkili İsa Həbibbəylinin moderatorluq etdiyi panel müzakirələrində isə tanınmış türkoloqların həyat və fəaliyyəti, onların dilçilk sistemində yaratdıqları məktəb və əsərlər haqqında verdiyi məlumatlar Forum iştirakçılarının marağına səbəb olub. AMEA-nın müxbir üzvü, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy ortaq türk dili problemlərinə həsr olunmuş məruzə ilə çıxış edib.
Panellər arası fasilələrdə Azərbaycandan olan millət vəkilləri və türkoloq alimlər dünyanın bir çox ölkələrindən gəlmiş elm adamları ilə ikitərəfli görüşlər də keçiriblər. Forum iştirakçıları Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Xıdıralıya, Qazaxıstanın milli lideri, birinci prezidentinin Kitabxanası və Atatürk adına Mədəniyyət, Dil və Tarix İnstitutunun rəhbərinə minnətdarlıqlarını bildiriblər.