“Hərbi balans 2014” hesabatı yayılıb Hadisə

“Hərbi balans 2014” hesabatı yayılıb

"Ermənistanın hərbi potensialı Rusiyanın hərbi sənayesindən asılı olaraq qalır"

Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu "Hərbi balans 2014" adlı hesabatını açıqlayıb. Hesabatın Cənubi Qafqaza aid hissəsində qeyd edilir ki, bu regionda ən diqqətəlayiq məqam Azərbaycanın hərbi xərcləri artırmasıdır.
Hesabatda bildirilir ki, Azərbaycanın müdafiə büdcəsi 2012-ci ildəki 3 milyard dollardan 2013-cü ildə 3,7 milyard dollara çatdırılıb. Bu vəsait Azərbaycana Silahlı Qüvvələrinə köhnəlmiş cəbbəxanasını yeniləmək imkanı verməlidir.
Hesabatda qeyd edilir ki, Azərbaycan 2012-ci ilədək hərbi texnikanı və silahları Ukraynadan alırdısa, 2013-cü ildən başlayaraq Rusiya üç il müddətində Azərbaycana ümumi dəyəri 4 milyard dollar olan silah və texnika satacaq: "Azərbaycanın hərbi büdcəsinin həmin o 4 milyarddan az olması nəzərə alınarsa, belə bir nəticəyə gəlmək olar ki, qarşıdan gələn üç ildə Bakının hərbi xərcləri indikindən ən azı iki dəfə çox olmalıdır. Azərbaycan bir sıra silahların ölkədə istehsalına da başlayıb və 2011-2012-ci illər arasında yerli istehsal 12 faiz artıb. Hazırda Azərbaycanda 700 adda hərbi məhsul istehsal edilir. Amma buna baxmayaraq qarşıdan gələn illərdə Azərbaycan hərbi-müdafiə məhsullarını xaricdən almaqda davam edəcək".
Hesabat müəlliflərinin fikrincə, hərbi imkanlar baxımından Azərbaycan Ermənistandan xeyli üstündür.
Azərbaycandakı hərbi ekspertlər qeyd edirlər ki, əslində Ermənistan hərbi imkanlarının böyük hissəsini işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşdirib, həmin ərazilərdə cəmlənən hərbi texnika haqqında isə doğru-dürüst məlumat yoxdur.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında da həmin ərazilərdəki erməni qüvvələri haqqında detallı bilgi yer almır. Yalnız o qeyd edilir ki, erməni qüvvələrinin nəzarətində 200-300 tank, o qədər artilleriya qurğusu, 18-20 min nəfərlik canlı qüvvə, kiçik aviasiya qurğuları var: "Müdafiə büdcəsi 447 milyon dollar olan bu ölkənin hərbi potensialı onun müttəfiqi Rusiyanın hərbi sənayesindən asılı olaraq qalır".