ANS-in lisenziyasının ləğvi üçün məhkəməyə müraciət edilib Hadisə

ANS-in lisenziyasının ləğvi üçün məhkəməyə müraciət edilib

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-in lisenziyasının ləğvi üçün məhkəməyə müraciət edib. MTRŞ tərəfindən "ANS Müstəqil Yayım və Media" Şirkətinin 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığının (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmə iddiası hazırlanıb.
İddia baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Qeyd edək ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir) ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.