Diaspor rəhbərinin evinə basqınla bağlı məhkəmə başlayıb Hadisə

Diaspor rəhbərinin evinə basqınla bağlı məhkəmə başlayıb

Saxlanılan şəxslər Rusiya və Şərqi Avropada iri narkomafiyanın üzvləridir

Ukraynanın Luqansk şəhərində ötən ilin noyabr ayında azərbaycanlı iş adamı, keçmiş diaspor rəhbəri Şahin Məmmədovun evinə kütləvi silahlı basqınla bağlı məhkəmə prosesi başlayıb.
Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Luqansk vilayəti üzrə nümayəndəliyindən APA-ya verilən məlumata görə, məhkəməyə qədər basqında şübhəli bilinən daha 5 nəfər saxlanılıb.
Ümumilikdə məhkəmə qarşısına 7 nəfər təqsirləndirilən şəxs çıxarılıb ki, bunlardan biri də əvvəl saxlanılan iki nəfərdən biri olan milliyyətcə ermənidir. Məhkəmə zamanı hadisənin istintaq zamanı üzə çıxan təfərrüatları da açıqlanıb. Məlum olub ki, saxlanılan şəxslər Rusiya və Şərqi Avropada iri narkomafiyanın üzvləridir. Ş.Məmmədovun evinə silahlı basqının səbəbi təsadüfən həmin axşam orada toplaşmaları və iş adamının onları oradan uzaqlaşdırma istəyi ilə izah olunsa da, hadisənin mahiyyətində azərbaycanlı biznesmenin oğurlanması məqsədi olduğu açıqlanıb. Oğurluğa cəhdin hansı məqsədlə olması isə hələ açıqlanmır.
Məhkəmə prosesi gələn həftə davam edəcək.
Qeyd edək ki, ötən il noyabrın 16-da axşam saatlarında Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və tanınmış iş adamı Ş.Məmmədovun evinə maskalı şəxslər tərəfindən silahlı basqın olub. Baş vermiş atışma nəticəsində Ş.Məmmədovun özünümüdafiə məqsədilə icazəli silahından açdığı atəşdən basqınçıların biri ölüb. Hadisədən dərhal sonra milis Ş.Məmmədovu oğlu ilə birgə həbs edib. Bir gün sonra oğlu sərbəst buraxılsa da, şəxsi silahından açdığı atəş nəticəsində atışmada adam öldürdüyü üçün Ş.Məmmədov barəsində məhkəmə 3 aylıq həbs-qətimkan tədbiri seçib, ötən ay isə bu müddətin daha iki ay uzadılması ilə bağlı qərar qəbul edib. Onun evinə basqın edən dəstə üzvlərindən biri milliyyətcə rus, digəri erməni olmaqla 2 nəfər çox keçmədən saxlanılıb.
Xatırladaq ki, Ş.Məmmədov Ukraynada və Türkiyədə iri kərpic zavodlarının sahibidir.