Qulam Yəhyanın xatirələri Hadisə

Qulam Yəhyanın xatirələri

I yazı

Danişian Qulam Yəhya oğlu 1906-ci ildə Sərab mahalının Əskərabad (Əsgəvar) kəndində yoxsul kəndli ailəsində anadan olub. Sərab və Miyanada kəndli hərəkatının bilavasitə iştirakçısı olub, Hezbe Tudeyi İranın Sərab, sonra isə Miyana təşkilatına başçılıq edib, 1945-ci ilin sentyabrında yenicə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulub, Firqənin I qurultayında iştirak edib, Mərkəzi Təftiş Komissiyasının üzvlüyünə seçilib, Miyanada başlanan hərəkata rəhbərlik edib və hərəkatın qələbəsinə nail olub.
Q.Yəhya 21 Azər hərəkatının rəhbərlərindən biri kimi S.C.Pişəvərinin göstərişi ilə Təbrizə gəlib, Təbriz jandarm idarəsinin alınmasında əsas rol oynayıb. Milli hökumət təşkil edildikdən sonra xalq qoşunları nazirinin müavini seçilib, Zəncan fədailərinin rəhbərliyi S.C.Pişəvəri tərəfindən ona tapşırılıb. Zəncan cəbhəsinin başçısı olduğu dövrdə Mürtəzəvi, Həsən Nəzəri və Hidayət Hatəmi ilə birlikdə Zülfüqari silahlı bandasını zərərsizləşdirib və Azərbaycan ərazisinə soxulmaq istəyən digər silahlı dəstələrin qarşısını alıb. Zəncan fədailəri Azərbaycana durmadan hücum edən silahlı bandaların qarşısını almaqla yanaşı, Azərbaycan Milli hökumətinə qarşı vuruşan mülkədarların torpaqlarını pulsuz olaraq kəndlilərə paylayıblar. Azərbaycan Milli hökumətinin bir illik fəaliyyəti Azərbaycanda siyasi sakitliyin yaranması, Azərbaycan dilinin rəsmi dövlət dilinə çevrilməsi prosesində Azərbaycan fədailəri, o cümlədən Zəncan fədailəri əsas rol oynayıblar.
Qulam Yəhya S.C.Pişəvərinin silahdaşlarından biri olub. O, bacarıqlı, ləyaqətli siyasi və ictimai xadim kimi təkcə Zəncan cəbhəsində deyil, Ərdəbil və Urmiyə şəhərlərində də fəaliyyət göstərən fədailərlə də vaxtaşırı görüşür və Zəncan cəbhəsində gedən döyüşlər haqqında onlara məlumat verirdi. Tehran-Təbriz sazişinə əsasən Zəncan Tehrana təhvil verilir. Bununla bağlı olaraq Miyana şəhəri fədailərin mərkəzinə çevrilir, 1946-cı ilin dekabrın 10-na qədər şah qoşunlarına qarşı müqavimət göstərir...
Qulam Yəhya mühacirət illərində də Azərbaycan Demokrat Firqəsinin görkəmli rəhbərlərindən biri kimi çoxsaylı mühacirlərin Azərbaycan Respublikasında yerlərdirilməsini öz üzərinə götürür. Elə buna görə də Qulam Yəhya mühacirlər arasında tanınmış şəxsiyyət kimi firqənin yüksək rəhbər mövqelərindən birini tutur, 1958-ci ildən firqənin sədri seçilir, 1979-cu ilə qədər həmin vəzifədə çalışır, ömrünün sonuna kimi firqənin fəxri sədri olur.
Qulam Yəhya 2006-cı ildə Bakıda vəfat edib.

"Xalq Cəbhəsi" qəzetinin sayğılı oxucularına Qulam Yəhyanın xatirələrini təqdim edirik.
***
Ümumiyyətlə, həyatda adi adamların yaşadığı dövr üçün müəyyən xatirələri olur. Belə xatirələr insanların həyatları kimi də müxtəlif olur. Bəziləri keçmişlərini yada salmaqla sevinir və bəziləri də keçmişlərini yada saldıqca xəcalət çəkir.
Dediklərimizi yekunlaşdırsaq, qeyd etməliyik ki, hər kəs öz keçmişini yada saldıqca bir cür hisslər keçirir. Onu da qeyd edək ki, müasir dövrdə, yəni müxtəlif sistemlərin, müxtəlif quruluşların, müxtəlif sinif və təbəqələrin, müxtəlif əqidə və səliqələrin mövcud olduğu dövrdə ümumiyyətlə, "yaxşı adam" olmaq, hamının istəklisi olmaq, hamının xoşuna gəlmək, hamı üçün müsbət şəxs olmaq mümkün deyil.
Deməli, müəyyən yaşa çatmış və həyat təcrübəsi olan adamların başqalarına deyə biləsi müəyyən xatirələri olur. Mənim xatirələrimə gəldikdə, deməliyəm ki, onların çoxu təşkilati işlər, Vətənimizdə baş verən hadisələr, ölkəmizin tarixi və xalqımızın nailiyyətləri ilə bağlı olan hadisələri bir daha yada salmaq, müəyyən hadisə və tədbirlərin mümkün qədər mahiyyət və məqsədlərini aydınlaşdırmaq, izah etmək, xüsusilə, cavan nəsil üçün keçmişlərdən söhbət açmaq, hadisələrin səbəb və nəticələrini aydınlaşdırmaq məqsədi daşıyır.
Onu da deyim ki, mən heç vaxt gündəlik yazmamışam və belə bir iş görmək fikrində də heç vaxt olmamışam. Onu da deyim ki, belə bir iş üçün imkanım da olmayıb. İndi xatirə yazarkən mənim özümlə əlaqədar olan, daha doğrusu, özümün iştirakçısı olduğum və bəzən iştirakçısı olmasam da, görüb hiss etdiyim hadisələri bir daha yada salıb, onların bəzilərini heç bir şey əlavə etmədən olduğu kimi və yadımda qaldığı şəkildə kağız üzərinə gətirirəm.
Hər halda onu da nəzərə almaq lazımdır ki, üzvü olduğumuz təşkilat özünün mövcudiyyəti dövrünün böyük hissəsini gizli şəraitdə keçirib. Ona görə də bütün hadisələri olduğu kimi tam şəkildə vermək hələlik mümkün olmayan hadisələrin üzərindən keçmək məsləhətdir. Doğrudur, belə hadisə və tədbirlər o qədər də çox deyil. Hər halda yox da deyil. Ancaq onu da qeyd edim ki, elə hadisələr yoxdur ki, onların heç vaxt qeyd edilməsi mümkün olmasın.
Təşkilatın açıq fəaliyyəti zamanı, yoldaşların müəyyən təhlükəsizliyi aradan qalxdıqdan sonra onların hamısını təşkilati sənədlərdən götürmək olar.
Mən - Danişian Qulam Yəhya oğlu 1906-ci ildə Sarab mahalının Əskərabad (Əsgəvar) kəndində yoxsul kəndli ailəsində anadan olmuşam. Ailəmizdə məndən başqa iki qardaşım və üç bacım olub. Qardaşlar erkən ölüb, (onlar atamla o zaman Rusiyaya gəlib və oradaca ölüblər) bacılarım kənddə ailə qurub orada qalıblar. Atamın dediyinə görə babamın vəfatından sonra onun borclarını ödəmək və ailəsinə çörək pulu əldə etmək məqsədilə Bakıya gəlib, oradan da Rusiyanın başqa yerlərinə işləməyə gedib. Atam ümumiyyətlə, savadsız olsa da, ömrünün 60 ilini fəhləlikdə keçirdiyi üçün bir növ fəhlə qazanında qaynayıb, siyasi cəhətdən özünə görə yetişməsində böyük rolu olub. O, ömrünün 102 ilinin (1862-1964) 75 ilini daim zəhmətdə keçirib.
Mən uşaqlıq dövrümü kənddə keçirib, 1918-ci ildə anamla birlikdə Bakıya atamın yanına gəlmişəm. O zaman atam Balaxanı neft mədənlərində fəhlə işləyirdi. Atam düzlüyü, qayğıkeşliyi və zəhmətkeşliyinə görə iş yoldaşları arasında böyük hörmətə malik idi.
Ailənin yaşayış xərcinə kömək etmək məqsədilə 1920-ci ildə çilingər şagirdi işləməklə 14 yaşından əmək fəaliyyətinə başladım və bir qədərdən sonra çilingər işlməyə, bu vaxtlardan da axşam fəhlə gənclər məktəbinə daxil olub oxumağa başladım. Bu zaman Azərbaycanda, xüsusilə Bakıda çalışan müxtəlif millətlərdən olan fəhlələrin həyat şəraiti ilə tanış oldum və 1920-ci ilin yazında Azərbaycanda Sovet hakimiyyəti qurulmasında fəhlələrin fəaliyyətinin şahidi oldum. Fəhlə birliyi, fəhlə həkəkatı, bir sözlə, fəhlə əhval-ruhiyyəsi mənim formalaşmağımda böyük və həlledici rol oynadı.
Sənəti tez qavramağım və fəhlə yoldaşlarım arasında fəaliyyətim və davranışım onların mənə qarşı münasibətlərinin daim yaxılaşmasına səbəb olduğu üçün onlar məni mədən fəhlələrinin həmkarlar ittifaqının məsulu seçdilər. Hər halda mən yaşda adam üçün belə bir məsuliyyətli vəzifə söz yox ki, tez idi. Nə isə işə başladım, hər şeyi öyrənmək, hər şeyə yetişmək, hamıya kömək etmək və başqa bu kimi tədbirləri yerinə yetirməyə çalışırdım. Bu dövrə aid iki epizodu demək istəyirəm. Bir dəfə yuxarı məqamlardan gəlib, fəhlələr içərisində iclas aparırdılar və mənə də danışmaq üçün söz verdilər. Mən ayağa qalxıb tribunanın arxasından klubda əyləşənlərə baxdıqda başım hərlənməyə başladı və təkcə "Yoldaşlar!"-deyib, zaldakılara müraciət etdikdən sonra müvazinətimi saxlaya bilmədiyim üçün yenidən öz yerimə qayıyıb oturmaq istədikdə yerimi tapa bilmədim.
Yadımda qalmış ikinci bir epizod bundan ibarətdir ki, bir dəfə bir nəfər idarə işçisi (müəyyən vəzifəli şəxs) mədənə gəlib, fəhləni söhbətə tutur, ondan nə isə soruşur. Ona nə isə deyir, nə isə tapşırıq verir, bu zaman fəhləni məşğul etdiyinə görə quyudan çıxan nefti vaxtında fəhlə boşaltmadığına görə neftin bir hissəsi boçkadan yerə gedir. Bunu görən yaşlı, savadlı mədən rəisi fəhləni işdən qovur. Onda mən həmkarlar ittifaqının nümayəndəsi, fəhlənin müdafiəçisi kimi işə qarışıb rəisdən tələb etdim ki, fəhlənin böyük ailə sahibi olması və çoxdan işləməsini nəzərə alıb, yenidən işə qaytarsın. Rəis xahiş növlü tələbimi qəbul etmədikdə mən dedim ki, onda o biri şəxsi də işdən çıxarmaq lazımdır, ona görə ki, o, fəhləni söhbətə tutub, onu məşğul etməsəydi, bu hadisə də baş verməzdi. Söz yox ki, rəis bunu etməzdi və rədd cavabı verdikdə, onda mən məsələni qətiləəşdirib tələb etdim ki, fəhlə hökmən öz işinə qaytarılmalıdır.
Rəis çox təmkinli, savadlı və işi yaxşı bilən bir rus idi. O, mənə, mənim hərəkətimə, belə tələbimə baxıb, çox soyuqqanlıqla dedi ki, "Sənin belə sözlər danışmağın hələ tezdir, bığların belə çıxmayıb".
Bu söz mənə çox bərk təsir etdi. Mənə elə gəldi ki, rəis çox kobud, laqeyid, insafsız və ümumiyyətlə, çox pis adamdır. Ona görş də mən heç kəslə məsləhətləşmədən həmkarlar ittifaqının iclasını çağırdım və işçi yoldaşlarıma bildirdim ki, mən işin öhdəsindən gələ bilmirəm. Ona görş də özünüzə bir başqa həmkarlar ittifaqı məsulu seçin. Fəhlələrin bir çoxu işin gedişinin şahidi idilər. Odur ki, onlardan qəzəblənib, mədən rəisinin işdən qovulmasını tələb etməyə başladılar. Nəhayət, mədən partiya təşkilatı işə qarışlb, hər işi öz qaydasına qoydu. Fəhlə nəinki işə qaytarıldı və rəis məndən üzr istədi. Mənim ilk fəhlə mənafeyini qorumağım qələbəmlə qurtardı.