Xidmətdə təmizləmə prosesi aparılır Hadisə

Xidmətdə təmizləmə prosesi aparılır

Mədət Quliyev: "Cinayətkarların, casusların məhv edilməsi istiqamətində tədbirlər görülür"

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev son zamanlar ölkəmizdə baş verən bir sıra məsələlərə aydınlıq gətirib. Sputnik xəbər verir ki, bir neçə gün əvvəl reket fəaliyyəti ilə əlaqədar saxlanılmış jurnalistlərdən bəhs edən DTX rəisi, son 10 ildə bəzi jurnalistlərin qeyri-qanuni fəaliyyətlə məşğul olduqlarını deyib.
"Həmin jurnalistlər müəyyən vəzifəli şəxslərlə, onların övladları ilə bağlı qeyri-qanuni çəkilişlər aparıblar və onlardan pul tələb ediblər. Bununla bağlı cinayət işi başlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu işə hüquqi qiymət veriləcək", - deyə Mədət Quliyev bildirib. O, bu il ərzində DTX-da aparılan təmizləmə işləri nəticəsində 500-dən artıq əməkdaşın xaric olunduğunu bildirib. Rəisin sözlərinə görə, xidmətdən xaric olunan işçilərdən 20 nəfərdən çoxu barəsində cinayət işi başlanıb. Mədət Quliyev son dövrlər populyar olan "qara bazar"la bağlı məsələlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, "qara bazar"la bağlı proseslər bütün dünyada gedir: "Azərbaycanda hər bir proses açıq şəkildə həyata keçirilir".
"Təbii ki, burada da "qara bazar" var idi. Ölkə Prezidentinin tapşırığı ilə bununla əlaqədar məruzələr hazırlanıb və tədbirlər həyata keçirilib. Müxtəlif cinayət işləri qaldırılıb, müəyyən adamlar artıq saxlanılıb. Digərlərinin saxlanması istiqamətində addımlar atılır. Bu istiqamətdə araşdırmalar aparılır, şübhəli şəxslər var", - deyə xidmət rəisi qeyd edib. Mədət Quliyev ölkəmizə qarşı müxtəlif təhlükə və təhdidlərin olduğunu da deyib. O qeyd edib ki, ölkə Prezidentinin dəstəyi sayəsində milli təhlükəsizlik orqanları tərəfindən bütün bunların qarşısı lazımi səviyyədə alınır. "Bölgələrdə qısa zamanda müxtəlif təhlükəsizlik əməliyyatları həyata keçirilib. Cinayətkarların, casusların məhv edilməsi istiqamətində tədbirlər görülür. Əməkdaşlarımız onları saxlayan zaman silahlı müqavimətlə rastlaşıblar və qətiyyətlə onların qarşısını alıblar".