“ASAN Viza“ portalı ictimaiyyətə təqdim edilib Hadisə

“ASAN Viza“ portalı ictimaiyyətə təqdim edilib

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, operativlik və şəffaflığın təmin edilməsi məqsədilə yaradılan "ASAN Viza" portalı ictimaiyyətə təqdim edilib.
Portalın təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, hazırda test rejimində işləyən portal gələn il yanvarın 10-dan etibarən tam istifadəyə veriləcək:
"Artıq əcnəbilər evlərindən çıxmadan, növbə gözləmədən, sənədlər toplamadan onlayn müraciət edərək viza əldə edə biləcəklər. "ASAN viza" sisteminin yaradılması ilə elektron vizanın alınması vahid sistemdən həyata keçiriləcək. Bu proses 3 addımdan ibarət olacaq. Elektron vizalar 3 iş günü ərzində təqdim ediləcək".
Agentlik sədri qeyd edib ki, ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birdəfəlik elektron viza almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra onun vizası 3 iş günü müddətində elektron poçt ünvanına göndəriləcək.
Viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir. Bu rüsum vizaya baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır.
Elektron viza müraci¬ətlərinin bir nəfərlik¬, ailə (ən azı 2, ən çox 10 nəfər) və qrup (ən azı 10, ən çoxu 300 nəfər) şəklin¬də edilməsi nəzərdə tutulur.
İ.Kərimov onu da əlavə edib ki, bu günədək "ASAN xidmət"ə 13 milyondan çox vətəndaş müraciət edib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98-100 faizdir: "Elektron xidmətlərin bütün sahələrdə inkişafı vacibdir. Elektron xidmətlərə keçidin təmin olunması dövlət üçün priotitet sahədir".