“Təhsil sahəsində yeni mərhələyə qədəm qoyulub” Hadisə

“Təhsil sahəsində yeni mərhələyə qədəm qoyulub”

Hikmət Babaoğlu: "Təhsilə ictimai inamı bərpa etmək üçün müəyyən addımlar atılmalıdır"

"Təhsil ümumi və dərin strateji məsələ olduğuna görə ictimai rəydə onun keyfiyyəti ilə bağlı düzgün fikir formalaşmalıdır".
Bunu millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, artıq təhsil sahəsində yeni mərhələyə qədəm qoyulub və bir müddət sonra təhsil sahəsi üzrə ictimai şübhələr aradan qalxacaq: "Heç kəsdə şübhə qalmayacaq ki, müəllim hansısa məqsədlə tələbənin qiymətini kəsib və yaxud tələbə nəyə arxayın olaraq dərslərini oxumayıb. Əlbəttə, bu, bir qədər sonra olacaq. Amma bugünkü mərhələdə gələcəkdə düşündüyümüz ictimai inamı bərpa etmək üçün müəyyən addımlar atılmalıdır".
Hikmət Babaoğlu əlavə edib ki, ictimai etimad və inam cəmiyyətin sosial sistemini, müxtəlif sahələri bir-birinə bağlayır, ona görə də cəmiyyətin bütün sferalarında, xüsusən təhsil kimi həssas bir sahədə mütləq müəllim-tələbə, müəllim-valideyn arasında ictimai etimad olmalıdır: "Nə valideyn, nə də tələbə şübhə etməməlidir ki, müəllim onun qiymətləndirilməsində qeyri-obyektiv kriteriyalara istinad edə bilər. Hazırda bu mərhələni keçirik və inanıram ki, bu Azərbaycan təhsilinin gələcək inkişafına töhfələr verəcək".