Azərbaycanda zəlzələ baş verdi Hadisə

Azərbaycanda zəlzələ baş verdi

Geologiya İnstitutu: "Harahat olmağa əsas yoxdur"
Dünən saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində baş verən zəlzələnin gücü episentrdə 6 bala yaxın olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, yeraltı təkanlar respublika ərazisində 5-3 bala qədər hiss edilib. İnsan itkisi və tikililərdə dağıntı yoxdur.
APA-ya açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov bildirib ki, zəlzələ baş verən ərazilərdə çoxdan müəyyən proseslər baş verirdi: /Ərəbistan və Avrasiya plitəsi Qafqaz ərazisində toqquşurlar. Bu toqquşma nəticəsində yer üstünün horizontal sürətlərini ölçməklə biz müəyyənləşdiririk ki, hansı ərazilərdə potensial olaraq enerji toplanır. Enerji toplanan, sıxıma, gərilmə olan yerlərdə zəlzələ ola da bilər, olmaya da bilər.
"Həmin ərazidə toplanan bu enerji üzə çıxmalı idi. Tarixən Şamaxı, Abşeronun cənubu zəlzələnin olması üçün ən seysmik yerlərdir. Yerlərdə belə gərginliklər toplananda zəlzələnin olma ehtimalı gözlənilir. Amma onun nə vaxt olacağını heç kim bilmir. Belə zəlzələlər hər zaman Azərbaycanda ola bilər. Amma biz potensial yerləri bilirik ki, harada ola bilər. Zəlzələdən də qorunmaq lazımdır. Biz təbiət hadisələri ilə birgə yaşamağı öyrənməliyik. İnsanlar bu halda təlaş keçirməməli və vəziyyətə uyğun olaraq özlərini normal şəkildə aparmağı bacarmalıdırlar".
Zəlzələdən sonra növbəti zəlzələlərin, afterşokların ola bilmə ehtimalına gəlincə, Fəxrəddin Qədirov bildirib ki, fevralın 10-da qeydə alınan yeraltı təkan mainşok, yəni böyük bir təkan olub. Onun sözlərinə görə, bundan əvvəl xırda-xırda təkanlar qeydə alınıb: "Amma bu mainşok, yəni "ana zəlzələ" idi. Bunun ardınca zəif təkanlar ola bilər, amma qorxulu deyil. Əgər bu 60 kilometrə yaxın dərinlikdə olan zəlzələni normal şəraitdə ötüşmüşüksə, deməli hər şey yaxşıdır. Narahat olmağa heç bir əsas yoxdur. Baş verən zəlzələnin maqnitudası 5.6-dır və bu da ana təkandır. Bizim zonada 5.6 bal gücündə zəlzələdən sonra yenidən 7 və ya daha yüksək gücdə zəlzələ baş verməyib".