Türk ailəçiliyi Hadisə

Türk ailəçiliyi

Sosioloq Əhməd Qəşəmoğlu: "Azərbaycanın ailə modelini bütün dünyada təbliğ etmək lazımdır"
BMT-nin narahatlığı: "Bir çox kişilər atalıq məsuliyyətini öz üzərinə götürməkdə çətinlik çəkirlər"

Hər il dünyada 15 may - Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycan ailəçiliyi xəlqi tələb səviyyəsində varolma biçimini nə yaxşı ki, bu gün də əhvallarda qorumaqda, yaşatmaqdadır. Baxmayaraq ki, ardıcıl olaraq milli ailəçilik modelinə qarşı basqılar davam edir. Hədən türk üçün ailə bunca dəyərlidir? Hədən çağdaş dünyanın əsas hədəflərindən biri ailədir? Çünki insanın həyat, dünya, özü haqqındakı bütün gözəl düşüncələri ailə quruculuğunda gerçəkliyini tapır. Güclü ailəçilik millətin və dövlətçiliyin təsdiqi, əbədi yaşarılığı olur əslində.
BMT-nin iki il öncə müraciətində bu günün "Atalar və ailələr: məsuliyyət və çətinliklər" mövzusunda keçirildiyi qeyd olunur və bütün dünyada ataların ailə və uşaqların həyatında olan mühüm rolu diqqətə çatdırılırdı: "Bir çox kişilər atalıq məsuliyyətini öz üzərinə götürməkdə çətinlik çəkirlər. Bu, tez-tez ailə və ümumilikdə cəmiyyət üçün mənfi nəticələrə gətirib çıxarır. Bir çox atalar ailədə zorakılıq hallarına yol verərək hətta təhqirlərə belə əl atırlar, bu da ailənin dağıdır və uşaqlarda dərin fiziki və emosional izlər qoyur. Beynəlxalq səviyyədə, əksər hallarda atalar miqrasiya səbəbindən öz ailələrindən ayrılmaq məcburiyyəti qarşısında qalırlar".
Ailə niyə bu dərəcədə gərəklidir? Çünki insanın birgəyaşayış prinsipinin ideal, bənzərsiz biçimidir. Ailəsiz insan, xalq, bəşər yox kimidir əslində. Ailə bəşəriyyətin ən böyük kəşfidir. Çox zaman birgəyaşamın bu ilahi, bənzərsiz biçimi insanlar tərəfindən hələ də sözün gerçək mənasında ciddi, yaşarı səviyyədə qarşılanmır, dərk olunmur. Məhz bu səbəbdəndir ki, ailə janrı son onillərdə davamlı basqılara məruz qalmaqdadır.
Ailə hər şeydən əvvəl millətin özünütəsdiqinin başlanğıcı hesab edilə bilər. Azərbaycanda ailəçiliyin qədim ənənələri mövcuddur. Tarixən ölkəmizdə ailə ənənələri möhkəm, davamlı olub. Zamanlar dəyişib, ancaq həmin ənənələr bu gün də demək olar, dəyişməz qalır. Ancaq son 20-25 il ərzində azərbaycanlıların ailə həyatında ciddi problemlər müşahidə edilməkdədir. Dünyanın bir tərəfində baş verən hadisə az sonra o biri tərəfində insanlarda reaksiya doğurur. Bunun zərbəsi isə ilk növbədə ailələrə, həmin ailələrdə böyüyən uşaqlara dəyir. Sözügedən məsələ gənc ailələrin ömründə daha ağrılı izlər yaradır. Zamanın bütün dəyişkənliyinə, ziqzaqlarına davam gətirmək, ailəni qorumaq, milliliyin tələblərinə daim əməl etmək son dərəcə çətin məsələdir. Müxtəlif yönlü informasiyalar ailələrdə stresslərə də səbəb olur. Gənc ər-arvad nə qədər güclü olmalıdırlar ki, belə hallar onlara qətiyyən təsir edə bilməsin. Cəmiyyətdəki sosial-iqtisadi dəyişikliklər cəmiyyətin özəyi olan ailələrdə müxtəlif əhvallar yaradır. Gənc ailələrin bir qrupu var ki, onların valideyn sarıdan təminatı yüksəkdir, eləsi də var, təminat orta həddədir. Bir qrup ailələrin cəmiyyətdə xüsusi qabiliyyəti və xüsusi mövqeyi olmadığından daha çox maddi problemlərlə qarşılaşırlar. Cəmiyyətdə bu gün belə ailələr üstünlük təşkil edir. Yüksək təminatlı ailələrin də problemləri var: belələrinin problemləri iqtisadi məsələlər deyil. Yeni yaranan ailələrin anlaşa bilməməsi, xarakterlərində bir çox hallarda uyğunluğun olmaması bu qəbildəndir. Professor Hadir İsmayılovun fikrincə, Azərbaycanda ailəçilik ənənələri başqa millətlərlə müqayisədə güclüdür. Gənc ailələrin təməlinin möhkəm olması valideynlərdən çox asılıdır: "Hər bir evlənmək istəyən gənc kişi ailə quracağı halda böyük məsuliyyət daşıyacağını yaxşı dərk etməlidir".
Təəssüf ki, bu gün evlənənlərə dəbdəbəli cehiz verilməsi problemi valideynlərin öz boğazlarına keçirdikləri "ilgək"dir. Dəbdəbəli toylar edilir, ailələr borca girməli olur, nəticədə bu yükün böyük ağırlığı istər-istəməz gənc evlənənlərin çiyninə düşmüş olur. Bu, qanadları hədsiz kövrək olan gənc ailələrin problemlərini daha da artırır, ailədə qovğaların, qalmaqalların, dedi-qoduların yaranmasının əsasını qoyur.
Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, bu gün Azərbaycanda ailə problemlərinə yanaşmaq məsələlərində kifayət qədər problemlər, hətta yanlışlıqlar mövcuddur. Məhz sözügedən yanlışlıq baxımından Azərbaycanda ailəçilik problemlərinə münasibətdə ziddiyyətlər mövcuddur. İlk baxışda gender mövzusu cəlbedici görünür. Burada əsas məsələ bütün instansiyalarda kişilərlə yanaşı qadınların hüquq bərabərliyinin təmin edilməsidir. BMT səviyyəsində belə qadın-kişi münasibətləri məsələsində bərabərlik xüsusi şəkildə qeyd edilib. Gender məsələsi Qərb ailəçiliyinin xüsusiyyətlərini Şərq ailəçiliyinin daxilinə yeridilməsinə əsaslanır. Əslində bu gün dünyada ailəçiliyin qorunması yönündə bir əsas məsələ diqqət mərkəzində durmalıdır. Yəni necə etməli ki, ailələrdəki harmonik hal heç vaxt pozulmasın. Ancaq əksinə, olduqca süni şəkildə ailədə qadın-kişi hüquqlarının bərabərliyi məsələsi pafoslu şəkildə qabardılır; çox zaman isə bu hüquq bərabərliyinin nədən ibarət olması bilinmir, ¬müəyyən məqamlarda mücərrədlik daha çox qabarır: "O fikirdə deyiləm ki, Azərbaycan ailəsində problemlər yoxdur. Belə problemlər var, özü də kifayət qədərdir. Ancaq bu məsələlərdə Qərbin metodologiyalarına əsaslanmağın əleyhinəyəm. Şərqdə ta qədimdən cəmiyyət ailə prinsipləri üzərində qurulub. Qərbdə hazırda liberalizm yönü daha çox qabarmaqdadır, burada əsas xətt cəmiyyəti fərd üzərində görməkdən ibarətdir. Əgər cəmiyyət fərddən ibarət görünür, bilinirsə, o zaman ailə avtomatik olaraq arxa plana keçir. Azərbaycan daim Qərb dünyasına, Avropaya inteqrasiya olunur, gecə-gündüz telekanallarda Qərb dünyasının əhvalını, psixologiyasını açan, tamaşaçıya çatdıran verilişlər, kinoseriallar, musiqilər, ümumiyyətlə, dünyagörüşləri nümayiş etdirilir".
Bu gün Qərb liberalist dəyərləri ardıcıl şəkildə bizə təqdim edir. İdeoloji cəhətdən müxtəlif dünyabaxışları ilə üz-üzə, göz-gözə durmuşuq: "Qərb dünyasında qadının kişiyə, eləcə də atanın anaya, övladın valideynlərə münasibəti elə səviyyədədir ki, bu, bir şərqlinin qəbul etdiyi çərçivədə deyil. Ancaq əslində Azərbaycanın ailə modelini bütün dünyada təbliğ etmək lazımdır. Azərbaycan ailəsi sadəcə, iki-üç nəfərin ittifaqı demək deyil. 20-30 il qabaqkı azərbaycanlı ailəsi dedikdə ailə və və ətrafı-ata-ana, qaynata-qaynana, çoxsaylı qohumlar, ən başlıcası isə çoxlu uşaqlar göz özünə gəlirdi. Bu insanlar arasında olan doğmalıq telləri o zaman indikindən çox güclü idi. Vaxtilə hesablamışdım, bir ailə ətrafında 150-200-ə qədər doğma insanlar olurdu". Tarixən türk ailəçiliyinin özünəməxsusluğuna çox zərbə dəydi. Sovet dövründə kolxozlaşma, sovxozlaşma, habelə sənayeləşmə prosesində Azərbaycan ailəsi yenə də əzəli ahəngindən ayrı salındı. Bütün çətinliklərə baxmayaraq ailə yaşamalı, xəlqi bənzərsizliyimizin sübutlarından biri - Azərbaycan ailəçiliyi daim var olmalıdır.

Uğur