Özbəkistan azərbaycanlıları Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyib Hadisə

Özbəkistan azərbaycanlıları Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyib

Özbəkistandaki Azərbaycan Milli Mədəniyyət Mərkəzi bu ölkədə yaşayan azərbaycanlılar adından Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndindəki təxribatları ilə bağlı Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa Parlamentinə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə bəyanat ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Xalq Cəbhəsi"nə verilən məlumata görə, bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı bütün dünyada yaşayan azərbaycanlılar kimi Özbəkistandakı azərbaycanlıları da dərindən sarsıdıb.
Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra qətlə yetirilib, Sərminaz Quliyeva isə ağır yaralanıb.
Bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda, Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti öz təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərini pozur, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına dair və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir.
Bəyanatda beynəlxalq qurumlar təcavüzkara qarşı konkret addımlar atmağa, beynəlxalq hüquq normalarına uyğun sərt sanksiyalar tətbiq etməyə çağırılır.
"Biz bu ağır və çətin günlərdə sonsuz kədər və hiddətimizi ifadə edərək, həlak olanların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Bəyan edirik ki, Azərbaycan dövlətinin torpaqlarımızın işğaldan azad olunması, təcavüzkarın cəzalandırılması istiqamətində atdığı bütün addımları dəstəkləyirik. Əminik ki, Azərbaycan dövləti bu qanlı cinayəti törədənlərin layiqli cəzalarını alması üçün bütün zəruri tədbirləri görəcək.
Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır",-deyə bəyanatda vurğulanır.