“Azərbaycanda bütün sahələrdə islahatlar aparılır” Hadisə

“Azərbaycanda bütün sahələrdə islahatlar aparılır”

Məlahət İbrahimqızı: "Demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb"

Musa Quliyev: "Dövlətçilik möhkəmlənir və idarəetmə sistemində daim uğurlu islahatlar aparılır"


"Azərbaycanda bütün sahələrdə islahatlar aparılır, bu islahatların davamlı olaraq həyata keçirilir və ictimaiyyət tərəfindən dəyərləndirilir". Bu sözləri açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb və formalaşdırılıb: "Nazirlər Kabinetindəki təkmilləşdirmə ilə bağlı edilən dəyişikliklər yüksək qiymətləndirilməlidir. Həyata keçirilən hər bir islahat xalqın, dövlətin güclənməsi naminə həmçinin, daha çeviklik və dəqiq işlər görülməsi üçün faydası var. Bu islahatlara Azərbaycan xalqı dəyər verir və davamını gözləyir. Çünki bu islahatların həyata keçirilməsi nəticəsində verilən qərarlar daha sürətli və çevikidarəetməyə hesablanıb. Bu baxımdan Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticəsində vitse-prezidentlər institutunun yaradılması da Azərbaycan dövlətçiliyi baxımından çox əhəmiyyətli bir addım və çevik bir mexanizmdir. Belə demək mümkündürsə, xüsusən hazırda prioritet olan iqtisadi sahədə ölkə prezidentinin qərarlarının dürüst, dəqiq, çevik mexanizmidir".
Deputat Musa Quliyev bildirib ki, Azərbaycan hüquqi dövlət yolunda inamla irəliləyir, inkişaf edir, dövlətçilik möhkəmlənir və idarəetmə sistemində daim uğurlu islahatlar aparılır. M.Quliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlərdə verdiyi sərəncamlarla sonuncu Konstitusiya dəyişikliklərinə uyğun olaraq idarəetmə sistemində, ali icra hakimiyyəti oqranında islahatlar başlayıb: "Əvvəla, vitse-prezidentlik institutu yaradıldı, birinci vitse-prezident təyin oldu və birinci vitse-prezidentin aparatı, iş strukturu formalaşdırıldı və uğurla da fəaliyyət göstərir. Prezidentin növbəti sərəncamı ilə Nazirlər Kabinetində struktur dəyişiklikləri aparıldı, Nazirlər Kabinetinin daha çevik, daha səmərəli və funksional olması üçün çox mühüm tədbirlər həyata keçirildi və bunun da məqsədi idarəetmədə çevikliyi artırmaq, insanlara daha yaxın olmaq, bürokratiyanı aradan qaldırmaq və daha səmərəli və optimal, müasir idarəetmə sistemi qurmaqdır".
Deputat hesab edir ki, bu struktur islahatları davam edəcək: "Yəqin ki, bu islahatlar yerli icra hakimiyyəti orqanlarında da davam edəcək, məhkəmə-hüquq sistemində də çox uğurlu islahatlar aparılır, bələdiyyələrin iş sistemində çevikliyin və operativliyin aparılması ilə bağlı qanunvericilikdə dəyişikliklər edilir. Bütün bunlar hamısı dövlətçiliyimizin uğurudur, dövlətimizin idarəedilməsində insanlara daha yaxın olmaq təşəbbüsüdür və Prezident İlham Əliyevin rəhbərliyi altında bu islahatlar uğurla davam edir və bundan sonra da davam edəcək".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib.